Siyasət

Paşinyan erməniləri sosial şəbəkələrdə necə aldatdı: "WarGonzo", Alen Ghulyan, Baqramyan...

18 Noyabr 2020 10:28
Baxış: 1 636

Ermənistan dövləti 44 günlük müharibə dövründə erməni xalqını maksimum aldatmağa səy göstərsə də, sonda ortaya çıxan faktlar bu yalanları ifşa etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ermənistanın siyasi hakimiyyəti müharibə dövründə itkilərinin həddindən artıq az olması barədə yalan məlumatlar yaymaqla xalqa özlərini döyüş meydanında üstün kimi göstərirdi. Hakimiyyətin əlaltıları erməni ictimaiyyətini aldatmaq, onları Paşinyan və digərlərinin yalanlarına inandırmaq üçün bütün üsullardan istifadə etdilər. Hətta onlar sosial şəbəkələr vasitəsilə saxta kadrlar paylaşaraq Ermənistanın "qalib" gəldiyini bəyan edirdilər. Erməni əhalisinə xüsusi yalanlar danışmaq üçün hazırlanan bir qrup hətta itirdikləri ərazilər barədə yayılan məlumatları təkzib edirdilər. Məsələn, Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti nəticəsində Zəngilan şəhəri işğaldan azad ediləndən sonra bir neçə gün bu şəxslər yalan məlumatlarla Zəngilanın işğaldan azad olunmadığını bəyan edərək özlərini rüsvay etdi. Sosial şəbəkədə aktivliyi ilə seçilən Alen Ghulyan, Baqramyan və digər ermənilər həmin ərəfədə ard-arda saxta videolar paylaşaraq Zəngilan rayonunun ermənilərin nəzarətində olduğunu bəyan edirdilər. Amma bir neçə gündən sonra Azərbaycan Ordusunun ortaya qoyduğu fakt bu paşinyanvari sərsəmlərin yalanlarını üzə çıxardı. Zəngilanın işğaldan azad edildiyini isə həmin "aktivistlər" belə etiraf etdilər: "Bir Zəngilan şəhərinə görə bu qədər döyüş lazım idimi Azərbaycana?" Əlləri hər şeydən üzülən biçarələr sonda məcburiyyətdən etirafı bu cür edirdilər.

Erməniləri yalanlara inandırmaq üçün tapılmış "WarGonzo"

Zəngilandan sonra digər şəhərlərimiz də işğaldan azad ediləndə bu faşistsifət ermənilər utanmadan yenə erməni cəmiyyətinə yalan danışdılar. Amma Azərbaycan Ordusu bu dəfə də onları faktla susdurdu. Ermənistan hakimiyyətinin ən ağır zərbəsi isə Şuşa şəhəri və Hadrud qəsəbəsi işğaldan azad ediləndə oldu. Azərbaycanın tarix yazan qəhrəman əsgərləri Hadrut qəsəbəsindən sonra Şuşa şəhərini əlbəyaxa döyüşlərlə işğaldan azad etdi. Bu, Ermənistana tarixində olmayacaq bir zərbə idi. Qarabağın göz-bəbəyi olan Şuşanın işğaldan azad edilməsi Ermənistan ordusunun və siyasi hakimiyyətinin bel sütununu qırdı. Bu dəfə də Alen Ghulyan, Baqramyan və mənşəyi məlum olmayan, ermənilər tərəfindən muzdlu kimi tutularaq döyüş bölgəsinə göndərilən, xüsusi qayğı ilə saxlanılan və "jurnalist" adlandırılan "WarGonzo" əməkdaşı Şuşanın guya ermənilərdə olması barədə ciddi cəhdlə "səy" göstərsə də, alınmadı. Şuşa şəhərinin işğaldan azad edildiyini həzm edə bilməyən Ermənistan hakimiyyəti həmin "WarGonzo" əməkdaşını təlimatlandıraraq erməni xalqını aldatmaq üçün ona xüsusi tapşırıqlar verdi. O da aldığı tapşırıq və təlimata görə, Yerevanda hansısa ərazinin qala divarları qarşısında sujet hazırlayaraq guya Şuşanın ermənilərin nəzarətində olduğunu iddia etdi. Hadisədən dərhal sonra isə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Bu, artıq Ermənistanın bel sütununun tam əzilməsi demək idi. Elə bununla da Ermənistan Azərbaycan Ordusu qarşısında diz çökdü.

Paşinyan və Arutyunyanın yalanlarının sonu, cəmiyyətin qırğını

Hadisədən bir gün sonra Ermənistanda çaxnaşma başladı, Paşinyana və onun komandasına istefalar tələb olundu. Özünü qondarma rejimin "prezidenti" adlandıran Arayik Arutyunyan və onun əlaltıları müharibə dövründə xalqa yalan danışdıqlarını açıq etiraf etdilər. İlk etiraf isə Paşinyandan gəldi. O xalqa müraciətində boynuna aldı ki, Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədikləri üçün geri çəkilmək məcburiyyətində qaldılar. Paşinyan etiraf etdi ki, Azərbaycan Ordusu ilk gündən güclü olub, Ermənistan silahlı birləşmələrinə qan uddurub, lakin o xalqa ruhdan düşməmək üçün yalanlar danışıb.

İkinci etiraf isə dərhal Arayik Arutyunyandan gəldi. Qondarma adam etiraf etdi ki, müharibənin son günlərinə qədər yalan danışıb, erməni cəmiyyətini aldadıb: "Müharibənin son iki günü status yazmadım. Həmin vaxta qədər hər gün ard-arda bir neçə status yazaraq Ermənistan ordusunun döyüşlərdə üstün olduğu barədə yalan məlumatlar yayırdım. Amma son iki gündə vəziyyətin ciddiliyini, ictimaiyyətin artıq bu yalanlara inanmadığın anladım, ondan sonra status yazmadım".

Fakt göz qabağındadır. Erməni siyasətçiləri özləri 44 günlük müharibədə xalqa yalan məlumatlar verdiklərini, xalqı aldatdıqlarını açıq etiraf edirlər. Etiraf edirlər ki, onlar ermənilərə yalan danışaraq hakimiyyətdə qalmaq uğrunda mübarizə aparıb, nəticədə isə erməni hərbçilərini bilrəkdən qırğına veriblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.