Siyasət

Paşinyan generallara qalib gəldi: bu, necə oldu?

2 Mart 2021 13:15
Baxış: 6 237

Dünən Ermənistanın paytaxtında iki mitinq oldu. Birində Baş nazir Nikol Paşiyan danışdı, o birində isə Paşinyanın istefasını və devrilməsini istəyənlər tələblərini səsləndirdilər.

Hadisələrin məcrasına xronoloji qaydada nəzər salaq.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan bəyanatla çıxış edərək baş nazirin istefasını tələb edir.

Bəyanatı 40 yüksək rütbəli zabit imzalayıb.

Bəyanat yayılandan az sonra N.Paşinyan "siyasətə qarışan" Qasparyanın vəzifəsindən kənarlaşdırılması barədə sərəncam verir.

Qasparyan tabe olmur, məsələ böyüyür. Onu ölkə müxalifəti və Rusiyadakı erməni diasporunun rəhbərləri dəstəkləyirlər.

Paşinyan ölkə prezidenti Armen Sarkisyana müraciət edərək Qasparyanın kənarlaşdırılması ilə bağlı sərəncamın təsdiqlənməsini istəyir.

A.Sarkisyan iki gün sonra bəyanat yayır və "sərəncamın Konstitusiyaya zidd" olduğunu deyir.

Siyasi böhran pik nöqtəsinə çatır, ölkə müxalifətindəki partiyalar arasında 17 strukturu birləşdirən "Vətənin Xilası" Hərəkatı N.Paşiyanın təcili istefasını tələb edir.

N.Paşinyan sərəncamı təkrarən A.Sarkisyana yollayır, Təhlükəsizlik Şurasının təcili toplantısını keçirir və martın 1-nə rəhbəri olduğu "Mənim Addımım" Hərəkatının mitinqini təyin edir.

Ölkə müxalifəti, daha doğrusu N.Paşinyanın istefasını tələb edən qüvvələr də elə həmin gün İrəvanın mərkəzində mitinq keçirəcəklərini deyirlər.

Dünən Ermənistanın paytaxtında iki mitinq oldu.

N.Paşinyanın tərəfdarlarının yığışdığı mitinqdə təxminən 50 min, müxalifətçilərin aksiyasında 20 min erməni vardı.

Mitinqdə çıxış edən N.Paşinyan deyib: "Son 10 ayda hökumətimiz çoxsaylı səhvlərə yol verdi. Ermənilər qarşısında üzr istəyirəm. Səhvlərimə görə bağışlayın məni. Müstəqil Ermənistanın bütün liderlərinin səhvlərinə görə də üzr istəyirəm".

Daha sonra Paşinyan onun istefasını tələb edənlərlə bağlı danışıb: "Ermənistanda yalnız xalq kimin hakimiyyətdə olacağını, kimin də olmayacağını həll edə bilər. Hazırda hakimiyyəti xalqdan almaq istəyirlər. Bura yığmışıq ki, qanunsuzluğa yol verməyəcəyimizi deyək. Xalq bundan sonra ölkədə hakimiyyət olaraq qalacaq. 2008-ci ilin martın 1-də ordunu xalqa qarşı qaldırdılar və nəticədə Ermənistanın 10 vətəndaşı qətlə yetirildi. Elə həmin adamlar indi ordunu xalqa və bu xalqın seçdiyi baş nazirə qarşı qaldırmaq istəyirlər.

Sabiq prezident Serj Sarqsyan Baş Qərargahdakı generallara təsir edərək onları mənə qarşı çıxmağa sövq edib. Onik Qasparyan Baş Qərargah rəisi postunu tərk etməlidir. Baş Qərargahın siyasi bəyanatından sonra bu qaçılmazdır. Ermənistanda sabiqlərin təsiri altında siyasi bəyanatlar verən Baş Qərargah rəisi ola bilməz.

Onik Qasparyan xəyanətkardır - o, Serj Sarqsyanın təsiri altında açıqlamalar verir. Onik Qaspraryan getməli, Baş Qərargahın tələbini imzalamış digər generallar qalmalıdır".

Sonda N.Paşinyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini, habelə Ermənistanın parlament üsul-idarəsindən yarımprezident idarəetməli sistemə keçidi ilə bağlı Konstitusiyaya dəyişikliklər edilməsinin vacib olduğunu vurğulayıb.

Növbədənkənar parlament seçkiləri Paşinyan üçnü sərfəlidir, çünki bundan sonra da qeyri-müyyən müddətdə hakimiyyət qalacaq. Daha sonra seçkilər olacaq və N.Paşinyan da əleyhdarlarına böyük üstünlüklə qalib gələcək.

17 hərəkat və partiyanın birləşdiyi "Vətənin Xilası" hərəkatının fəaliyyəti isə keçirdiyi aksiyalardan görünür. Ermənistan müxalifəti, hələ ki, Nikol Paşinyana bütün istiqamətlərdə və müstəvilərdə uduzmaqdadır.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçünsə "Çiçəklənən Ermənistan" Partiyasının bu təkliflə razılaşması gərəkdir. Kriminal oliqarx Qagik Sarukyanın məsələ ilə bağlı Nikol Paşinyanla sövdələşməyə gedəcəyi əsla şübhə doğurmur. Səbəb sadədir: Sarukyan inqilabçı, asket və ya mənəviyyatlı insan deyil.

Əslinə baxsaq, Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması ilə bağlı Ermənistan müxalifətinin aktivləşməsi hələ 2-ci Qarabağ Müharibəsi zamanı başlanmışdı. Sabiq prezidentlər Serj Sarqsyanla Robert Köçəryan əslən Qarabağdan olan ermənilərin klanının rəhbərləri kimi qisas almaq, revanşı gerçəkləşdirmək və Paşinyanı devirərək hakimiyyətə qayıtmaq üçün əllərindən gələni edirdilər.

Ermənistanın müharibədə məğlubiyyəti isə "qarabağlı"lar üçün Paşinyanı devirmək baxımından çox əlverişli, rahat səbəbə çevrildi.

Lakin artıq dördüncü aydır ki, Nikol Paşinyan əleyhdarlarının bütün cəhdlərinə və səylərinə, aksiyalarına və intriqalarına rəğmən hakimiyyətdədir, getməyə də hazırlaşmır.

Dünənki mitinq İrəvandakı "inqilab" dönəmindəki yürüşlərlə müqayisədə dəfələrlə azsaylı olsa da, müxalifətin mitinqindən daha izdihamlı idi.

Bu isə Ermənistanda hazırkı, mövcud və nominal müxalifətin faktiki fiaskoya uğradığını göstərir.

Onik Qasparyanın və generalların hərbi çevriliş cəhdi də alınmadı.

Nədir klassik anlamda hərbi çevriliş? Vətəndaşlar axşam evlərində televizorlara baxırlar, kino və ya şou seyr edirlər, səhər isə başqa şəraitdə, hakimiyyətin devrildiyi ölkədə ayılırlar. Əvvəlki hakimiyyət yoxdur, hökumət başçısı qaçıb gizlənib və gizləndiyi yerdən "sonadək mübarizə aparacağını" deyir, küçələrdə əsgərlər və hərbi texnikadır. Ən əsası isə hər şey qəflətən, çox sürətlə, hər hansı müzakirə və ya məsləhətləşmələr olmadan baş verir.

Ermənistanda isə bütün bunlar olmadı. Onik Qasparyanın başçılıq etdiyi 39 general günlərlə müzakirələr apardılar, xəbərdarlıqlar etdilər və beləcə, təşəbbbüsü əldən verdilər.

Generallara gəldikdə isə, Ermənsitanda Paşinyanı dəstəkləyənlərin hələ də az olmadığını nəzərə alan böyük güclər ölkədəki vəziyyətə birbaşa müdaxilə etməkdən çəkinirlər. Rusiya "yaşananlar Ermənistanın daxili işidir" bəyanatı ilə çıxış etdisə, ABŞ birmənalı olaraq mövcud hakimiyyəti dəstəklədi və ordunu siyasətə daha aktiv qarışmaqdan çəkinməyə çağıraraq xəbərdarlıq etdi.

Generallar Paşinyana qarşı olsalar da, daha aşağı rütbəli zabitlər generalları dəstəkləmirlər. Çünki onlar bilirlər ki, 2-ci Qarabağ Müharibəsində Ermənistanın məğlubiyyətini şərtləndirən səbəblər arasında ölkə generalitetinin rüşvətxorluğu, bacarıqsızlığı, korrupsiyası və intriqaları əlahiddə yer tutur.

Belə şəraitdə Onik Qasparyan açıq-aşkar müxalifəti dəstəkləyərək ordunun küçələrə çıxmasına əmr versəydi, elə Silahlı Qüvvələrin sıralarında parçalanma və qarşıdurma başlayacaq, ölkə qanlı vətəndaş müharibəsinə qərq olacaqdı.

Ermənilərin tam əksəriyyəti vətəndaş müharibəsi ilə yanaşı, övladlarının Qarabağa hərbi xidmətə göndərilməsinə qarşıdır. Yəni orta statistik ermənini indi nə Qarabağ, nə də Serj Sarqsyanla Robert Köçəryanın hakimiyyət iştahları maraqlandırır.

Erməni generalitet də komandasının yerinə yetiriləcəyinə əmin olmadığı üçün hakimiyyəti ələ keçirməklə bağlı əmr verməyə cəsarət etmədi.

Və ən nəhayət, Paşinyanın istefasını tələb edən bəyanatı imzalayan generalların istisnasız olaraq hamısı qarabağlı ermənilərdir, yəni Robert Köçəryanla Serj Sarqsyanın təsiri altındadır.

Nikol Paşinyanın hakimiyyətdə qalması onun ifrat intellektual və ya intriqalar ustası olması ilə bağlı deyil. Tam tərsinə: Paşinyan böyük siyasətdə bisavad, piyada, cahil, mənəviyyatsız, əxlaqsız və düşük bir insandır.

Buna rəğmən, onun uğurunun səbəbi əhalidədir. Ermənistan əhalisi hakimiyyətə rəğbət bəsləmir, amma müxalifətin "ölkənin nicatı" və baş nazir postuna real namizəd qismində göstərdiyi adamlara da nifrət edir.

İstənilən dövlətdə savaşda məğlubiyyət hakimiyyət dəyişikliyini şərtləndirir. Ermənistan kimi anormal ideologiyalı, irqçilik, nasizm və zooloji millətçilik ideyalarının beyinlərə işlədiyi dövlətdə belə məğlubiyyət mütləq şəkildə, aprior olaraq Paşinyanın devrilməsi ilə sonuclanmalı, baş nazir canlı meyit olmalıydı.

Fəqət, Paşinyan narahat olsa da, özünü məğlub hesab etmir.

2-ci Qarabağ Müharibəsi başa çatandan sonrakı ilk günlərdə onun mövqeləri həddən ziyadə laxlasa da, indi onun sonadək mübarizə aparacağı aydındır.

Ermənistan müxalifəti qalib gəlmək üçün bəhs etdiyim ilk günlərdə Nikol Paşinyanın hakimiyyətdən kənarlaşmasına nail olmalıydı.

İndisə artıq gecdir.

Ermənistanda Robert Köçəryana və Serj Sarqsyana, onların idarə etdikləri müxalifət qüvvələrinə nifrət o qədər güclüdür ki, hətta müharibədəki darmadağın və kapitulyasiya belə, Paşinyanın istefasını şərtləndirəcək kütləvi etirazlara səbəb olmadı.

Generalların müxalifətin tərəfinə keçərək aşkar şəkildə siyasətə qarışması belə, Paşinyanın əleyhdarlarına kömək etmədi.

Söz yox, İrəvanda müxalifət aksiyalarına qatılan ermənilərin sayı cəmiyyətdə Paşinyandan çox ciddi narazılığın olduğunu göstərir.

Lakin bu kəmiyyət Paşinyanın hakimiyyətdən kənarlaşdırılması üçün yetərli keyfiyyət deyil.

Nikol Paşinyanın baş nazir postundan uzaqlaşdırılması üçün on minlərlə yox, yüz minlərlə erməninin etiraz aksiyasına çıxması gərəkdir.

Çünki istənilən inqilabın gerçəkləşməsi üçün əhalinin 2 faizinin küçələrə çıxıb aktiv olması və 90 faizin də sussalar da, onları dəstəkləməsi gərəkdirsə, ən zəif və bacarıqsız hakimiyyətin devrilməsinin şərti müxalifəti əhalinin 90 faizinin dəstəkləməsidir.

Daha sonra polis müxalifətin tərəfinə keçməli, dövlət qurumlarının fəaliyyəti iflic olmalı, hakimiyyətdə təşviş yaranmalıdır.

Əks təqdirdə heç nə alınan deyil.

Ermənistanda, sadəcə, postsovet məkanı ölkələri arasında "rəngli inqilab"ların yaşandığı dövlətlərdəki situasiya təkrarlanır.

Yəni eynən Gürcüstan və Ukraynada olduğu kimi, Ermənistanda da "rəngli inqilab"ın, əslində, illüziya, boş və puç vədlər olduğunu gec anlayan cəmiyyətdə laqeydlik, süstlük, hamıya, o cümlədən müxalifətə inamsızlıq var.

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.