Siyasət

Bakı türkmənlərə Avropanın qapılarını açdı

23 Fevral 2021 14:59
Baxış: 1 530

Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin beşinci üçtərəfli görüşünün proqramına əsasən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.

"Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq", - Azərbaycan XİN-nin açıqlamasında bildirilir.

Xarici İşlər Nazirliyinin bəyanatı qısa və lakonik olsa da, Ankaradakı müzakirələrlə bağlı messicdir.

Ankara-Bakı-Aşqabat geosiyasi və iqtisadi triosunun formalaşması sürətlə davam edir: bu, eyforik məcaz yox, reallıqdır.

Müstəqil dövlət kimi formalaşdığı və suverenlik əldə etdiyi gündən bəri neytrallıq siyasəti yürüdən, postsovet məkanındakı hərbi-siyasi təşkilatlarla bahəm, beynəlxalq strukturlara üzv olmayan Türkmənistan son vaxtlara qədər qonşu ölkələrlə münasibətlərdə də problemlər yaşayırdı. Rəsmi Aşqabadın Astana, Daşkənd və Bişkəklə təmasları, əfsuslar olsun ki, tam normal dəyərləndirilə bilməz.

Eyni zamanda, kollektiv Qərbin Türkmənistana təzyiqləri də azalmır. İlk baxışdan Avropadakı beynəlxalq təşkilatlar və panavropa strukturları Aşqabadla bağlı situasiyanı kritik dəyərlədirmirlər: hər halda ATƏT və ya AŞPA-nın Türkmənistanla bağlı bəyanatları, açıqlamaları və qətnamələri həddən ziyadə azdır. Bunu müəyyən mənada siyasi laqeydlik təzahürü də saymaq olardı, lakin vəziyyətin məzmunu görüntüdən çox fərqlidir.

Avropa Birliyi də daxil olmaqla, Qərb, sadəcə, Türkmənistanın karbohidrogen ehtiyatlarında maraqlıdır. Türkmənlərin siyasi tələbləri, iqtisadi problemləri, regional coğrafiyadakı yerləri ilə bağlı istəkləri, habelə geosiyasi proseslərdə tutduqları mövqe və oynadıqları rol ilə bağlı niyyətləri Avropanı qətiyyən maraqlandırmır.

Daha sadə, desək, Qərbin nəzərində Türkmənistan ən yaxşı halda enerjidaşıyıcıları resurslarına malik üçüncü dünya dövlətidir.

Aşqabad bunu anlayır, lakin problemin həlli istiqamətində atdığı addımlar zəruri effekt vermir.

Halbuki geosiyasi məkan baxımından Türkmənistan Orta Asiyada əhəmiyyətli və bəlkə də ən önəmli yerlərdən birini tuta bilər.

Azərbaycan illərdən bəri münasibətlərinin sərin olduğu, lakin indi qarşılıqlı problemləri sürətlə çözdüyü Türkmənistan üçün bəhs etdiyimiz müşküllərin həllində lokomotiv rolunu oynaya bilər.

Xüsusilə də türkmən qazının dünya bazarlarına çıxarılmasında Bakı dost və qardaş Aşqabad üçün müstəsna əhəmiyyət kəsb edir.

Türkmənistandakı "mavi yanacağın" Rusiyaya nəql olunduğu Dövlətabad-Dariyalık qaz boru kəmərində 2009-cu ilin aprelindəki partlayışdan sonra Aşqabad anladı ki, Rusiya ilə uzunmüddətli münasibətlərin səbatlı və dayanıqlı olacağına güvənmək təhlükəlidir.

2010-cu ilədək Türkmənistan Rusiyaya bir kubmetr də təbii qaz ixrac edə bilməməmişdi və bu səbəbdən də Aşqabad təbii qaz nəqli məsələsində tərəfdaşlarının sayının artırılaraq diversifikasiya edilməsində və eyni zamanda bir neçə ölkə ilə enerji layihələrinin gerçəkləşdirilməsində fəallaşmaqla alternativ yollar arayırdı.

Türkmən qazının hazırda ən böyük alıcıları Çin, Rusiya və İrandır. Dünyada ən böyük qaz boru kəməri olaraq uzunluğu 7 min kilometr, buraxma gücü isə ildə 40 milyard kubmetr təşkil edən Türkmənistan-Çin boru kəməri Aşqabad üçün ən böyük layihədir. Bununla yanaşı, türkmənlər hər il Rusiyaya 10 milyard, İrana isə 14 milyard kubmetr təbii qaz satırlar.

Eyni zamanda, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) boru kəməri də mövcuddur. 1860 km uzunluğundakı boru kəməri ildə 30 milyard kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulub. Lakin marşrutla bağlı problemlər var və o, hələ tam gücü ilə işləmir.

10 il əvvəlsə Türkmənistan "Nabucco" layihəsinə qatılaraq təbii qazını Avropaya çıxarmaq və bu minvalla ölkənin illik qaz satışını 100 milyard kubmetrə çatdırmaq niyyətində idi.

Minimum 8,1 trilyon kubmetr təbii qaz ehtiyatlarına malik olan Türkmənistan bu baxımdan Rusiya, İran və Qətərdən sonra dünyada 4-cü yeri tutur.

Fəqət, çox zəngin təbii ehtiyatlarına rəğmən Aşqabad Avropa ilə ticari əlaqələr və regional layihələrdə iştirak baxımından layiq olduğu yerdə deyil.

Azərbaycana məxsus "Kəpəz" yatağını illər boyu "Sərdar" adlandıraraq mübahisəyə zəmin yaradan Aşqabad sonradan fikrini diametral şəkildə dəyişdi və məhz bunun sayəsində həmin mübahisəli yatağı iki ölkə "Dostluq" adlandıraraq sərin münasibətlərə son qoydular.

Regional əməkdaşlığa Rusiyanın da iştirakını təmin etmək məqsədilə "Dostluq"dakı təbii qazın hasilatına "LUKoyl" şirkəti cəlb olunub.

Eyni zamanda, Aşqabad-Bakı tərəfdaşlığının genişləndirilməsi üçün İranla da danışıqlar aparılır.

Belə konfiqurasiya, təbii ki, Türkiyənin ən fəal iştirakı ilə reallaşdırılır və türkmən qazının Avropa bazarlarına çıxarılmasında Ankara müstəsna rol oynayır.

Türkiyə türkmənlər üçün həm də geosiyasi tərəfdaşlıq baxımından önəmli ölkədir və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov məhz Bakı vasitəsilə Ankara ilə daha sıx əlaqələr qurmaqda, tərəfdaşlıqla əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək niyyətindədir.

Regionda formalaşmağa başlamış Ankara-Bakı-Aşqabad triosu türkmənlər üçün həm də siyasi və hərbi baxımdan da müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan və Türkiyənin hərbi-sənaye kompleksləri modernləşdirlmə prosesinin aparıldığı Türkmənistan silahlı qüvvələri üçün hazırda ən etibarlı təminatçı rollarını oynaya bilər.

Bakı, gerçəkdən də, Türkmənistan üçün Avropanın qapılarını açır. Əməkdaşlığın perspektivləri geniş, potensialı isə böyükdür.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.