Siyasət

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

18 Mart 2026 16:47
Baxış: 466

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.

Milli.Az xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda çox qədim köklərə malik Novruz bayramının ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanı olduğunu vurğulayaraq bildirib: "Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır".

Prezident İlham Əliyev əlavə edib ki, Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.

"Əminəm ki, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və biz əzmimizlə azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik", - deyə Azərbaycan Prezidenti bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.