Siyasət

Erməni propaqandasının "axsaq ördəyi" getdi: "beşik qisası" alacaq - FOTO

6 Aprel 2021 08:50
Baxış: 2 675

Ermənistan Müdafiə Nazirliyinin sabiq rəsmi nümayəndəsi, Baş Kadr və Hərbi-Təhsil İdaprəsinin Tədris İdarəsinin rəisi Arsrun Hovvanisyan vəzifəsindən istefa verib.

Erməni mediasının verdiyi məlumata görə, 41 yaşlı Hovvanisyan istefa ərizəsini ötən həftə yazıb. Onun gedişinin səbəbi müdafiə naziri Vaqarşak Harutyunyanla olan ixtilafıdır.

Ötən ilin sentyabrın 27-də başlayaraq noyabrın 9-da başa çatmış 44 günlük İkinci Qarabağ Savaşı günlərində A.Hovvanisyan cəbhədən "xəbər"lər verir, Ermənistan ordusunun vəziyyətindən bəhs edirdi. Noyabrın 9-da, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanan gecəsi onun vəziyyəti kəskin pisləşmiş, xəstəxanaya aparılmışdı.

Bu ilin fevralında isə o, müsahibəsində haqlı olduğunu, müharibə günlərində "yalan danışmadığını" söyləmişdi.

Ermənistan hakimiyyətinin rəsmi propaqandasının canlı simvoluna çevrilmiş A.Hovvanisyan sosial şəbəkələrdə lağlağı və gülüş obyektidir. Onun ağ yalanlar danışması, erməni ordusunun qaçışlarını "taktiki geri çəkilmə" kimi qələmə verməsi və s. unudulan deyil.

İndisə o, "nəsil artırmaqla məşğul olacağını" deyir.

"Sputnik Armeniya"ya verdiyi müsahibəsində A.Hovvanisyan yeni mənzilə köçdüyünü söyləyib. 4 övladı - 19 yaşlı Klara, 18 yaşlı Susanna, 8 yaşlı Argişti və 3 yaşlı Vanui - olan A.Hovvanisyan müharibə başa çatandan üç gün sonra Facebook səhifəsində yazmışdı: "Yaşama davam edirəm. Hazırlaşacağıq və qalib gələcəyik. Gələcəklə bağlı planlarımı açıqlayacam. Hələliksə yalnız onu söyləyə bilərəm ki, ailəmdə beşinci və altıncı uşaq da olacaq. Erməni uşaqlar çox olmalıdır".

A.Hovvanisyan "beşik qisası" almaq niyyətindədir.

"Məşhur sərkərdələrdən biri "beşik qisası" ifadəsinin müəllifidir. Onunla tam həmrəyəm. Düşməndən qisas almaq üçün yalnız bir şansımız var - demoqrafik problemlərimizi həll etməliyik. Nə etsən də, milli təhlükəsizlik, iqtisadiyyat, ÜDM... hamısı vətəndaşların sayı ilə bağlıdır. Əgər Ermənistanda 5 milyon insan yaşasaydı, ÜDM 5 milyard dollar olardı və bir çox problemlər çözülərdi. Hər erməni ailəsinin dövlət qarşısında fərdi öhdəliyi olmalıdır. Və hər orta statistik erməni ailəsində 3 uşaq minimum saydır", - A.Hovvanisyan söyləyib.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.