Siyasət

Gəncə, Tərtər, Bərdə... - "Amnesty International" Ermənistanı cinayətkar sayır

14 Yanvar 2021 12:17
Baxış: 1 025

Ermənistan Silahlı Qüvvələrinin və Dağlıq Qarabağdakı silahlı birləşmələrin qeyri-dəqiq, geniş areala təsir imkanlarına malik silahlardan və sursatlardan, xüsusilə də kaset sursatlarından mülki şəxslərə qarşı, yaşayış məntəqələrinə qarşı istifadə etməsi beynəlxalq humanitar hüququn pozuntusu olmaqla yanaşı, onlarla dinc sakinin həlak olmasına, yüzlərlə insanın yaralanmasına, evlərin və infrastrukrun önəmli obyektlərinin dağıdılmasına səbəb olub.

Milli.Az bildirir ki, beynəlxalq "Amnesty International" hüquq-müdafiə təşkilatının hazırladığı  "Atəş xəttində: Dağlıq Qarabağ münaqişəsində qeyri-dəqiq silahlardan istifadə nəticəsində onlarla dinc sakin həlak olub" (In the Line of Fire: Civilian casualties from unlawful strikes in the Armenian-Azerbaijani conflict over Nagorno-Karabakh,) hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini vurmaq üçün qeyri-dəqiq ballistik raketlərdən, reaktiv yaylım atəşi sistemlərindən və artilleriyadan istifadə edib.

Bundan başqa, dinc insanlara qarşı kasset sursatlardan da istifadə olunub.

"Yaşayış məntəqələrini belə silahlar və sursatlarla bombalamaq, hədəfə almaqla savaş qanunları pozulub, insan həyatına tam etinasızlıq nümayiş olunub, - "Amnesty International"ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struzers deyib. - Dinc insanlar qətlə yetirilib, ailələr parçalanıb, yüzlərlə, minlərlə ev darmadağın edilib. Səbəb - kəndlərə və şəhərlərə qarşı qeyri-dəqiq silahlardan istifadə olunmasıdır".

M.Struzersin sözlərinə görə, dinc sakinlər zirzəmilərdə gizlənməsəydilər və ya bilavasitə atəşə tutulan məkanlardan uzaqlaşmasaydılar, tələfat daha çox ola bilərdi.

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra, noyabrın sonlarında-dekabrın əvvəllərində "Amnesty International" Azərbaycanda ermənilərin atəşə tutduqları yaşayış məntəqələrində olub.

Təşkilatın mənsubları zərbələr nəticəsində həlak olanların və yaralananların ailə üzvləri, qohumları və hadisələrin şahidləri, habelə hakimiyət orqanlarının nümayəndələri, hərbçilər, QHT mənsubları və jurnalistlərlə görüşüblər.

"Amnesty International" bildirir ki, Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağdakı silahlı birlşəmələrin Azərbaycandakı yaşayış məntəqələrinə endirdiyi 8 zərbə nəticəsində 72 nəfər həlak olub.

"Skad-B" ballistik raketinin Gəncədəki Muxtar Hacıyev küçəsindəki evlərə düşməsi nəticəsində 21 nəfər həlak olub, 50-dən artıq dinc insan yaralanıb.

Qarayusifli kəndinə kasset bombasının atılması nəticəsində 5 nəfər həlak olub, 14 nəfər yaralanıb. Həlak olanlar arasında zərbə anında yelləncəkdə olan 7 yaşlı Aysu İsgəndərli də var.

Daha sonra ermənilər cəbhə xəttindən 20 km aralıdakı Bərdəni atəşə tutublar. 3 raket şəhərin mərkəzinə, 2 raket xəstəxanaların yanına düşüb. Rusiya istehsalı olan 9M55 "Smerç" raketi isə yolayrıcına düşüb. Döyüş başlığında 9N235 tipli 72 kasset partladıcısı olan raketin partlayışı nəticəsində 21 dinc sakin həlak olub.

Naftalan yaxınlığındakı Qaşaltı Qaraqoyunlunun atəşə tutulması nəticəsində bir ailənin 5 üzvü həlak olub.

"Ermənistanın hakimiyyət dairələri ordunun dinc insanlara qarşı qeyri-dəqqiq silahlardan qəddarcasına istifadə etməsi ilə bağlı obyektiv təhqiqata dərhal başlamalıdır. Bu əməlləri törədənlərin təxirəsalınmaz şəkildə məsuliyyətə cəlb olunması, onların cinayətlərinin qurbanlarının təzminat alması çox vacib məsələdir".

Orxan Hun
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.