Siyasət

İranın təbliğat və təxribat mexanizmləri: necə formalaşdırılır, necə idarə olunur?

12 Oktyabr 2021 17:28
Baxış: 2 205

İran  qonşu olaraq Azərbaycana qarşı riyakar davranır.  30 il müddətində Azərbayanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. Qarabağ münaqişəsinin bitməsindən sonra isə iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir,  Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Azərbaycan əsgəri Gorus-Qafan yolunda qanunsuz keçid edən, Xankəndinə qaçaq mal daşıyan İran avtomobillərini saxlayır, beynəlxalq öhdəliklərə  əməl etmələrini, separatizmə dəstək verməyi dayandırmalarını istəyir. İran isə bu qanuni, səmimi tələblərə sərt və əcaib formada reaksiya verir. Ölkənin ali dini rəhbər Seyid Əli Xamneyinin nümayəndəsi  Həsən Amuli Ərdəbildə cümə namazı xütbəsini oxuyur, İranın qüdrətini öyür, onu şirə bənzədir,  Azərbaycanı isə  bu "Şirin quyruğu ilə oynamaqda" ittiham  edir.  "İran öz gücü ilə  Azərbaycanı kül kimi göyə üfürər" deyir   (https://qafqazinfo.az/news/detail/iran-ayetullahi-azerbaycanlilari-tehqir-etdi-video-336667 ). Ardınca Azərbaycan sərhəddinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir.  Bütün bunlara rəğmən,  özünü "islam dövləti", "müsəlman təəssübkeşi",  Azərbaycanın "mehriban qonşusu" kimi təqdim etməyə çalışır. Bu, İran siyasətində yeni hal deyil, dərin tarixi kökləri var. Orta əsr İran-fars şairi Əbülqasım Firdovsinin "Şahnamə"sində təsvir edilən riyakar   hökmdar obrazı, siyasi maxinasiyalar, texnologiyalar, hərbi ritorika İranın  mövcud hakimiyyəti tərəfindən  təkrarlanır.

Müşahidələr göstərir ki, riyakarlıq, yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə siyasi konsepsiyasında yer tutur.  "BBC Travel" İran siyasətində riyakarlığın anatomiyasına dair xüsusi araşdırma aparıb.  "Təərrüf - İranın ədəb-ərkan qaydaları"  başlığı ilə təqdim edilən yazıda göstərilir ki, İran cəmiyyətində anlaşmaz qaydalardan biri də sünii nəzakət formasıdır.  Bu qaydalara görə,  insanlar real istəklərini onun tamamilə əksi olan formada ifadə edirlər. "Hə" əvəzinə "yox", "İstəyirəm" yerinə "istəmirəm" deyirlər. "Təərrüf"-  təvəzökarlıq,  qayğkeş yanaşma mahiyyəti daşıyır. Amma bu etiket  saxtakarlıq üzərində qurulduğu üçün gözdən düşür"-deyə BBC əməkdaşı bildirir  ( https://www.bbc.com/azeri/region-38011577 ).   "Tehranda taksidən düşüb yol haqqı olaraq öncədən  razılaşdığımız  250 min rialı sürücüyə uzatdım. Sürücü təkidlə "almaram" dedi. Çaşıb qaldım, pulu geri götürmək istəyəndə bələdçim Rza izah etdi ki, sən pulu geri qaytarma,  mütləq sürücüyə ver. O, təərrüf edir, nəzakət göstərir, almaram deyirsə də, əksinə, pulu sakitcə bura qoy, get işarəsi verir". BBC eksperti  William O Beeman deyir ki, "Zahirən pozitiv bir məqsəd üçün quraşdırıldığı iddia edilən  bu konsepsiya sui-istifadə niyyətli olduğu üçün mənfi çalar daşıyır. Ən təhlükəlisi isə budur ki, təərrüf təkcə xırda məişt münasibətlərində, dükan-bazar sövdələşmələrində deyil, həm də İran dövlətinin xarici   siyasətində, hətta nüvə danışıqlarında da tətbiq edilir. İran rəsmilərinin sözdə dedikləri ilə əməldə etdikləri uyğun gəlmir".

İranın "hərbi qüdrəti", qondarma  "müsəlman təəssübkeşliyi"

Yaxın və orta şərq coğrafiyasında mövcud olan bütün münaqişələrdə İranın adı keçir.  Elə təəssürat yaradılır ki, "qüdrətli İran dövləti" İslam təəssübkeşliyi göstərir, müsəlman dünyasını təhdidlərdən qoruyur,  İraq, Suriya, Əfanstan, Livan, Yəmən, Fələstin, Bəhreyndə  həmrəylik  formalaşdırıb  imperialist işağla qarşı dayanır. Reallıq isə budur ki,  İranın nə təsvir edilən formada "hərbi qüdrəti" var,  nə də "müsəlman təəssübkeşliyi".   

Ekspertlər qeyd edirlər ki, İranın hərbi büdcəsi son illərdə azalan xəttlə gedir. Məsələn 2017-ci ildə 13,5  milyard dollar olan hərbi büdcə  2018-ci ildə 12 milyard dollara enib. Növbəti illərdə də artım yox, azalma baş verib. Əlavə olaraq, 12 milyard dollar müsəlman dünyasındakı bütün münaqişələrdə təmsil olunmaq üçün yetərli məbləğ deyil. Müqayisə üçün deyək ki, İranın rəqiblərindən olan Səudiyyə Ərəbistanının həbi büdcəsi 70 milyard dollardır. Əskiklik təkcə hərbi  büdcənin həcmində deyil, həm də texnikanın modern tələblərə cavab verməsində, texnoloji imkanlardadır.  Səudiyyə Ərəbistanı 850 hərbi təyyarəyə malikdirsə, İranda bu rəqəm 509-dur. Həm də modernləşmə problemi var. İranın hərbi təyyarə parkı əsasən "F-4" və "F-5" markalarından formalaşdırılıb. Ən modern təyyarələri "F-14"  hesab olunur ki, bu da yeni dövr  qırıcılarından 3 nəsil geri qalır. Son zamanlar Rusiyadan "Su-30" qırıcıları  alıblar, amma məhdud sayda. Maliyyə kasadlığı səbəbindən müqavilə tamamlanmayıb. 1634 ədəd tankı var ki, onlar da 1980-ci illərə aid  Sovet istehsalıdır. Son dövrlərdə özünün "Kərrar" markalı tankının  stehsalına başlayıb, amma maddi resursların yetərsizliyi səbəbindən istehsalı dayandırıb. Ən problemli sahələri raket buraxılış sistemləri ilə bağlıdır. 1900 ədəd  raket buraxılış sistemi olduğunu elan edib.  Əsas təhdid gücü  isə "Şahab-1", "Şahab-2" və "Şahab-3"  raketləri ilə ölçülür. Bu raketlər uyğun olaraq 400, 500 və 2000 km uçuş məsafəsinə malikdirlər. Zahirən, böyük gösəricidir.  Amma mahiyyətə gələndə, bu raketlərdən heç biri modern  havadan müdafiə sistemlərini yarmaq, məsələn,  "dəmir qalxan" sipərindən keçmək iqtidarında deyil. Həmçinin, radiodalğalar üzrə hədəfə düzgün istiqamətlənmək problemləri var. Bunun nəticəsidir ki, təlimlər zamanı yanlış hədəflər vurulur, simvolik düşmən əvəzinə, İranın öz obyektləri dağıdılır ( https://axar.az/news/gundem/591311.html ) və s.

İranın hava hücumundan müdafiə sistemləri Rusiya istehsalı olan S-300 raketləri üzərində qurulub. Rusiya maliyyə mübahisələrinə görə S-300 -lərin  radar sistemlərini tam təhvil verməyib. Məsələ hətta beynəlxalq məhkəmələr müstəvisinə qədər qalxıb. Nəticədə  İranın  havadan müdafiə sisteminin  radarları natamam, qüsurlu qalıb, faciəli durumdadır. Bunun göstəricisidir ki, İran hava hücumundan müdafiə sistemləri  2020-ci ilin yanvar ayında Ukraynaya məxsus mülki "Boeing 737-800"  təyyarəsini yanlışlıqla  hərbi obyekt kimi qeydə alaraq vurub yerə saldı, 176 nəfər sərnişin, mülki şəxs həlak oldu (https://www.bbc.com/azeri/international-51069173 ).

İran son 40 ildə qatıldığı heç bir müharibədə  qalib olmayıb,  "himayə etdiyi müsəlman ölkəsini" xaosdan çıxara bilməyib, əmin-amanlıq, sabitlik yaratmayıb.  Yəməndə, Bəhreyndə, Fələstində münaqişələrin 30-40 illik tarixi  var. Suriyada, Livanda 10 illərdir xaos, dağıntı davam edir. İran prosesə qatılsa da, bunları dayandırmaq üçün gücə, qüdrətə  malik deyil.

Təcrübə göstərir ki, məsələ təkcə hərbi qüdrətdə, modern tələblərdən geri qalmaqda deyil. İran bu ölkələrdə  münaqişələrin  bitməsində maraqlı deyil, əksinə,  davam etməsi üçün çalışır. Yəni, təərrüf məsələsi burada da özünü göstərir: münaqişələrin bitməsinə çalışdığını deyir, əvəzində onların davam etməsi üçün səy göstərir. İran qeyd edilən dövlətlərdə münaqişələrin  davam etməsinə özünün həmin ərazilərdə mövcudluğunun səbəbi  kimi baxır. Qarabağ münaqişəsinə də bu kontekstdən yanaşıb. Qarabağ münaqişəsinin davam etməsi İranın Ermənistan vasitəsilə Qafqazda mövcud olması anlamını daşıyır. Bu baxımdan "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" deyir, "Qarabağın işğaldan azad edilmsi üçün fətva verir", amma Ermənistana dəstək göstərir, "nəfəslik açır". İndi bəlli olur ki, hətta 44 günlük savaş müddətində öz hərbçilərini qanunsuz olaraq Cəbrayılın, Zəngilanın Arazboyu ərazilərinə yeridib, Azərbaycan ordusunun bu rayonları  azad etməsinə mane olmağa çalışıb (https://news.milli.az/politics/986259.html?fbclid=IwAR1DvBIeTuIR2sUawlB--HOV-JB4QGYIXn2sg-6DdtVqrpvI2Eq8QwSD2N0  ) . 

"İmkansızlara yardım" aksiyası: "təsir agentləri"ni formalaşdırma mexanizmləri

İranın humanitar yardım aksiyaları, "imkansızlara əl tutmaq" kampaniyaları da eyni qəbildəndir: yalan, riyakarlıq, saxtakarlıq  üzərində qurulub.  Azərbaycanda istənilən bölgənin, rayonun sakinindən soruşsan, "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatını, onun Bakı ofisinin nəzdində fəaliyyət göstərən "İmam Əli Xəstəxanası"nı, İran Mədəniyyət Mərkəzini tanıyacaq. Adları o qədər məşhurdur ki, dillər əzbəri olub. Təbliğatları güclü aparılıb, cəlbedici görünüblər.  Məsələn, "İmam Əli Xəstəxanası"nın rəhbəri doktor Rüstəm Şəmayeli 2007-ci ildə   tibb mərkəzinin açılış nitqində bildirib ki, "burada tibbi yardıma ehtiyacı olan imkansız insanlar üçün xidmət pulsuzdur. 18 işçisi olan, ən müasir avadanlıqla təchiz edilmiş tibb müəssisəsində ən azı 45 min nəfər insana xidmət ediləcək". Həmin vədlərini yerinə yetirdilərmi? Nə soruşan var, nə də bilən, təbliğat isə öz sözünü dedi, insanların yadaşına hopub qaldı. Yaxud, "İmam Xomeyni İmdad Komitəsi beynəlxalq humanitar təşkilatı"nın rəhbəri Hüseyn Ənvari Azərbaycanda 40 min ailəyə yardım etdiklərini  bildirmişdi. Möhtəşəm bir iş təsiri bağışlayır,  cazibədardır. İstənilən şəxsdə rəğbət oyadır, İrana qarşı ehtiram yaradır. Amma realdırmı? Diqqət yetirək: Hüseyn Ənvari Komitənin Azərbaycanda fəaliyyətə başlamasının 20 illiyi münasibətilə keçirilən tədbirdə hesabat xarakterli çıxış edərək deyir: "İmam Xomeyni İmdad Komitəsi Azərbaycanda 1993-cü ildən bəri fəaliyyət göstərir. Təşkilat İran Mədəniyyət Mərkəzi    ilə birgə 20 il 4 ay ərzində Azərbaycanda  müxtəlif istiqamətlər üzrə  yardım göstərib. Mədəniyyət ocaqlarının bərpa edilməsi, qaçqın və köçkün ailələrinin  evlə təmin edilməsi, ailə qurmaq istəyən  gənclərin cehizlə təmin olunması, tibb xidmət,  iş yerlərinin yaradılması, faizsiz kreditlər verilməsi,  gənclərin iş qurmasına yardım göstərilməsi istiqamətində proqramlar icra edib" . Bu qədər iş görülübsə, təqdir edilməlidir. Amma təəssüf. Araşdırma aparanda bəlli olur ki, Komitə İran Mədəniyyət Mərkəzi  ilə birgə fəaliyyətdə olduğu dövrdə, yəni 20 il müddətində  Azərbaycanda  cəmi 45 milyon dollar  vəsait xərcləyib (https://qafqazinfo.az/news/detail/imam-xomeyni-imdad-komitesi-azerbaycana-45-milyon-yardim-edib-70329 ). Vəsaitin miqdarı ilə sadalanan  işlərin miqyası arasında tərs mütənasiblik var. Bu vəsaitə bu qədər iş görmək real deyil, özü də 20 ildən artıq bir müdfətdə. Bəlli olur ki, yenə də   təərrüf, saxtakarlıq və yalan təbliğatdan istifadə edilib. Əlavə olaraq, ortada başqa bir ciddi məqam da var. Komitənin, Mədəniyyət Mərkəzinin yardım göstəridiyi həmin 40 min nəfər kimdir, hansı meyarlar üzrə seçilib müəyyənlədiiliblər?  Sənədlərdən bəlli olur ki, Komitə Azərbaycan rayonlarını təsnifatlaşdıraraq 19 qrup üzrə bölüb, həmin 19 bölgə üzrə özünün  yerli təmsilçiliyini yaradıb. Sanki bir dövlət təşkilatıdır, ölkə içində  mükəmməl şəkildə strukturlaşıb. Bəs onlar nə işlə məşğul olublar?  Hüseyn Ənvari bildirib ki, həmin təmsilçilər yerlərdə "əhali ilə işləmiş, insanları araşdırmış", "imkansızları müəyyənlədirmiş", yardım siyahısına daxil etmişdir. 20 il müddətində 45 milyon sərf etmək, yəni ildə təqribən 2 milyon xərcləmək  üçün belə strukturlaşmaya zərurət varmı? Müqayisə üçün qeyd edək ki, təkcə 2020-ci ildə COVİD-19  infeksiyasına qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası  tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində birdəfəlik  maliyyə yardımı göstərilib (  https://banker.az/az%C9%99rbaycan-koronavirusa-gor%C9%99-irana-5-milyon-dollar-yardim-etdi/   ). Bunun üçün Azərbaycan nə İranda struktur şəbəkə formalaşdırmayıb,  nə də göstərdiyi yardım üzərində təbliğat qurmayıb,  İranın başına qaxmayıb. Amma İran əksini edib. Araşdırmalar göstərir ki, İran  "İmam Xomeyni İmdad Komitəsi" və Mədəniyyət Mərkəzi vasitəsilə "humanitar yardım" paylamaq adı altında bütün bölgələrdə strukturlaşıb, əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirib, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edib. Yəni, bölgələrə səpələnmiş strukturları vasitəsilə ideoloji baxışları tamamlanmamış, fanatik İslam təəssübkeşi olan insanları seçib müəyyənləşdirib, onlardan özü üçün sosial baza formalaşdırıb. Azərbaycanda "Hizbullah" qədər böyük qruplaşmanın yaradılması mümkün olmasa da, Tale Bağırzadə timsalında onun kiçik modelini formalaşdırmağa çalışıb. 2015-ci ilin Nardaran hadisələri göstərdi ki,  İranın təsiri altına salınmış sosial baza dini ideoloji təbliğatla yanaşı, silahlı mübarizə üçün texnika ilə də təmin edilib. Tədqiqat sübut etdi ki, İranın xüsusi xidmət orqanları Xomeyni Komitəsi  və Mədəniyyət Mərkəzi  vasitəsilə "seçilib müəyyənləşdirilmiş imkansızlar" üzərində xüsusi iş aparıb. Həmin "seçilmişlərin"  Nəcəf-Kərbəla ziyarətinə getmələri,  Ərbəin yürüşünə qatılmaları təşkil dilib. "Ziyarətə gedənlərin" bütün xərcləri İran dövləti tərəfindən təmin olunub, pulsuz yeməklər verilib,  tibbi və digər yardımlar göstərilib, İranın ali dini liderinin xüsusi fondu tərəfindən hədiyyələr bağışlanılıb. Azərbaycanlılar arasından "xüsusi seçilmişlər" sırasında "yararlı" olanları İranda, İraqda xüsusi düşərgələrə cəlb ediblər,  təlimatlandırıblar (https://publika.az/news/nida_tehlil/258402.html) .  Bu proses 2015-2018-ci illərdə xüsusilə intensivləşdirilib. Statistikaya görə, Azərbaycandan Ərbəin yürüşünə qatılanların sayı illər üzrə 12-30 min nəfər aralığında dəyişir. 2017-ci ildə bu göstərici 30-40  min nəfər olub. Bunların sırasında "seçimişlər"in xüsusi çəkisi  var. Bu statistika ilə  Hüseyn Ənvarinin barəsində danışdığı "yardım almış 40 min nəfəri"  müqayisə edəndə, daşlar yerinə oturur. Araşdırdıqca, yeni faktlar ortaya çıxır, dəhşətli mənzərə yaranır.

Azərbaycan media məkanında "İran şəbəkəsi"

Qəribə görünən məqamlardan biri  budur ki, Azərbaycan mediası 30 il müddətində  bu faktlara loyal yanaşıb. Ölkə  içində təxribat  sistemi qurmuş, şəbəkə formalaşdırmış, "yardım kampaniyaları" adı altında maxinasiyalar törətmiş İran təşkilatları barədə ciddi araşdırmalar aparılmayıb, neqativ informasiyalar verilməyib. İnternet axtarış sistemlərinə müraciət edəndə görünür ki, Azərbaycan mediasında "İmam Xomeyni İmdad Komitəsi" və onun daxil olduğu şəbəkənin fəaliyyətindəki müəmmaları təsvir edən məqalələr yox səviyyəsindədir. İnformasiyalar əksərən pozitiv yüklüdür, Komitənin təbliğatına köklənib.

İndiyədək belə təəssürat olub ki, İran Azərbaycan informasiya məkanına öz ərazisində yaratdığı KİV qurumları vasitəsilə, azərbaycandilli kontent yaymaqla daxil olub. Diqqət Qumdan idarə olunan  "Nur-az" (www.nur-az.com), "Arannews" ( http://arannews.com/) xəbər portalları, "Səhər" televiziyası (https://azeri.sahartv.ir/), sosial şəbəkələrdə "Hüseynçilər" şəbəkəsi, "Huseyniyyun" qrupları üzərində  fokuslaşdırılıb, daxildəki mühit yaddan çıxarılıb. Daxili media məkanında İranın yalançı, təxribatçı təbliğatı üçün yaranmış münbit şərait diqqətdən kənar qalıb. Hansı ki, ölkə içində İran Mədəniyyət Mərkəzinin təsirinə düşən, mədəniyyət tədbirləri adı altında İranın təxribatçı proqramlarını təbliğ edən  çoxsaylı KİV-lərin mövcudluğundluğu barədə xəbərlər dolaşır.

Jurnalist Elbəyi Həsənli oktyabrın 4-də özünün  FB hesabından status paylaşaraq, jurnalist həmkarı İlqar Əlfini İranın nəfinə təbliğat aparmaqda qınayıb. Qeyd edib ki, İlqar Əlfinin simasında Azərbaycanın media məkanında İranın nəfinə çalışan media şəbəkəsi var. Təbii ki, İlqar Əlfinin də  bərait üçün öz əsasları var. Amma bu açıqlama yeni situasiya yaradır, diqqəti Azərbaycan içində olan ciddi bir problemə yönəldir. İran hakimiyyətinin təbliğat ruporlarından olan "Kavosh media" isə ( https://www.youtube.com/channel/UCG_39jnDn5JRBBzxcMgTc9w  ) özünün youtube üzərindən yayımlanan səhifəsində DEVAMM-in (Vicdan və Din Azadlığının Qorunması Mərkəzi) sədri, İçərişəhərdəki "Cümə" məscidinin imamı,  "Deyerler (Azərbaycan İslam Xəbərləri)" xəbər portalının baş redaktoru İlqar İbrahimoğlu ilə müsahibə (https://www.facebook.com/KavoshMedia/videos/537257997535710 ) yer tutub. Müsahibənin əvvəli və sonu təqdim edilməyib. Amma "Kavosh media"da təqdim edilən hissədən belə görünür ki, İlqar İbrahimoğlu Seyid Əli Xomeneyiə biət edir, onun Azərbaycana qarşı hədələrinə haqq qazandırır. Yeri gəlmişkən qeyd edək ki, nümunə üçün göstərilən "Kavosh media" sosial şəbəkələr üzərindən yayımlanan çoxsaylı internet tv-lərdən biridir. Son həftələr bu internet tv-lərin əsas gündəmini Azərbaycan mediasında yerli siyasilərin, ekspertlər və jurnalistlərin dilindən səslənən, İrana haqq qazandırılması kimi görünən  mesajların   tirajlanması təşkil edir. Bu KİV-lər AXCP sədri Əli Kərimlinin, iqtisadçı Qubad İbadoğlunun, politoloq Nəzakət Məmmədovanın ( https://www.youtube.com/watch?v=rh9I7jDWTVQ )  və digərlərinin bənzər çıxışlarından sitatlar  verirlər. Belə sitatların sayı çoxdur və qəribədir ki, sıralarında  ölkəmizin peşəkar KİV-lərinə istinadla yayılanları da var.  İranın  ölkəmizin peşəkar KİV-lərində belə boşluqlar tapması, tanınmış jurnalistlərin, ekspertlərin, ictimaiyyət nümayəndələrinin bu işə cəlb edilməsi kifayət qədər düşündürücü məsələdir və bununla bağlı ciddi tədbirlər görülməlidir. Hər halda diqqətli davranmağa ehtiyac olduğu  açıq-aydın görünür. Amma digər mühüm bir məsələ bu şəbəkənin formalaşdırılması mexanizminin və onun fəaliyyətinin müəyyən edilməsidir. 

İran Mədəniyyət Mərkəzi və Ocaqnejad "fenomeni"

Araşdırmalar göstərir ki, Azərbaycan KİV-lərində yayılan, İrana birbaşa və dolayısı ilə aidiyyatı olan bütün müsahibələr, məqalələr, hətta ən xırda informasiyalar belə diqqətlə izlənilir. Bu materiallar təhlil olunur, İranın nəfinə olan hissələr götürülüb "şəbəkə KİV-ləri" tərəfindən təkrarən tirajlanır. Açıq-aydın görünür ki, bu sahədə institutsional strukturlar çalışır. Həmin strukturlar İrana aid informasiya gündəmini təhlil, hətta idarə edirlər.  Zərurət yarananda  konkret tezislər ötürülür, ayrı-ayrı fərdlərin dilindən ictimailəşdirilir, gündəmi zəbt edirlər. Bu institutların haradan idarə olunması, necə koordinasiya edilməsi üzərində araşdırma apararkən, bütün xəttlər ilk öncə Bakıdakı İran Mədəniyyət Mərkəzinin və onun rəhbəri Əliəkbər Ocaqnejadın üzərində cəmləşir. Bəlli olur ki, Ocaqnejad İranın təkcə media şəbəkəsini deyil, həm də  "İmam Xomeyni İmdad Komitəsi"ni,  Azərbaycan ərazisində fəaliyyət göstərən digər institutları da koordinasiya edir. Hətta İranın Azərbaycandakı səfirliyinin də Əliəkbər Ocaqnejadın patronajlığına daxil edildiyi görünür.

Kimdir Əliəkbər Ocaqnejad, İrana məxsus institut və şəbəkələri hansı mexanizmlərlə idarə edir? Bu, geniş bir mövzu olduğu üçün, növbəti yazımızda daha ətraflı bilgi veriləcək...

Müşfiq Ələsgərli
Yeganə Hacıyeva

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.