Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
Prezident İlham Əliyevin Qırğızıstana həyata keçirdiyi dövlət səfəri Azərbaycan xarici siyasətinin son illərdə formalaşdırdığı mühüm strateji istiqamətlərdən birinin - Mərkəzi Asiya ilə inteqrasiyanın növbəti mərhələsini nümayiş etdirdi. Səfər zamanı imzalanan sənədlər, qəbul edilən qərarlar və səsləndirilən mesajlar göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər artıq klassik diplomatik əməkdaşlıq çərçivəsini aşaraq siyasi, iqtisadi və geosiyasi müttəfiqliyə çevrilməkdədir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, bu səfəri fərqləndirən əsas cəhət onun yalnız iki dövlət arasında münasibətlərə deyil, bütövlükdə türk dünyasının inteqrasiyasına, Orta Dəhlizin inkişafına və Avrasiya məkanında yeni siyasi-iqtisadi balansın formalaşmasına təsir göstərməsidir.
"Son illərdə dünyada baş verən geosiyasi proseslər beynəlxalq nəqliyyat marşrutlarını və iqtisadi əməkdaşlıq modellərini köklü şəkildə dəyişib. Şərqlə Qərb arasında alternativ logistika xətlərinə marağın artması, Xəzər hövzəsinin strateji əhəmiyyətinin yüksəlməsi və Orta Dəhlizin qlobal ticarətdə rolunun güclənməsi Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.
Artıq Azərbaycan yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas geostrateji körpü kimi çıxış edir. Bu reallıq Bakının Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə də yeni məzmun qazandırır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri də məhz bu siyasətin davamı kimi qiymətləndirilməlidir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrini yalnız ortaq tarix və mədəniyyət üzərində qurmur. Əsas məqsəd iqtisadi inteqrasiyanı, nəqliyyat əlaqələrini, investisiya əməkdaşlığını və siyasi koordinasiyanı vahid strateji platformaya çevirməkdir".
S.Mikayılovanın sözlərinə görə, səfərin ən mühüm nəticəsi Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi oldu.
"Prezident İlham Əliyevin "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri yeni münasibətlər modelinin mahiyyətini dəqiq ifadə edir.
Müttəfiqlik anlayışı təkcə dostluq və ya tərəfdaşlıq deyil. Bu, beynəlxalq təşkilatlarda qarşılıqlı siyasi dəstək, regional təhlükəsizlik məsələlərində koordinasiya, iqtisadi layihələrdə ortaq maraqların qorunması və strateji qərarların uzlaşdırılması deməkdir.
Azərbaycan son illər Türkiyə, Özbəkistan və digər türk dövlətləri ilə münasibətlərində də məhz bu modeli formalaşdırır. Qırğızıstanla münasibətlərin eyni mərhələyə yüksəlməsi Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanın daha da dərinləşdiyini göstərir. Müttəfiqlik yalnız siyasi bəyanatlarla ölçülmür. Onun iqtisadi dayaqları olmalıdır.
Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılması məhz bu baxımdan strateji qərardır. Fond artıq konkret layihələr həyata keçirir, istehsal müəssisələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına və özəl sektorun inkişafına töhfə verir.
Bu qərar Azərbaycanın Mərkəzi Asiyada uzunmüddətli iqtisadi iştirakını daha da gücləndirir. Bakı artıq yalnız investor deyil, həm də regional inkişaf layihələrinin iştirakçısına çevrilir.
İssık-Kul gölünün sahilində istifadəyə verilən "Bakı Resort & Spa" hoteli də iqtisadi əməkdaşlığın rəmzi layihələrindən biridir. Bu investisiya turizm obyektindən daha geniş məna daşıyır. O, Azərbaycan kapitalının Mərkəzi Asiyada etibarlı tərəfdaş kimi qəbul edildiyini və iqtisadi əlaqələrin uzunmüddətli xarakter aldığını göstərir".
Deputat əlavə edib ki, səfər zamanı Prezident İlham Əliyevin Ağdam rayonunda Qırğızıstanın dəstəyi ilə tikilmiş "Manas" məktəbini xüsusi vurğulaması təsadüfi deyildi.
"İşğaldan azad edilmiş ərazilərin bərpasında qardaş ölkələrin iştirakı artıq humanitar yardım deyil, siyasi həmrəyliyin praktik ifadəsidir.
"Manas" məktəbi türk dünyasının Qarabağın bərpasına verdiyi dəstəyin simvoludur.
Eyni zamanda Bakıda Çingiz Aytmatov parkının yaradılması, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında münasibətlərin yalnız dövlətlər səviyyəsində deyil, cəmiyyətlər arasında da möhkəmləndiyini göstərir".
Millət vəkili xüsusi qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya siyasətini yalnız ikitərəfli münasibətlər kontekstində qiymətləndirmək düzgün olmaz.
"Bu siyasətin əsas məqsədlərindən biri Orta Dəhlizin tam işlək beynəlxalq iqtisadi marşruta çevrilməsidir.
Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa xətti artıq qlobal ticarətin alternativ istiqamətlərindən biri hesab olunur.
Bu marşrutun uğuru isə ilk növbədə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında yüksək siyasi etimaddan asılıdır.
Qırğızıstanla strateji münasibətlərin dərinləşməsi bu baxımdan yalnız ikitərəfli əməkdaşlıq deyil, həm də Orta Dəhlizin gələcək inkişafına verilən töhfədir.
Səfərin mühüm nəticələrindən biri də Çolpon-Ata Bəyannaməsinin qəbul olunması oldu.
Bu sənəd Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə institusional əməkdaşlığının genişləndirilməsinə xidmət edir.
Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərində tamhüquqlu iştirakının dəstəklənməsi Bakının regionun ayrılmaz strateji tərəfdaşı kimi qəbul olunduğunu göstərir.
Bu, Azərbaycanın xarici siyasətində yeni diplomatik uğur olmaqla yanaşı, ölkənin türk dünyasında artan siyasi nüfuzunun da göstəricisidir.
Prezident İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli "Manas" ordeni ilə, Prezident Sadır Japarovun isə Azərbaycanın "Heydər Əliyev" ordeni ilə təltif olunması diplomatik protokol çərçivəsindən daha geniş siyasi məna daşıyır.
Belə ali mükafatlar dövlət başçıları arasında formalaşmış yüksək etimadın, strateji tərəfdaşlığın və münasibətlərin uzunmüddətli xarakter daşıdığının rəmzidir.
Bu, həm də gələcək əməkdaşlığın şəxsi siyasi iradə ilə dəstəkləndiyini göstərən mühüm mesajdır".
S.Mikayılova son olaraq əlavə edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın xarici siyasətində yeni diplomatik uğur olmaqla yanaşı, ölkəmizin Avrasiyanın yeni geosiyasi arxitekturasında tutduğu mövqenin daha da möhkəmləndiyini nümayiş etdirdi.
"Bu gün Bakı Mərkəzi Asiya üçün etibarlı siyasi tərəfdaş, iri investor, mühüm logistika mərkəzi və türk dünyasının inteqrasiyasını təşviq edən əsas aktorlardan biridir.
Bişkekdə qəbul edilən qərarlar göstərir ki, Azərbaycan və Qırğızıstan münasibətləri artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq bütövlükdə türk dünyasının strateji gələcəyinin tərkib hissəsinə çevrilir. Məhz buna görə də 31 iyul dövlət səfəri yalnız diplomatik təqvimdə növbəti hadisə deyil, Azərbaycanın Mərkəzi Asiyada artan geosiyasi rolunu təsdiqləyən mühüm mərhələ kimi qiymətləndirilməlidir".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Əli Əsədov yeni qərar imzaladı
-
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib
-
Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verib
-
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan tendensiya ilə inkişaf edir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Şeydayevin yeni klubu rəsmiləşdi
-
Zülfiyyə nəvələri ilə - (Foto)
-
Xadimə ilə rəqs edən şəxs Mübariz Əsgərovun oğlu imiş (Video)
-
"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi
-
Netanyahu: İran artıq əvvəlki kimi deyil
-
Müdafiə naziri hərbi attaşelərlə görüşüb (Foto)
-
Erdal Beşikçioğlunun həbsxanaya köçürüldüyü anlar - (Foto)
-
Qarpız bu şəxslərə olmaz
-
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - yeni təyinat
-
Məhkəmə Kamran Əsədovla bağlı qərar verdi
-
Ronaldo toyuna bu ulduzları dəvət etdi
-
Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
-
Zelenski: Müharibənin qışa qədər başa çatması üçün çalışacağıq
-
İyulda temperatur iqlim normasından yüksək olub
-
Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı qərar - Tələbələrin aqibəti bəlli oldu
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Nəriman Axundzadə ABŞ-dan gedir - Yeni klubu bəlli oldu
-
Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənir
-
Sümükləri möhkəmləndirən qidalar
-
Bakıda yük avtomobili yandı
-
Əli Əsədov yeni qərar imzaladı
-
Rusiyada zəlzələ oldu
-
“Qarabağ”ın potensial rəqibi bəlli oldu - (Yenilənib)
-
Magistraturaya qəbul olanlar üçün qeydiyyat başladı - Yalnız bu portal üzərindən





