Siyasət

Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır

12 May 2021 00:25
Baxış: 1 209

Prezident İlham Əliyevin hər hansı bir bölgəyə səfəri həmin yerin inkişafına və bölgənin gələcək perspektivləri ilə bağlı əlavə qapıların açılmasına xidmət edir. Dövlət başçısının belə səfərlərindən biri də mayın 10-da Naxçıvan Muxtar Respublikasına reallaşdı. Hər dəfə olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də bir çox mühüm açılışlarda iştirak etdi.

Dövlət başçısı ilk olaraq Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak elədi, daha sonra Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışını etdi. Bu da təsadüfi deyildi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi aerodromu və digər infrastrukturlar Zəngəzur dəhlizinin o biri başında hərbi-iqtisadi cəhətdən çox güclü bir qüvvənin dayandığını göstərdi. Prezident İlham Əliyev bu açılışla Zəngəzur dəhlizinin hər iki ucunda iki böyük qüvvənin olduğunu misilsiz ustalıqla nümayiş etdirdi.

Ali Baş Komandan burada Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət etdi. Bilirsiniz ki, Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq "dəmir yumruğ"un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər. Bu, Vətəni sevmək nümunəsi idi, məhz bu sevgi bütün maneələri qəhrəmanlıqla dəf etdi. Ordumuzun igidliyi sayəsində Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq Qələbəsinə çevrildi və bu savaşda biz bir xalq olaraq birləşdik, bizim igid övladlarımız vahid milli ideya uğrunda canlarından keçdi. Xalqımız şəhidlər versə də ruhdan düşmədi, böyük Qələbənin timsalında həmrəyliyimiz, Vətən eşqimiz qalib gəldi.

Səfər çərçivəsində dövlət başçısı Naxçıvan şəhərində "ASAN xidmət" Mərkəzinin binasının tikintisi ilə də tanış oldu. Bu arada qeyd edək ki, hazırda ölkədə 20 "ASAN xidmət" Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri isə regionlardadır.

Prezident İlham Əliyev, həmçinin "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun və "Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin açılışını etdi, eyni zamanda Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlətimizin başçısının səfər çərçivəsində Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olması da təsadüfi deyildi. Ona görə də bu məsələnin üzərindəbir qədər dayanmaq istərdik. Bilirsiniz ki, Azərbaycan Prezidenti mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı həmin müsahibədə bəzi beynəlxalq ünvanlara münaqişənin artıq həll edildiyi barədə daha qəti mesajlarını verdi. İlham Əliyev Naxçıvanda 10 noyabr sənədinin ilk dəfə olaraq yeni strateji keyfiyyətini açdı. 10 noyabr sənədinin tək barışıq yox, daha geniş mənada münaqişənin həll sənədi olduğu bir daha bəyan edildi. Prezidentimiz Naxçıvanın blokadadan çıxışına nəyin bahasına olsa da nail olunacağını ciddi inamla nümayiş etdirdi. Xüsusilə də Naxçıvanın inkişaf və güc göstəricilərinin qabardılması təsadüfi xarakter daşımır.

Naxçıvanın böyük iqtisadi-sosial inkişafı, Ordubada qədərki avtomobil və dəmir yolunun yüksək vəziyyətdə olması barədə Prezidentin bəyanatları Zəngəzur dəhlizi ilə bağlı heç bir güzəştin olmayacağını göstərir. Bütün dünyaya nümayiş etdirildi ki, Horadizdən Ağbəndə, Mehridən Naxçıvana qədərki Zəngəzur dəhlizinin iki mühüm hissəsi artıq hazırlanıb və bunu Azərbaycan Prezidenti hazırlayıb. Dəhlizin işləməsi üçün qalan cəmi 40 kilometrlik hissənin hazırlanması birmənalı olaraq Ermənistanın məsuliyyətinə daxildir.
Heç şübhəsiz ki, Prezident Naxçıvana bu gedişi ilə Zəngəzur dəhlizinin Naxçıvanın inkişafında yeni mərhələ açacağını göstərmiş oldu.

Dövlət başçısının səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsindən bir parçaya diqqət edək: "Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.

Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır".

Azərbaycan Prezidenti Ermənistan ərazisində olan hissənin taleyinə də aydınlıq gətirdi. Bildirdi ki, Ermənistanda dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur: "Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın".

Göründüyü kimi, Zəngilan dəhlizinin tezliklə istifadəyə verilməsi istiqamətində Azərbaycan üzərinə düşən bütün işləri layiqincə həyata keçirir. Xoşbəxtlikdən Ermənistanın dəmir yollarına hakim olan Rusiya da bu məsələdə Azərbaycanla həmfikirdir. Ona görə də əminliklə söyləyə bilərik ki, Zəngəzur dəhlizi, digər adı ilə Naxçıvan dəhlizi çox yaxında istifadəyə veriləcək. Beləliklə, bu dəhliz Ermənistanın özü də daxil olmaqla bölgənin iqtisadi inkişafına yeni təkan verəcək.

Belkəliklə, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının timsalında bölgələrə səfəri regionların, ümumilikdə cəmiyyət həyatının yeniləşməsi və müasirləşməsi, müxtəlif sahələrin inkişafı, əhalinin rifah halının yüksəlişi kimi ali məramlara xidmət edir. Bütün bunlar isə əminlik yaradır ki, Azərbaycan sürətli inkişaf tempini bundan sonra da qoruyub saxlayacaq.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.