Siyasət

Türkiyə ilə protokollar gələn ilin payızınadək Ermənistan parlamentinin gündəliyindən çıxarılmayacaq

28 Aprel 2010 10:01
Baxış: 195
Bunu Ermənistan Milli Şurasının sədri Ovik Abramyan deyib. Onun sözlərinə görə, protokollar yalnız iclasların yaxın gündəliyindən çıxarılıb.

Ermənistan parlamentinin deputatı Viktor Dallakyan jurnalistlərə deyib ki, "Milli Şuranın reqlamenti haqqında" qanuna görə, uzunmüddətli gündəliyə salınmış qanun layihəsinin müzakirəsi maksimum üç sessiya ərzində təxirə salına bilər. Yəni, protkolların 2011-ci ilin payız sessiyasınadək gündəlikdə qalması mümkündür.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan aprelin 22-də protkolların ratifikasiyası prosesini dayandırıb. O, xalqa müraciətində bildirib ki, koalisiya müttəfiqləri və Milli Təhlükəsizlik Şurası ilə məsləhətləşmələrdən sonra Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesindən tam çıxmamaq, yalnız protokolların ratifikasiyası prosesini dondurmaq qərara alınıb.

Serj Sarkisyanın bu barədə fərmanı keçmiş xarici işlər naziri Vardan Oskanyanın tənqidinə səbəb olub. Onun fikrincə, Ermənistan-Türkiyə prosesinin dayandırılması ən pis variantdır. Keçmiş nazir hesab edir ki, hakimiyyət ya heç bir tədbir görməməli, ya da protkollardan imzasını geri çəkməli idi: "Ermənistan Türkiyənin hər şeydən çox arzuladığını elədi: protokolları ratifikasiya etmədi, amma onlardan imtina barədə qərar vermədi. Bununla Türkiyəyə Dağlıq Qarabağ məsələsinə fəal müdaxilələrə davam etmək imkanı verildi. Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyənin üzərindən sərhədlərin açılması ilə bağlı bütün məhdudiyyətlər götürüldü". Vardan Oskanyanın fikrincə, rəsmi İrəvanın ehtiyatsız siyasəti üzündən Ermənistan Türkiyə ilə münasibətlərdə dalana düşüb.

Hakim Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov isə keçmiş xarici işlər nazirinin fikirlərini şərh edərkən bildirib ki, Serj Sarkisyanın addımları hazırkı şəraitdə ən yaxşı variantdır: "Prezident və xarici işlər naziri dəfələrlə bəyan ediblər ki, erməni tərəfi Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə cəlb olunmasına imkan verməyəcək. Əgər keçmiş nazir diqqətsizdirsə, o zaman onun bunları oxumağa və öyrənməyə vaxtı var. Biz əminik ki, effektli siyəsət yürüdürük".

Müxalifətdə olan Erməni Ümummilli Konqresinin əlaqələndiricisi Levon Zurabyan bəyan edib ki, Vardan Oskanyan tərəfindən başlanmış işi indiki hakimiyyət davam etdirir və ona görə də keçmiş nazir hazırkı hakimiyyəti tənqid edə bilməz: "Hər şey ondan başladı ki, "erməni soyqırımı"nın tanınması məsələsi Ermənistanın xarici siyasət gündəliyinə daxil ediləndə Türkiyə tarixçilərdən ibarət komissiyanın yaradılmasını təklif etdi. Bu siyasətin müəllifləri eks-prezident Robert Koçaryan və Vardan Oskanyan idi. Ermənistan-Türkiyə danışıqları o vaxt başladı və gizli şəkildə aparıldı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.