Siyasət

Erməni general Azərbaycanla sərhədə yollandı

7 Aprel 2021 15:37
Baxış: 4 213

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan Azərbaycanla dövlət sərhədindəki hərbi hissələrə baş çəkib.

Yayılan rəsmi məlumatlara görə, "A.Davtyan hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yoxlayıb.

Davtyanın qəfil səfərinin əsas məqsədi əslində tam fərqli olub. Ermənistan və Azərbaycan arasındakı dövlət sərhədinin delimitasiyası prosesi davam etdiyindən, sərhəd yaxınlığında yerləşən və ya bilavasitə sərhədin ərazilərindən keçdiyi erməni kəndlərinin sakinləri arasında hakimiyyətdən narazılıq artır. Onların dediklərinə görə, ordu və baş nazir Nikol Paşinyanın hökuməti "kəndləri ələ alan türkləri dayandırmaq üçün heç nə etmirlər".

Yerli ermənilər iddia edirlər ki, sən demə, Azərbaycan onların "ərazilərini zəbt edir". Halbuki ölkəmiz 28 illik erməni işğalında olmuş ərazilərimizi elə həmin mənhus işğaldan azad edir.

Ermənistan vətəndaşları olan ermənilərin "bizimdir" dedikləri ərazilərin total əksəriyyəti Azərbaycanın Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının işğal edilmiş torpaqları, kəndləridir.

Delimitasiya prosesi isə təbii, bu ərazilərin işğaldan azad edilməsi və Azərbaycanın ərazi-inzibati vahidlərinə aid olan məkanların ölkəmizə qaytarılmasıdır.

Artak Davtyan da Azərbaycanla sərhədin yaxınlığında yerləşən hərbi hissələrə yollanmaqla iki məqsədini reallaşdırmağa çalışıb. Onlardan biri "Ermənistanın Müdafiə Nazirliyi situasiyaya tam nəzarət edir, hər şey normaldır" görüntüsü yaratmaq, digəri isə Baş Qərargahın sabiq rəisi, general-polkovnik Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasından sonra strukturda yaranmış parçalanma və düşərgələnmədə "xarizmatik, qayğıkeş rəhbər" obrazı ilə opponentlərini üstələmək istəyidir.

Ermənistanın ordusunda, daha doğrusu, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra darmadağın edilmiş strukturda vəziyyət həddən ziyadə ağır olduğundan A.Davtyan durumu qısa müddətdə olmasa da, orta perspektivdə çözməyin yollarını arayır.

Baş nazir Nikol Paşinyanın kreaturası olan sözügedən general-leytenantın indi qarşısında duran əsas problem özünü ciddi, peşəkar və nüfuzlu hərbçi kimi erməni ictimaiyyətinə təqdim etməkdir.

Ermənistandakı mövcud durumu nəzərə alsaq, bu, çətin məsələdir. Belə ki, A.Davtyan ilk əvvəl Azərbaycanla sərhədin yaxınlığındakı hərbi hissələrdə hökm sürən acınacaqlı vəziyyəti, şəxsi heyətdəki ruh düşkünlüyü və pessimizmə qapılması, nizam-intizamla bahəm, təminatın çox aşağı səviyyəsi və s. problemlərin yaxın müddətdə, hətta yaxın illərdə çözülməsi irreal təsir bağışlayır.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.