Siyasət

Qara qəlbli, qara sarıqlı ayətulla: Amili cahilliyi və kini

20 Sentyabr 2021 17:52
31 Şərh     Baxış: 4 295

Allah sizə rəhmət eləsin, ölülər...

Dahi Cəlil Məmmədquluzadənin "Ölülər"indəki dirilər çoxdan ölsələr də, mənəvi ölümlərini anlamadıqarından vücudları ölü olan yaxınlarından qorxurlar.

Kinli, yalançı, ləyaqətsiz, fırıldaqçı, tamahkar - bir sözlə, naqis xüsusların sərgisinin eksponatları olan bu insanların yox olduğunu düşünməyin.

Belə zatlardan biri Güney Azərbaycanda, Ərdəbil şəhərindədir.

Adı Seyid Həsən Amilidir. İranın ali dini lideri ayətulla Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsidir.

Ayətulladır.

Böyük vəzifə sahibidir İranda. Fəqət nə yazıq ki, tutduğu vəzifənin mərtəbəsi bu şəxsin siyasət, diplomatiya, səhihlik, məntiq barədə bilikləri ilə tam tərs mütənasibdir.

Ötən cümə günü xütbəsində S.Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib.

Amili Ərdəbilin deyib ki, "hər bir ölkənin istədiyi tərəfdaşı ilə birgə hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin son təlimlərin hansı kontekstdə təşkil olunması narahatlıq doğurur: "Belə ki, təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın "Yeni Şafak" qəzetinin Azərbaycan Milli Məclisinin üzvü ilə müsahibə aparıb həmin müsahibəyə "İran xəritədən silinəcək" başlığını seçməsi təəssüf doğurur".

O, daha sonra qeyd edib ki, sən demə, "bununla da nə Türkiyə, nə də Azərbaycan qonşuluq haqqını yerinə yetirdilər".

Bunları söyləyəndən sonra qara geyimli, qara əmmaməli Amili küdurətini saxlaya bilməyərək deyib: "Ona görə də İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir. İcazə verilməlidir ki, SEPAH sərhədlər boyunca təlimlər keçirsin, kimin kim olduğunu, gücümüzü onlara göstərsin. Desin ki, "Şirin quyruğu ilə oynama!" İndi ki, bu cür oldu, o deputat da həddini bilsin", - S.Amili söyləyib.

Göründüyü kimi, siyasi etika, diplomatik əxlaqdan çox kənar açıqlamalar olmaqla yanaşı, Azərbaycana ünvananmış hədələrdir.

Amili kinində sərhəd tanımadığından əzəli, tarixi və qədim Azərbaycan şəhəri olan Ərdəbilin tarixinə də öz aləmində ekskursiya edərək misal çəkir: "Ərdəbildə əvvəllər həyətlər böyük olardı. Günlərin birində, qışda, qar xirtdəyə çıxanda bir qonşu əlinə bir nəlbəki qovut alıb gedir qonşusunun evinə. Darvazanı döyur. O evin yiyəsi də qarı təmizləyə-təmizləyə gedir darvazaya tərəf ki, görsün kimdir qapını döyən. Qapını açanda görür qonşusudur, əlində də balaca nəlbəkidə qovut.

O boyda həyəti qarı yara-yara gəldiyinə, bu qovut üçün çalışdığını görəndə ev sahibi hirslənir və nəlbəkini alıb qovutu üfürür, dağıdır qarın üstünə, sonra da qonşusuna deyir: "Allah qəbul eləsin!"

Sonda isə o, Azərbaycanı, azərbaycanlıları, habelə nədənsə İsraili aşağılayır: "İndi mən də həmin deputata üfürürəm, deyirəm: "Allah qəbul eləsin!". Bilirəm, İsrailin Azərbaycandakı səfiri dediklərimi eşidəcək, görəcək. Səfirə deyirəm: o yazıq deputatın pulunu çox elə. Çünki mənliyini, heysiyyatını, şərəfini, azadlığını, ləyaqətini İsrailin puluna qurban verib. O yazıqdır, ona yaxşı pul ver!"

Seyid Həsən Amilinin çıxışından bunca geniş iqtibasların səbəbi yox deyil.

O, İran hakimiyyətindəki ifrat mühafizəkar düşərgənin ən tanınmış mənsublarından biri, habelə etnik azərbaycanlıdır.

Azərbaycanlı olması daha üzücüdür, çünki İrandakı mövcud klerikal rejimdə yüksək postlarda təmsil olunmuş digər soydaşlarımız kimi, onu nə Azərbaycan, nə də azərbaycanlılar maraqlandırmır.  Haqlarında bəhs etdiyimiz insanların yeganə mənafeyi mövcud siyasi rejimin tələblərini tam yerinə yetirmək, hakimiyyət ideologiyası təbliğ, təşviq və müdafiə etməkdir.

Azərbaycanlı olub Azərbaycana nifrət edən bu başabəla soydaşlarımız Bakıya, xalqımıza düşmən kimi baxırlar.

Onlar kollaborasionist deyillər: yox, ən yaxşı halda Yalıncıqlar dəstəsidir.

Seyid Həsən Amili İrandakı teokratik rejimlə bağlı olduqca mənfi fikirlərin formalaşmasına, mənfi rəylərin yaranmasına səbəb olan fiqurlardan sayıla bilər.

O, gerçəkdən də, nadan, cahil və kütbeyin molla tipajıdır.

Ayə və surələrit əzbərləmək, ayətullaların əsərlərinə xitab edərək iqtibaslar gətirmək, ərəb dilini bilmək insanın ağıllı, kamallı və məntiqli, ən başlıcası isə vicdanlı şəxs olmasına dəlalət etmir.

Amilinin timsalında biz bütün bunları bilən səviyyəsiz fərdi görürük.

İkrah doğrurur bu adamın dedikləri, çünki hikkəyə bürünmüş kin və yalandır.

Ayətulla Seyid Həsən Amili sadəlövh, bisavad və kütbeyin deyil.

Ritorluq bacarığı az olsa da, var.

Buna rəğmən, onun mənsub olduğu milləti aşağılaması, ələlxüsus da Azərbaycana, Türkiyəyə, Pakkistana, İsrailə nifrət dolu kəlmələr ünvanlaması yolverilməzdir.

İran qonşumuzdur, bir çox sahələrdə əməkdaşlığımız var. Qərbin Tehrana qarşı tətbiq etdiyi və onillərdən bəri davam edən sərt sanksiyalar siyasətinin əsla səngimədiyi dövrdə Bakı həmihə Tehrana yardımlar edib. Hətta kollektiv Qərbin bütün təzyiqlərinə, sərt pressinqə rəğmən, Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı formada (!) istifadə edilməsinə icazə verməyib, vermir və verməyəcək də.

Bəs bütün bunların müqabilində İran nə edir?

Faktiki olaraq, iki ölkənin mehriban qonşuluq və dostluq münasibətlərini inkişaf etdirə biləcək heç nə.

İrandan Azərbaycana ən müxtəlif çeşiddə narkotik maddələrin axını səngimir.

44 günlük Vətən Müharibəsində Azərbaycanın haqq və ədalət savaşına dəstək olmağı bir yana - İran Ermənistana fasiləsiz, ara vermədən yanacaq və s. yollayırdı. O yanacaq daşıyan ağırtonnajlı yük maşınlarının böyük qismi Ermənistanın Gorus şəəhərindən Azərbaycana, Xankəndinə yollanırdı.

Həmin yanacağın ermənilərin tanklarına, zirehli maşınlarına, avtomobillərinə hərəkət imkanı yaratmadığını İranın hakimiyyət dairələri əminliklə təkzib edə bilərmi?

Düşünmürəm.

Seyid Həsən Amili İranla Azərbaycan arasındakı münasibətlərin sərinləşməsinə səbəbkar olan şəxslərdən biridir.

Onun cümə xütbəsində dedikləri bütün hədləri aşır, Azərbaycana qarşı yönəlmiş küdurətin və böhtanın İranda yeni hədlərini bəlirləyir.

Amilinin çıxışı din xadiminin statusuna və statutuna da yaraşmır, çünki  dinlə pərdələnən bu şəxs əslində siyasi şarlatanlıq edir.

Məsələn, Amili buyurur ki, sən demə, İsrailin Azərbaycandakı səfirliyi pul paylayır.

Bu zavallı hələ də anlamır ki, Azərbaycan heç bir dövlətdən pul almır, əksinə, qonşu ölkələrlə yanaşı, uzaqdakı dost dövlətlərə yardımlar edir.

Azərbaycandan qaçan nadürüstlərə, xainlərə, yaramazlara qucaq açan, onlara sığınacaq və pul verən, sonra da Bakıya və azərbaycanlılara qarşı sürəkli hədyanlar söyləməyə məcbur edən məhz İrandakı bəlli qüvvələrdir.

Məhz bu qüvvələr Azərbaycanı inadla "Arran" adlandırır, dövlətimizin məhvini, xalqımızın yox olmasını arzulayır.

İranın Azərbayacana nəyi və necə "ixrac" etdiyi bəllidir. Buna rəğmən, Amili də olmaqla, bir para iranlı din xadimləri və siyasətçilər, habelə İran mediası indi də israrla deyirlər ki, "Azərbaycan İsraildən silah və hərbi texnika alır".

İllər əvvəl rəsmi Bakı İrandan "Şahab" raket qurğularını almaq üçün Tehrana müraciət etmişdi.

Dünya praktikasında normal haldır: silah istehsalçısı satışda maraqlı olmalıdır.

Amma İran imtina etdi, müraciətə mənfi cavab verdi.

Bakı da İsraildən "Lora" raket komplekslərini aldı.

"Qardaşlıq"dan danışmağı çox sevən ayətulla Amili kimilər bildikləri bu faktı gizlədirlər, söyləmirlər: çünki ideoloji fəaliyyətlərinə uyğun deyil.

Bütün bunlar öz yerində.

Digər məqam Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadənin və onunla eyni düşərgədə duran yerli ruhanilərin mövqeyi, daha doğrusu, mövqesizliyidir.

Ərdəbildə söylənən, dövlətimizə və xalqımıza ünvanlanan tərbiyəsiz, mənəviyyatsız, ləyaqətsiz və bisavad çıxışa Allahşükür Paşazadə cavab verəcəkmi?

Ümumiyyətlə, Paşazadə nə zaman İrandan ölkəmizə ünvanlanan belə tərbiyəsiz "din xadimləri"nə cavab verəcək?

Daha doğrusu, cavab verməyə cəsarət edəcəkmi, yoxsa yeni "fətva" gözləyəcək?

... Sonda sözüm Ərdəbil sakinlərinə, Güney Azərbaycandakı milyonlarla soydaşımadır.

Seyid Həsən Amilinin çıxışına dözmək olmaz.

Əsla...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.