Siyasət

Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi

23 Yanvar 2021 23:18
Baxış: 1 215

Azərbaycan və Türkmənistan arasında yanvarın 21-də Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı.

Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı bu yataq iki ölkənin dəniz sərhədində yerləşir və Azərbaycan neftçiləri tərəfindən kəşf olunub. Hələ 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

Yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmamışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu iqtisadi strategiyası məsələnin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həll olunmas üçün şərait yaratdı. Prezident İlham Əliyev daha öncəki çıxışlarında enerji sahəsində yeniliklərin olacağı ilə bağlı anons vermişdi.

İki ölkə arasındakı anlaşmanın tarixi əhəmiyyətilə yanaşı, bu həm də , Azərbaycanın neft-qaz strategiyasının inkişafında yeni mərhələnin başlanması deməkdir.

Bu anlaşmanın Azərbaycana hansı iqtisadi qatqıları olacaq?

- Anlaşmaya əsasən yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq.

- Bununla da Azərbaycanın regionda həm də tranzit ölkə kimi əhəmiyyəti artıracaq.

- Bu anlaşma Trans-Xəzər boru kəməri layihəsinin inkişafına kömək edəcək ki, nəticədə Türkmənistan qazı Avropa bazarına Azərbaycan vasitəsilə çıxa bilər.

- Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək.

Beynəlxalq ekspertlər də bu memorandumun əhəmiyyətini və perspektivlərini olduqca yüksək qiymətləndirir

Milli.Az APA-ya istinadən xəbər verir ki, sənədin əhəmiyyətini şərh edən Norveçin "Rystad Energy" tədqiqat və konsaltinq şirkətinin baş analitiki Svapnil Babele Trend-ə bildirib ki, Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağının birgə işlənməsi Xəzər dənizində kəşfiyyat üçün daha çox imkanlar yaradır.

O bildirib ki, bu yataq Azərbaycanın nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının yaxınlığında yerləşir və bu, Türkmənistana öz karbohidrogen ehtiyatlarını Azərbaycanın mövcud strukturları ilə nəql etməyə imkan verəcək.

Ekspert əlavə edib ki, Azərbaycanın dəniz yataqlarının işlənməsi üzrə təcrübəsi var:
"Azərbaycanda da, Türkmənistanda da maye karbohidrogenlərin hasilatının azalması müşahidə olunur və bu layihə onlara qısamüddətli perspektivdə hasilatı dəstəkləməyə imkan verəcək. Bu saziş Trans-Xəzər boru kəməri üzrə yeni danışıqlar üçün də mühit yaradacaq, Türkmənistan üçün yeni qaz bazarlarına yol açacaq".

Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi, ekspert Fransis Perren də bildirib ki, bu saziş ilk növbədə Xəzər dənizində əlavə karbohidrogen yatağının işlənməsinə gətirib çıxarmalıdır:

"İkincisi isə bu, Trans-Xəzər boru kəməri layihəsinin inkişafına kömək edə bilər. Bu boru kəməri sxeminin əsas üstünlüklərindən biri iri qaz ehtiyatlarına nəzarət edən Türkmənistanın Azərbaycan vasitəsilə Avropa bazarına birləşməsi olacaq. Avropa İttifaqı qaz tədarükü mənbələrini şaxələndirməyə çalışır və Xəzər regionu bu strategiyanın tərkib hissəsidir. Avropa təxminən üç həftə əvvəl "Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycan qazını idxal etməyə başlayıb. Üçüncüsü, bu, 2018-ci ilin avqustunda imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın icrası üçün sınaq ola bilər".

F.Perrenin sözlərinə görə, bu memorandumun vacibliyinin daha bir əsas səbəbi ondan ibarətdir ki, bu, Azərbaycanla Türkmənistan arasında enerji və iqtisadi əməkdaşlığın inkişafına gətirib çıxaracaq:

"Bu ölkələrin enerji tərəfdaşlığı baxımından böyük potensialı var və "Dostluq" bu potensialı reallaşdırmaq üçün imkandır".

Sənədin əhəmiyyətini şərh edən Mərkəzi Asiya üzrə amerikalı ekspert Bryus Panyer vurğulayıb ki, "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı anlaşma memorandumunun imzalanması Xəzər dənizində Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni səhifə açacaq.

O bildirib ki, bu layihə Azərbaycanın neft satışı ilə bağlı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq:
"Azərbaycan və Türkmənistan Şərqlə Qərb arasında ticarət üçün əlverişli bölgədə yerləşir, əgər ölkələr Xəzər dənizi vasitəsilə gəmiçilik marşrutlarını genişləndirə bilsələr, Çinlə Avropa arasında daşınan məhsullar üçün tranzit ölkələr qismində böyük gəlirlər əldə edə bilərlər. "Dostluq" layihəsi üzərində birgə iş əməkdaşlıq üçün yeni əsas təqdim edir. Azərbaycan artıq tranzit qovşağına çevrilib. Ələttə yeni liman var, dəniz ticarəti genişlənir, dəmiryol əlaqəsinin həm şərqdən qərbə, həm də şimaldan cənuba genişləndirilməsi planları mövcuddur. Bununla belə, Azərbaycanın ticarət-ixrac şəbəkəsində Türkmənistan istiqaməti kifayət qədər rol almayıb".

Ekspert əlavə edib ki, layihə Türkmənistan üçün də sərfəlidir, çünki enerji daşıyıcıları ixracının marşrutlarının olmaması ölkə üçün maneədir:

"Dostluq" yatağının işlənməsində Azərbaycanla əməkdaşlıq Türkmənistana təkcə neft hasilatını artırmağa deyil, həm də iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.