Siyasət

"Biletlər sürətlə satılıb, miqrantlar təşviş içində Rusiyadan qaçır" - Forbes jurnalı

6 Noyabr 2021 19:16
0 Şərh     Baxış: 3 557

Əmək miqrantları bu günlərdə kütləvi şəkildə və təşviş içərisində Rusiyanı tərk etməkdədir. Bu haqda "Forbes" yazır. Bildirilir ki, keçmiş sovet respublikalarından olan əmək miqrantları koronavirus pandemiyasına görə bu ölkədə oktyabrın 28-dən noyabrın 7-nədək elan edilmiş qeyri-iş günlərinə görə öz vətənlərinə dönüblər. "Blaqo Miqrant" şirkətinin rəhbəri İlgiza Yakşibayeva bildirib ki, Moskvada və Sankt-Peterburqda həmin tarixlərdə qeyri-iş günlərinin elan edilməsindən sonra Rusiyadan keçmiş sovet respublikalarına təyyarə biletlərinə tələbat 90 faiz artıb.

"Rusiyada əmək fəaliyyəti ilə məşğul olan miqrantlar əvvəlki lokdaun dalğalarını nəzərə alaraq qorxurlar ki, başqa ölkədə pulsuz-parasız qalacaqlar", - o bildirib.

2019-cu ilin analoji dövrü ilə müqayisədə hazırda biletlərə tələbat 40 faiz artıb. Bunu bilet satışı agentliklərindən birinin direktoru Natalya Anisimimova deyib. Onun sözlərinə görə, əsasən Qırğızıstana, Özbəkistana, Azərbaycana və Ermənistana biletlər sürətlə satılıb.

OneTwoTrip portalında isə Tacikistana bilet sifarişləri sıçrayışla artıb. Amma həmin resursda ən populyar istiqamət Ermənistandır. Tələbatın artması biletlərin qiymətinin də qalxmasına səbəb olub.

"Lokdaun haqda xəbərlərdən sonra biletlər iki dəfə bahalaşıb. Ötən həftə biz vətəndaşları Moskvadan Daşkəndə 20 min, hətta 30 min rubla yola salmışıq. Bu, bir istiqamətə olan biletin qiymətidir", - Anisimova bildirib.

İşə götürənlər isə bu günlərdə tikinti, xidmət, nəqliyyat və logistika sahəsində kadrların kəskin qıtlığından şikayətlənirlər.

Xatırladaq ki, Rusiyada koronavirusa yoluxma və ölüm hallarının kəskin artması hakimiyyəti iri şəhərlərdə qeyri-iş günləri elan etməyə məcbur edib. Vəziyyət daha da pisləşərsə tam qapanmalar da mümkün ola bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.