Siyasət

Polşada “media qiyamı”nı kim alovlandırır?

15 Fevral 2021 16:48
Baxış: 1 144

Ölkənin informasiya məkanını milliləşdirmək təşəbbüsləri  "rəqəmsal texnologiya nəhəngləri"nin müqaviməti ilə rastlaşıb  

Polşada nüfuzlu media qurumları ilə hökumət arasında gərginlik yaranıb, münasibətlər kəskinləşib. Fevralın 10-14-ü aralığında ölkənin nüfuzlu KİV-ləri silsilə etiraz aksiyaları keçiriblər. Kampaniyaya təqribən 45 nüfuzlu KİV qurumu qatılıb. Etiraz nümayişi üçün hələlik sadə forma seçilib: qəzetlər bəzi səhifələrini boş, materialsız çap ediblər; sadəcə bir cümlə - "Burada sizin üçün çox maraqlı, oxunaqlı material olmalıydı" yazıblar. TV-lər də müəyyən efir saatlarını boş saxlayıblar, qara ekran nümayiş etdiriblər,  "İndi sizin ən çox sevdiyiniz proqram olmalı idi" - deyə tamaşaçıya müraciət ediblər. Radiolar isə dinləyicilərə müraciətlə  "bu gün normal bir proqram eşitməyəcəksiniz" kimi mesajlar yayımlayıblar. Aksiyanın koordinatorları bildiriblər ki, hökumət geri addım atmazsa, növbəti mərhələdə daha sərt taktikalardan istifadə ediləcək.

Etirazlara səbəb Polşada yeni reklam qanunu layihəsinin hazırlanması və parlamentin müzakirəsinə çıxarılmasıdır. Layihənin 1 iyul tarixinə qədər qəbul ediləcəyi gözlənilir. Layihə qəbul edilərsə, ölkədə  reklam/maliyyə gəlirləri yüksək olan KİV qurumları, naşirlər, yayımçılar, kinoteatr sahibləri, reklam xidməti göstərən şirkətlər, mediaya reklam verən şirkətlər, o cümlədən, rəqəmsal texnologiya nəhəngləri, ilk növbədə Google, Facebook, Apple və Amazon özlərinin reklam gəlirlərindən vergi verməli olacaqlar. Yeni qanun medianı reklam gəlirlərinə cəlb etməyi hədəflədiyi üçün onu ironiya ilə  "Media vergisi" də adlandırırlar.

Baş nazir Mateusz Morawiecki dünən özünün sosial şəbəkə hesablarında status paylaşaraq, KİV-ləri etiraz aksiyası keçirməyə təşviq edənləri kəskin ifadələrlə qınayıb. Bildirib ki, yeni qanun yerli, milli KİV-lərə heç bir neqativ təsir göstərməyəcək. Dəyişikliklərin hədəfi Polşada media fəaliyyəti və reklam sahəsindən böyük vəsaitlər əldə edən, amma bu gəlirlərdən milli büdcəyə fayda verməyən şirkətlərdirlər. Layihədə prosedurlar elə qurulub ki, rəqabətə az davamlı olan milli KİV-lərə  şamil olunmayacaq. Belə ki, yeni reklam vergisi medianın növündən və reklam gəlirlərindən asılı olacaq. Vergilər gəlirləri minimum 15-30 milyon PLN ( 15 milyon PLN=3. 3 milyon  Eur ) arasında olan KİV-lərə tətbiq ediləcək. Bu həddə gəliri olan şirkətlər 2% vergi ödəyəcəklər. Reklam dövriyyəsi və gəlirilərin həcmi artıqca, vergi yükü də yüksələcək. Məsələn, gəlirləri 50 milyon PLN-ə qədər olan təşkilatların reklam dövriyyəsindən vergi yükü 7,5% olacaq. Maksimum hədd isə 15% həcminə qədər arta bilər. Polşada milli KİV-lərin dövriyyəsi bu standartlara cavab vermədiyindən, yeni qanunun tətbiq sahəsinə daxil olmurlar.

Hökümət sözçüsü Piotr Müller Polşa Mətbuat Agentliyinə (PAP) verdiyi açıqlamada yeni qanun layihəsinin reklam bazarındakı ən böyük oyunçulara təsir edəcəyini söyləyib. Əlavə edib ki, bunlar, ilk növbədə xarici şirkətlər olacaqlar: "Uzun müddətdir ki, Avropa Birliyində rəqəmsal texnologiya nəhənglərinin ədalətli vergiyə cəlb edilməsinə dair qaydalar haqqında müzakirələr gedir. Təəssüf ki, bu müzakirələr lüzumsuz halda uzadılır. Biz ilk nümunəni tətbiq edirik. Təklif etdiyimiz  "həmrəylik" vergisinin Google, Facebook, Apple və Amazon kimi nəhəng şirkətləri ədalətli vergi ödəməyə məcbur edəcək. Onlar isə bizə müqavimət göstərirlər, milli KİV-ləri çaşqın salaraq hökumətə qarşı qaldırırlar".

Avropalı ekspertlər qeyd edirlər ki, Polşanın hökümət sözçüləri niyyətlərini yarımçıq açıqlayırlar. Onların hədəfi təkcə rəqəmsal texnologiya nəhəngləri deyil, həm də Polşada media sahəsində inhisarçı mövqeyə malik olan Almaniya sərmayəçiləridirlər. Çünki Polşada media sahəsində ən böyük şirkətlər Almaniya sərmayəçilərinə məxsusdurlar. Təsadüfi deyil ki, son həftə ərzində hökumətə qarşı KİV-lərin etiraz aksiyalarını stimullaşdıranlar sırasında  "Ringier Axel Springer Polska"nın adı daha çox halandırılır. İsveçrə-Almaniya ortaq müəssisəsi olan "Ringier Axel Springer Polska" Polşada mətbuat yayımı və internet media sahəsində inhisarçı gücə malik ən böyük şirkətlərdəndir. Bu məqamı qabardan ekspertlər vurğulayırlar ki, Polşada hökumətin informasiya məkanını milliləşdirmək təşəbbüsləri xarici güclərin inhisarçılığını sarsıdacağı üçün,  onlar medianı təşkilatlandırır, hökumətə qarşı yönləndirirlər.

Yekun olaraq bu rəyə gəlinir ki, Polşa hökuməti yeni qanun layihəsi ilə iki mühüm hədəfə çatmaq niyyətindədir. Birinci hədəf ölkədə 100 milyonlarla dollar həcmində gəlir götürən rəqəmsal texnologiya nəhənglərini ədalətli vergiyə cəlb etmək, onların ölkə büdcəsinə fayda verməsini təşkil etməkdir. İkinci hədəf isə ölkənin informasiya məkanını milliləşdirmək, xarici inhisarçıların təsirindən çıxarmaqdır. Bu məqamda hər iki hədəf obyektləri öz güclərini birləşdirərək, Polşa hökumətinə təzyiq göstərmək,  onu öz niyyətindən çəkindirmək istəyirlər. Bu sırada texnologiya nəhəngləri daha aktiv görünürlər. Ekspertlər qeyd edirlər ki, Polşada son həftə ərzində yaşanan hadisələr rəqəmsal texnologiya nəhənglərinin yanvar ayında Donald Trampa qarşı sərgilədikləri güc nümayişinin davamı, yeni versiyasıdır.    

Yeri gəlmişkən qeyd edək ki, rəqəmsal texnologiya nəhənglərinin ədalətli vergiyə cəlb edilmələri  təşəbbüsləri artıq bir ildən yuxarıdır ki, Avropada trend müzakirə mövzuları  sırasındadır. Xüsusi olaraq COVİD-19 pandemiyası dövründə bu təşəbüslər daha da intensivləşib. Pandemiya şərtlərinə uyğun olaraq  tətbiq edilən sosial təcrid proqramları ənənəvi medianın imkanlarını azaldıb, rəqəmsal medianın imkanlarını isə artırıb. Ənənəvi media özünün istehsal etdiyi məzmunu internet üzərindən yaymaq məcburiyyətində qalıb. Sosial şəbəkələr daha da məşhurlaşıb, auditoriyanı özünə cəlb edib. Uyğun olaraq,  reklamlar, elanlar da  sosial şəbəkələr  üzərinə yönləndirilib. Beləliklə, işləyən peşəkar jurnalistika, qazanan isə  rəqəmsal texnologiya adminləri  olublar. "Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma" dünya dövlətlərinə müraciət edərək,  GAFAM-ın (Google, Apple, Facebook, Amazon, Microsoft) ayrı-ayrı ölkələr  ərazisində əldə etdikləri  gəlirlərə ümumi və xüsusi vergi tətbiq etməyə çağırıb. Qeyd edirlər ki, bu şirkətlər dünyada ümumilkkdə  900 milyard dollar dəyərində gəlir əldə etsələr də, ölkələrin əksəriyyətində vergi ödəmirlər: Bu gəlirlərə  6% səviyyəsində vergi tətbiq etməklə və əldə edilən gəliri peşəkar jurnalistikanın inkişafına yönəltməklə,   jurnalistikaya 54 milyard dollar qazandmaq mümkündür. Çünki onlar əldə etdikləri gəlirlərin böyük bir qismini "medianın əlindən ədalətsizcəsinə alıblar".  

Texnologiya nəhəngləri isə bu təşəbbüslərin inkişaf etməsini əngəlləmək üçün  bütün vasitələrdən istifadə edirlər, hətta, Polşada olduğu kimi, hökumətlərə qarşı güc nümayiş etdirməkdən də çəkinmirlər.   Deyə bilərik ki, dünyada yeni güc mərkəzi, yeni situasiya formalaşır.

Müşfiq Ələsgərli

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.