Siyasət

Beşiyində boğulan demokratiya - İstismar müddəti bitən dəyərlər - FOTO

4 May 2021 12:20
Baxış: 764

Məsləhət verərkən yox, nümunə olarkən qəbul edilərsən...

Hətta zamanında Uiniston Çörçil də demişdi - Demokratiya idarəçiliyin ən pis formasıdır, heyf ki, ondan yaxşısı yoxdur... Təəssüf ki, əksər məsələlərdə özünü nümunəvi sayan Qərb, Avropa reallıqda nümunə ola bilmir. Beynəlxalq təchizatların mənzil qərargahları olmaq onların prinsiplərini yerinə yetirməyi başqa ölkələrdən tələb etmək hüququ vermir. Dünyaya açdığı müharibədə qılıncına insan haqları, demokratiya yazanların özündə bu qılınc ümumiyyətlə kəsirmi?! Son hadisələr fonunda "Qərb demokratiyası"nın məqsədyönlü şəkildə dünya ideologiyasına nümunə kimi yeridildiyi, inkişaf etdirildiyi bir daha təsdiqini tapır. 

Dinc aksiyaların zorakılıqla dağıdılması, kütləvi həbslər və cəza tədbirləri kimi hallara yol verən ölkələrin başqalarına "demokratiya" adı altında irad tutması üçün mənəvi haqqının olmadığını, sərbəst toplaşmaq azadlığı və insan haqlarının pozulması kontekstindən nəzər salarkən daha aydın düşünmək mümkündür. 

Beynəlxalq təşkilatların hesabatları da göstərir ki, son illər ərzində Avropanın aparıcı ölkələrində sərbəst toplaşmaq, özünü ifadə kimi fundamental demokratik prinsiplərin pozulma halları sürətlə artmaqdadır. Sözsüz ki, bu, ilk növbədə həmin ölkələrin daxili işidir. Lakin məsələ burasındadır ki, öz sərhədləri daxilində sözügedən hüquqları təmin edə bilməyən bəzi belə dövlətlər digər ölkələrə demokratiya dərsi keçməyə çalışırlar. 

İllər öncə Qərbin özül daşları kimi müəyyən edilmiş demokratik prinsiplərin son illər ciddi deformasiyaya məruz qaldığı sirr deyil. Dünyanın hər hansı bir küncündə sərbəst toplaşmaq azadlığının azacıq pozulması zamanı göstərilən həssaslıq nədənsə "qoca qitə"nin aparıcı ölkələrinin özündəki ciddi neqativ hallar zamanı müşahidə edilmir. Nədənsə, liberal hüquqlar, insan hüquqları yalnız müstəqil siyasət yürüdən, öz milli maraqlarını müdafiə etməyə prioritet kimi müəyyən edən dövlətlərə təzyiq göstərmək istəyəndə yada düşür. Müasir Avropanın xarici siyasət xəttinin əsas prinsipinə çevrilmiş bu yanaşmanın ən son nümunəsi çox yox, 3 gün əvvəl Fransada qeydə alındı. 1 May yürüşləri özünü "demokratiyanın beşiyi" adlandıran Fransa üçün əsl döyüş meydanına çevrildi. Yüz minlərlə insanın iştirak etdiyi bayram tədbirləri əslində dinc aksiya kimi nəzərdə tutulsa da ölkədə dövlətin pandemiya siyasətinin yaratdığı narazılıqlar, təqaüdçülərlə bağlı islahatların bəyənilməməsi ilə bağlı hallara görə zəhmətkeşlərin bayramında onları narahat edən məsələlərə dair şüarların səsləndiriləcəyi gözlənilən olsa da Paris küçələrində bu cür şüarları eşidilər-eşidilməz polisin dəyənəyi işə düşdü. Və bir daha Fransada sərbəst toplaşmaq azadlığının sərhədlərinin bir yerə qədər olduğu üzə çıxdı. Təkcə Parisdəki aksiyalarda 60-dan çox nümayişçi polis tərəfindən saxlanılıb. Lakin onların sayının artacağı istisna edilmir. Belə ki, Paris polisi nümayiş zamanı asayişi pozan şəhər sakinləri ilə bağlı araşdırmalartını davam etdirir.

Son həftələr ərzində "Qərb demokratiyası"nın nümunələri təkcə Fransada yox, Avropanın digər nəhəng dövlətlərində də qeydə alınır. Almaniyada hökümətin yarıtmaz pandemiya siyasətinə, qeyri-şəffaf vaksinasiya prosesinə qarşı minlərlə insanın təşkil etdiyi dinc aksiyalar sərt polis müdaxiləsi ilə boğulur. Buradan da aydın olur ki, Avropanın demokratik dəyərlər deyib, əldə bayraq etdiyi prinsiplər nisbidir. Nəticə çıxarmaq olar ki, özündə olmayanı başqalarından tələb edən Qərb "demokratiyasının" istismar müddəti çoxdan bitib. 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.