Siyasət

Qərblə Rusiya geosiyasi savaşında Bakı nə etməlidir?

15 Fevral 2021 14:33
Baxış: 4 484

Cozef Baydenin ABŞ prezidenti postunda fəaliyyətə başlamasından sonra ABŞ və Avropa Birliyinin timsalında kollektiv Qərbin Rusiya ilə qarşıdurması yeni, daha sərt mərhələyə qədəm qoydu.

Əslində hələ altı il əvvəl, 2014-cü ildə Qərblə Rusiyanın münasibətlərində ciddi sərinləşmə başlamışdı ki, sonradan çat dərinləşdi, Qərbin Rusiyaya sanksiyaları çoxaldı, qarşılıqlı suçlamalar və ittihamlar artdı.

Qarşıdurma artıq ortamüddətli perspektivdən çıxaraq uzunmüddətli perspektivli problemə çevrilib.

Cozef Baydenin "demokratiya ixracı" taktikasından bəhs etməsi, "rəngli inqilablar" ssenarilərinin yenidən rəflərdən çıxarılması, A.Navalnının işi və Avropa Birliyinin də Rusiyaya qarşı maksimal sərt sanksiyaları müzakirə etməsi aşkar göstərir ki, hamımız yeni gərginliyin formalaşmasını müşahidə edirik.

Bu kontekstdə Şərqi Avropa və postsovet məkanı regionu Qərblə Rusiya arasında qarşıdurma arealına, habelə silahlanma bölgəsinə çevrilməkdədir. Əgər indiyədək kollektiv Qərb bütün imkanlarını işə salaraq NATO-nun şərq cinahını möhkəmləndirirdisə, indi NATO ölkələri ilə Rusiya arasında Moldova, Ukrayna və Gürcüstandan ibarət "təhlükəsizlik zolağı"nın, bufer zonasının yaradılmasını müşahidə edirik.

Kişinyov, Kiyev və Tbilisinin Şimali Atlantika Alyansı ilə əməkdaşlığı keyfiyyət baxımından yeni səviyyədədir.

Belə situasiyada Azərbaycanı qarşıda gözləyən çağırışlar baxımından Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlər də ciddi əhəmiyyət kəsb edir. Türkiyə qardaş ölkə, strateji və siyasi müttəfiqdirsə, Avropa Birliyi Azərbaycanın tərəfdaşıdır.

Ankara-Brüssel münasibətləri isə əvvəlki illərdən tam fərqli məcradadır. Belə ki, əvvəlki onilliklərdə Türkiyə ciddi şəkildə AB-yə üzv olmağa çalışırdısa və Brüsselin tələbləri ilə şərtlərini yerinə yetirərək "Uyğunlaşma paketi"ndə göstərilən müddəaları gerçəkləşdirməyə can atırdısa, son 10 ildə bu niyyətindən tam vaz keçib.

Səbəb trivialdır: Avropa Birliyi bütün bəyanatlarına və Ankara qarşısında qoyduğu çox sərt şərtlərə rəğmən, Türkiyəni öz sıralarına qəbul etmək niyyətində olmayıb, deyil və bundan sonra çətin ki, olsun.

Türkiyənin AB ilə münasibətlərinə nəzər salaq:

1. ÜSTÜNLÜKLƏR

a) Qlobal geosiyasi güclərlə mübarizədə AB-nin Türkiyəyə kəskin ehtiyac duyması

b) Qaçqınlarla və qanunsuz miqrasiya ilə mübarizə

c) İspaniya, Macarıstan və Bolqarıstan kimi ölkələrlə əlaqələrin sürətlə inkişaf etməsi

d) Avropa Birliyi ölkələrində yaşayan türk diasporu

2. ÇATIŞMAZLIQLAR

a) Yunanıstanın və yunan Kiprinin AB-də üzvlüyü

b) Avropa Birliyi ölkələrində güclənən antitürk lobbisi

c) Türkiyə qarşı sərt mövqe tutan ABŞ prezidenti Co Baydenin strategiyası

d) Xarici ticarətdə və iqtisadi əlaqələrdə saldonun dəyişməsi səbəbindən AB-nin Türkiyəyə təsirinin azalması

e) Avropa Birlyi ölkələrində artan islamofobiya

3) PROBLEMLƏR

a) Aralıq dənizinin şərqindəki qarşıdurma

b) Egey dənizinin kontinental şelfi

c) Qaçqınlar və qanunsuz miqrasiya problemi

d) Liviya problemi

e) Avropa Birliyinin Türkiyənin siyasətinə qarışmaq cəhdləri

... Göründüyü kimi, bölgə ölkələri arasında seçim məcburiyyəti yaranıb: ya qarşıdurma məkanına daxil olmalı, ya da neytrallığını qorumalı. Obyektiv olaraq yeni istiqamət dövlətlərin öz seçimindən asılıdır. Fəqət, həmin seçimə kollektiv Qərblə yanaşı, Rusiya da ciddi təsir etməyə çalışacaqlar.

Təbii ki, belə təsir mütləq şəkildə ölkələrin daxili və xarici siyasətlərinə müdaxilə cəhdləri ilə müşayiət olunacaq. Çünki istənilən ölkənin xarici siyasətindəki istiqamətləri dəyişməyin ən asan yolu onun daxili siyasətinə sirayətdir.

Azərbaycanın atacağı addımlar bəllidir. Bəhs etdiyimiz situasiya heç şübhə yox ki, ölkəmiz üçün təhdiddir. Rəsmi Bakının xarici siyasətinin əsas prinsiplərindən biri ənənəvi olaraq kənar qüvvələrin və güc mərkəzlərinin dezaviuasiyası olub.

Azərbaycan heç zaman qarşıdurma məkanı olmağa çalışmayıb: tam əksinə, daim kənar qüvvələrə əməkdaşlıq təklif etmişik. Təsadüfi deyil ki, rəsmi bakı ABŞ və NATO generallarının Rusiyanın Baş Qərargahının rəhbərliyi ilə görüşü üçün məkan olmağa razılaşıb, gərəkli şəraiti də yaradıb.

İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycan regionda yaranmış unikal Rusiya-Türkiyə əməkdaşlığının fəal iştirakçısıdır. Məqsəd postkonflikt bərpa, reinteqrasiya və sülhə dəstəkdir.

Kollektiv Qərbin bölgəyə ifrat marağı da mənafelərimizə tam cavab vermir. Qarşımızda duran məqsəd 44 günlük savaşdan sonra formalaşmış geosiyasi reallıqların səbatlaşması və dərinləşməsidir. Kənar geosiyasi güclərin qarşıdurma prosesində bölgəmizdə möhkəmlənmə cəhdlərinin qarşısını yalnız bu yolla ala bilərik.

ATƏT-in Minsk Qrupu kollektiv Qərblə Rusiya arasında maraqların qismən də olsa, üst-üstə düşdüyü yeganə əməkdaşlıq formatı idi. Regiondakı reallıqların dəyişməsi həmin qütblərin məqsədlərində də transformasiya yaradıb.

Ona görə də reallıqların dəyişdiyini, regionla bağlı siyasəti yeni şəraitə uyğun formalaşdırmağın vaxtı gəldiyini göstərməliyik.

Onu da unutmayaq ki, daxili siyasətə müdaxilə vasitəsilə xarici siyasətimizdə korrektələr etmək üçün nə kollektiv Qərbin, nə də Rusiyanın heç bir təsir imkanı yoxdur.

Və bu, Azərbaycanın çəkisi, rolu və nüfuzu ilə bağlıdır.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.