Siyasət

20 Yanvar: milli qürur və əzm günü

20 Yanvar 2021 11:03
Baxış: 523

1988-ci ildə Azərbaycan SSR Sovet İttifaqının ən konservativ respublikalarından biri idi və siyasi dissidentlər üçün burada yer yox idi. Ermənistan SSR-də də partiya iyerarxiyasının böyük hissəsi yeni millətçi hərəkatla əməkdaşlıq etmək arzusunda olduğundan, burada millətçilər hakimiyyəti daha asanlıqla ələ keçirdilər.

Hökumət və parçalanmış müxalifət "oyunun qaydalarını" razılaşdıra bilmədiklərindən, hakimiyyət uğrunda mübarizə uzun sürdü. Sonda, 1990-cı ilin yanvarında Bakıda rəsmi Moskva və Azərbaycan Xalq Cəbhəsi arasında qanlı qarşıdurma baş verdi. Sovet rəhbərliyi SSRİ tarixində ilk dəfə sovet şəhərinə qoşun yeritdi.

Hakimiyyəti əlindən verən və yenidən özünə qaytarmağa can atan yerli partiya rəhbərliyi, Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına imkan verməmək üçün hər bir addıma hazır olan Moskva rəhbərliyi, Qarabağdan gələn xəbərlər vəziyyəti daha da gərginləşdirirdi. Yanvarın 9-da Ermənistan parlamenti Dağlıq Qarabağı öz büdcəsinə daxil etmək qərarına səs verdi və əlbəttə ki, bu addım azərbaycanlıları qəzəbləndirdi. Qarabağın şimalında - Xanlar və Şaumyan rayonlarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verdi, insanlar girov götürüldü, daxili qoşunların dörd əsgəri öldürüldü.

Bakıdakı Lenin meydanında kütləvi nümayişlərə başladılar, lakin onlar da artıq iki dəstəyə bölünmüşdülər. Moskvadan Bakıya daha bir neçə min nəfərlik daxili qoşun kontingenti göndərildi.

Yanvarın 12-də Viktor Polyaniçko yeni təzadlı plan irəli sürdü. Onun Xalq Cəbhəsi ilə apardığı danışıqlarının nəticəsində respublika sərhədlərini erməni təcavüzündən qorumaq üçün Azərbaycanda "Milli Müdafiə Şurası"nın yaradılacağı bəyan olundu. Komitənin beş liderindən dördü Xalq Cəbhəsinin mənsubları idilər və əsl mənada Azərbaycanda kommunist partiyası rəhbərliyinin qəddar düşmənləri idilər. Onlardan ikisi - Nemət Pənahov və Rəhim Qazıyev yerli televiziyada çıxış etdilər.

Sovetlər Birliyinin Dövlət Təhlükəsizlik Komitəsi Bakıda "ermənilərə hücumlar" adlı provokasiyaları hazırlayıb həyata keçirdl. Yanvarın 14-də vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Primakovun başçılığı ilə Siyasi Büronun nümayəndə heyəti Bakıya gəldi. Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çoxminli qoşunlara şəxsən komanda etmək üçün SSRİ müdafiə naziri Dmitri Yazov həmçinin bura gəldi. Dağlıq Qarabağda, Azərbaycanın və Ermənistanın sərhədyanı rayonlarında və Gəncədə fövqəladə vəziyyət tətbiq etmək qərarı verildi.

Şəhər kənarındakı əsgər kazarmalarına aparan yollarda onlar yük maşınlarından və beton bloklardan barrikadalar qurmuşdular. Yanvarın 17-də onlar Mərkəzi Komitənin binası önündə bütün yolları bağlayıb, fasiləsiz mitinqə başladılar. Binanın önündə dar ağacı peyda oldu, lakin onun əsl məqsədi - hədə-qorxu və ya həqiqi edam aləti olması - elə də sirr olaraq qaldı.

Etibar Məmmədovun sözlərinə görə, Primakov Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına razı olmayacağı haqqında onlara xəbərdarlıq etdi və qoşun yeridəcəyinə işarə etdi.

Lakin qoşunları yeritmək haqqında qərar hələ qəbul edilməmişdi. Bəzi mənbələrə görə, Primakov Qorbaçova zəng edib onu razı salmağa çalışırdı ki, hərbi müdaxiləyə icazə verməsin.

Nəhayət, Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırdılar. Gecəyarı fövqəladə vəziyyət tətbiq olundu. Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 19:30-da televiziya stansiyasınin enerji bloku partladıldığından televiziya yayımı kəsilmişdi. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-da Mirzə Xəzərin səsi ilə Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər.

Lakin artıq çox gec idi. Gecəyarıdan çox keçməmiş əsgərlər və tanklar hərbi hissədən çıxıb şəhərə tərəf irəlilədilər. Şəhərə cənub tərəfdən daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə bildilər. Şimaldan gələn qoşunlar şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi. Tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarını basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. Dinc sakinlərlə dolu avtobus gülləbaran edildi, bir çox sərnişinlər, o cümlədən on üç yaşlı Larisa Məmmədova qətlə yetirildi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutuldu, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirdilər, 20 nəfəri ölümcül yaraladılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.

Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet hərbçiləri 200 ev və mənzili, 80 avtomaşın, o cümlədən təcili yardım maşınlarını darmadağın, məhv etdilər.

Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-ci il yanvarın 20-də Azərbaycanı itirdi.

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

Bu qanlı ha­di­sənin törədilməsində əsas məqsədlər­dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy­yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız in­san­ların gülləbaran edilməsi əməliy­yatı  SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təx­ribat qrupları tərəfindən təşkil olun­muş­du. Bu, Azər­baycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sın­dırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet impe­riyasının rəhbərliyi Bakıda "er­məni kartından" məharətlə istifadə etdi. Gu­ya Bakıya qoşun onları, hərbi qulluq­çuların ailə­lərini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riya­karlıq, imperiyanın növbəti qəddar­lığını ört-basdır etmək üçün qabaq­cadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin "dəlil­ləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlan­dırıl­mış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusi­yasının 71-ci maddələrini kobud şə­kildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı. SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziya­sının enerji blokunu partlatdı, respubli­kada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki, M.Qorbaçovun Azər­baycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

...Xalq o günlərdə böyük bir həqi­qəti - meydanda həqiqi liderin olma­masını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azər­baycanın Moskvadakı daimi nümayən­dəliyinə gəldi. Ulu öndər təcavüzə kəs­kin etirazını bildirdi, faciəni törədən­ləri, şəxsən M.Qorbaçovu kəskin it­tiham etdi, qoşunların Bakıdan çıxarıl­masını tələb etdi. Xalqımızın ümum­milli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Mos­kvada...

XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və in­sanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasna­məsinin, Beynəlxalq İnsan haqları Bəyannamə­sinin, insan haqlarına dair digər beynəl­xalq aktların çoxsaylı müddəa­ları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymət­lən­dirmək yolunda ciddi addımlar atıldı... "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Preziden­tinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərə­rək həlak olmuş Azərbaycan Respubli­kası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilib, "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil­lərin problemlərinin dövlət səviyyəsin­də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqa­mətdə böyük tədbirlər həyata keçirilir. şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən­dirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.

Bu il xalqımız 20 Yanvar hadisələ­rinin 30-cü ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möh­tə­şəm məkanında Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olaraq qalacaq.

Orxan Hun
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.