Cəmiyyət

Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb

12 Sentyabr 2026 10:05
Baxış: 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərin ikinci günündə Ağdərə və Kəlbəcərdə olacaqlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün nümayəndə heyəti Kəlbəcər və Ağdərə rayonlarına səfər edəcək.

Səfər çərçivəsində diplomatlar Ağdərə rayonunun Vəngli kəndində Gəncəsər Monastır Kompleksi ilə tanış olacaq, daha sonra "Yuxarı Vəng" SES-ə və Xudavəng Monastır Kompleksinə baxış keçirəcəklər.

Proqrama əsasən, nümayəndə heyəti Kəlbəcərdə "İstisu" mineral sudoldurma zavodunu ziyarət edəcək, həmçinin Zar kəndində aparılan yenidənqurma işləri ilə tanış olacaq.

Diplomatik korpusun nümayəndələrinin Kəlbəcər şəhərində keçirilən Bal festivalında iştirakı da nəzərdə tutulub.

Səfərin sonunda nümayəndə heyəti yeni inşa edilmiş Murovdağ tunelindən keçməklə Göygöl istiqamətində hərəkət edəcək, daha sonra Bakıya yola düşəcək.

Qeyd edək ki,Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərində olublar. Diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Diplomatik korpusun nümayəndələri "Zəfər" parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkli çəkdiriblər. Səfər çərçivəsində, həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.

Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, "Sadıqcanın evi"ni, Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edib.

Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda iştirak ediblər.

Xəbər yenilənəcək

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.