Siyasət

Laçın dəhlizi NƏZARƏTİMİZDƏ: Rusiya razılığa gəlir - DETALLAR

23 İyul 2021 12:58
2 Şərh     Baxış: 7 716

Postmünaqişə dövrünün öz reallıqları var. Regiondakı bu yeni geosiyasi vəziyyəti Azərbaycan yaratdı və hazırda da diqtə edən tərəf məhz rəsmi Bakıdır. Ötən gün Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına (AZTV) müsahibəsi Ermənistan hərbi-siyasi rəhbərliyinin parlament seçkilərindən sonra səsləndirdiyi bəyanatların, yeni ərazi iddialarının, revanşist fikirlərin, sərhəddəki təxribatlarının sabun köpüyündən başqa bir şey olmadığını bir daha təsdiq etdi. 

Dövlət başçısı bu müsahibə ilə Qarabağ ətrafında cərəyan edən bir çox hadisələrlə bağlı Azərbaycan xalqını narahat edən məsələlərə açıq şəkildə aydınlıq gətirdi. Müsahibədə Prezidentin açqılamalarının əksəriyyəti də məhz Azərbaycan xalqına mesajdan ibarət idi. Azərbaycan liderinin "Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub" açıqlamasını bu qəbildən olan mesajlardandır. Prezident qarşıda konkret hədəflər olduğunu və rəsmi Bakı bu hədəflərə hansı müddətə çatacağını da bilir. Dövlət başçısı sadəcə olaraq postkonflikt reallığından çıxış edərək bütün bu hədəflərin bəyan edilmədiyini, bunun üçün hələ tez olduğunu bildirib.

Səbəb isə gün kimi aydındır, Azərbaycan qarşıya qoyduğu hədəfə çatmaq üçün düşmənə cavab tədbiri görəcək, planı pozacaq hər hansı bir şərait yaratmamalıdır. Əks halda yenən müharibə dövründə olduğu kimi erməni lobbisinin ələ aldığı bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçə, əsassız ittihamlar səsləndirə bilərlər. Bütün bunlar isə anti-Azərbaycan ssenarisinin işə salınmasına xidmət edəcək.

Odur ki, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan münasibətlərində hər şeyin onun şəxsi nəzarətində olduğunu və bu istiqamətdə bütün proseslərin məhz rəsmi Bakının istədiyi kimi irəlilədiyini bir daha bəyan etdi: "Biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq və deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir". Bu açıqlamadan belə nəticə çıxartmaq olar ki, regionda baş verən hazırki proseslərin ssenarisini məhz Azərbaycan yazır. Ona görə də narahatçılıq üçün heç bir əsas yoxdur. 

"Postmüharibə dövründə biz cəld tərpəndik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb" deyən dövlət başçısı bununla xüsusilə Xankəndi, Xocalı, Xocavənddə də qeyri-müəyyən kimi görünən proseslərin əslində Azərbaycanın xeyirinə cərəyan etdiyinə işarə edir.

Müharibədəki qələbənin davamının gəlməsi üçün postkonflikt dövrünü 44 günlük savaşın hələ davam etdiyi zamandan fikirləşdiyini, artıq bu dövrün planını məhz II Qarabağ savaşının gedişində qurmağa başladığını etiraf edən dövlət başçısı, hadisələrin hazırki axarının bizi daha böyük qələbəyə apardığına əmin olduğunu qeyd edib: "Postmüharibə dövrü haqqında, bizim atacağımız addımlar haqqında mən müharibə zamanı fikirləşirdim. Mən tam əmin idim ki, biz qələbə çalacağıq. Tam əmin idim və deyirdim ki, heç kim bizi dayandıra bilməz, heç bir qüvvə bizi dayandıra bilməz. Öldü var, döndü yoxdur. Ancaq postmüharibə dövrü də çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik".

Azərbaycan Televiziyasına (AZTV) müsahibəsinin davamında Prezident İlham Əliyevin ermənilərin Qarabağın "statusu" ilə bağlı iddialarına səsləndirdiyi fikirlər isə Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki hər xırda detallara da geniş mənada aydınlıq gətirdi. Bu gün həmin ərazilərdə 25 min erməni yaşadığını bildirən dövlət başçısı, orada gedən proseslərlə bağlı rəsmi Bakının kifayət qədər böyük məlumata sahib olduğunu açıq bəyan edib:" Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir.

Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum". Bu açıqlama ilə Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin növbəti yalanını ifşa etdi. 

Rus sülhməramlılarının nəzarətindəki ərazilərdə Azərbaycanın gündəlik monitorinq apardığını bildirən dövlət başçısı, Laçın dəhlizinə neçə maşın girib, çıxdığını, eyni zamanda, xaricdən gələn maşınları da müşahidə etdiklərini bildirməklə Rusiya sülhmərmalılarının vəzifələrinin öhdəsindən gələ bilmədiyi ilə bağlı həm sülhməramlıların komandanlığına, həm də rəsmi Moskvaya xəbərdarlıq edib.

Müsahibə zamanı bu hallara son qoyulmalı olduğunu bildirən Prezident İlham Əliyev yenidən Ermənistan rəhbərliyinə və Rusiya sülhməramlı kontingentinə xatırladıb ki, bu torpaqlar Azərbaycanın ərazisidir: "Əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?". 

Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Bakı səfərini xatırladaraq "status" sevdasından əl çəkməyən, 44 günlük müharibədən dərs çıxarmayan Ermənistan hərbi-siyasi rəhbərliyinə növbti dərsi verib: "Şarl Mişel Bakıda olarkən bir dəfə də olsun "Dağlıq Qarabağ" və "status" sözlərini işlətmədi. Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı silkələmək lazım deyil. Şarl Mişelin statusu, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ".

7 iyul Fərmanı ilə Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi barədə ermənilərin xülyalarının üstündən xətt çəkən dövlət başçısı Avropa İttifaqı (Aİ) Şurasının Prezidentinin "Dağlıq Qarabağ" və "status" sözlərini işlətməməsini bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi dəyərləndirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı heç nəyi unutmamalıdır. Bəzi hallarda bizim bəzi tarixi məqamları tez unutduğumza diqqət çəkən Prezident, erməni vəhşiliyini, Xocalı soyqırımını, torpaqlarımızın işğal altına düşməsini, azərbaycanlılara qarşı törədilən istənilən vəhşilikləri unutmamağa çağırıb.

Prezident İlham Əliyevin iyulun 20-də baş tutan Rusiya səfəri ilə bağlı dedikləri isə Kreml rəhbəri Vladimir Putin ilə bağlı qapı arxasında keçən danışıqların bir çox detalların böyük həcmdə aydınlıq gətirib.

Görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirən dövlət başçısı ilk növbədə, ikitərəfli məsələlərlə bağlı və əlbəttə, postmünaqişə vəziyyəti ilə bağlı fikir mübadiləsinin aparıldığını bildirib: "Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur.

Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik. Bu, çox önəmlidir və bu səfər zamanı ikitərəfli məsələlərin gündəliyi müzakirə olundu. Hazırda yeddi yol xəritəsi üzərində işləyirik. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik". Azərbaycan Prezidenti bu açıqlama ilə Putinlə müzakirələrin əsas istiqamətlərindən birinin məhz Zəngəzur dəhlizi olduğunun və bu istiqamətdə yaxın zamanlarda müsbət nəticələr müşahidə ediləcəyinə eyham vurub. 

O, qeyd edib ki, ikitərəfli danışıq zamanı Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə ediblər: "Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik". Bunu beynəlxalq arenada yetəri qədər nüfuz əldə etmiş bir dövlət başçısı deyir. Azərbaycan Prezidentinin bu açıqlamasından bir daha belə aydın olur ki, Kreml rəhbəri üçün də "Qarabağ münaqişəsi", "Dağlıq Qarabağ", "status" kimi məsələlər də artıq keçmişdə qaldı. Putin də Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığı artıq tam səmimiyyəti ilə qəbul edir və bölgədə növbəti müharibənin başlamasını arzulamır.

Prezident İlham Əliyevin son Rusiya səfəri ilə bağlı danışarkən dediyi "Bizim görüşümüz bir neçə saat davam etmişdir - bir dənə də olsun mübahisəli məsələ olmayıb. Bir dənə də olsun narahatlıq doğuran məsələ olmayıb" sözlər Rusiyanın Azərbaycanla Qarabağ, Zəngəzur, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri ilə bağlı həmfikir olduğunu, Kremlin rəsmi Bakının mövqeyini dəstəklədiyini bir daha təsdiq edir. Səbəb gün kimi aydındır... 

Bir reallıq da var, reallıq ondan ibarətdir ki, Ermənistanda heç bir siyasətçi Rusiya Prezidentinin imzası olan sənədə qarşı çıxa bilməz. Hakimiyyətdə kim olur olsun, hansı qüvvələr olur olsun - Qərbyönümlü olsun, Rusiya meyilli olsun fərq etməz. Ermənistan üçtərəfli bəyanatın şərtlərindən qaça bilməyəcək. Azərbaycan Rusiya liderlərinin şəxsi münasibətləri, Azərbaycanın xarici siyasətində müəyyən olunmuş strategiya rəsmi Bakını hədəfinə daha da yaxınlaşdırmaqdadır.

Bu gün Azərbaycan-Rusiya münasibətlərini strateji səviyəyyə qaldıran, Rusiyanı Azərbaycana yüksək qiymət verməyə sövq edən əsas amillərdən biri də məhz Azərbaycanın regionda "açar" əhəmiyyəti daşımasıdır. Qlobal geosiyasi aktor olan Rusiya da anlayır ki, bir regionda təsir gücünə sahib olmaq istəyirsə, bunu ancaq indiki reallıqda əməkdaşlıqla qurmaq mümkündür. Rusiya anlayır ki, Cənubi Qafqazda təsir imkanlarını qazanmaq, onu itirməmək üçün region ölkələri ilə, xüsusilə də Azərbaycanla əməkdaşlığa bir başqa yer ayırmalıdır. Azərbaycanla əməkdaşlığa xüsusi diqqət ytirməyə başlayan Rusiya onu da anlayır ki, Azərbaycan Prezidentinin liderini sözü ilə əməli arasında heç bir fərq yoxdur. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.