Siyasət

"Maddi ziyanın bədəlini o torpaqları Azərbaycana qaytarmaqla ödəməlidirlər"

2 Dekabr 2020 16:52
Baxış: 5 232

"27 sentyabrdan başlayan Zəfər yürüşümüz məntiqi sonluğuna çatdı".

Bunu Milli.Az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

O bildirib ki, yaxın günlərdə işğaldan azad edilən bütün kəndlərimizdə, şəhərlərimizdə, ərazilərimizdə birmənalı şəkildə Azərbaycanın konstitusion hüquqları bərpa olunacaq:

"Ali Baş Komandanın dediyi kimi, artıq Qarabağ savaşı bitmişdir və bu Qarabağ savaşı Azərbaycan dövlətinin qələbəsi ilə yekunlaşmışdır. Bu, bizim üçün təbii ki, qürurverici hadisədir. Artıq biz də özümüzü qalib xalqın təmsilçiləri kimi hiss edirik. Azərbaycan bu qələbəsi ilə həm dünyada, həm regionda ciddi nüfuz dövlətinə, ciddi söz sahibinə çevriləcək. Artıq gələcəkdə regionda baş verəcək hadisələrdə Azərbaycanın da öz sözü olacaqdır. Bu, Azərbaycan xalqının, Azərbaycan Ordusunun və Ali Baş Komandanın birliyi ilə əldə olundu. Buna qədər Azərbaycanın içində siyasi həmrəylik formalaşdırdı, eyni düşüncədə olmayan siyasi qüvvələr belə bu prosesdə bütün siyasi iddialarını kənara qoyaraq ancaq və ancaq savaşa kökləndi. 

10 Noyabr sənədinin artıq bəndləri yerinə yetirilib. Təbii ki, bundan sonra düşünürəm ki, bizim qalan bölgələrimizdə də artıq Azərbaycan bayrağı dalğalanacaqdır. Bu, birmənalı olaraq sənəddə öz təsdiqini tapır. Çünki sənəddə qeyd olunur ki, bütün Qarabağ ərazisindən Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz çıxarılmalıdır. Biz artıq bu prosesin şahidiyik, proses davam edir. Yaxın günlərdə bizim həmin kəndlərimizdə, şəhərlərimizdə, ərazilərimizdə Azərbaycanın birmənalı şəkildə konstitusion hüquqları bərpa olunacaqdır.

Buna qədər uzun illərdir BMT-nin icra olunmayan qətnamələri var idi. Ordumuz təkbaşına o qətnaəmələri icra etməklə Azərbaycan dövlətinin, xalqının gücünü göstərdi. Artıq regionda baş verə biləcək proseslər bizdən sorulacaqdır və gələcəkdə, yaxın zamanlarda Ermənistan Azərbaycanın qoyduğu bütün şərtləri, Azərbaycana vurduğu maddi ziyanları ödəmək zorunda qalacaq. Əgər uzun illər Azərbaycana Ermənistan tərəfindən vurulmuş maddi ziyanlar ödənilməyəcəksə, düşünürəm ki, Ermənistan dövləti bunun bədəlini indiki Ermənistan ərazisi deyilən ərazidə, hansı ki, tarixən Azərbaycan əraziləri olub, o əraziləri Azərbaycana qaytarmaqla ödəməlidir. Burada bir məsələ də var ki, artıq Naxçıvana gedən quru yolun açılması nəzərdə tutulur. Dövlət başçısı tapşırıq verib, artıq kommunikasiya xətləri bərpa olunur. Hansı ki, zamanında Naxçıvana gedən dəmir yolu idi. Bu da bizim üçün çox böyük tarixi bir hadisədir və eyni zamanda bizim türkiyəyə çıxışımızı təmin edəcək bir hadisədir. Tanrı Ordumuzu, Ali Baş Komandanı qorusun. Allah xalqımızı həmişə müzəffər etsin".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.