Siyasət

Ağ Ev ermənilərin 24 aprelini "böyük fəlakət"ə çevirəcək?

24 Aprel 2010 12:03
Baxış: 231
Ermənilərin cılız diplomatiyası Obamanı "soyqırım" deməyə sövq edəcəkmi?


Türkiyənin "erməni açılım" məsələsində "barmaqları yandı". "Yanmış" əlini ağzına təpən Ankara İrəvanın nə etmək niyyətində olduğunu bəzi müşahidəçilər demiş "3 saniyəyə" müəyyən etsə də, bütün diqqəti 24 apreldə ABŞ prezidenti Barak Obamanın çıxışına yönəlib. Ona görə ki, martın 4-də Konqresin Xarici Əlaqələr Komissiyasında qondarma "erməni soyqırımı" ilə bağlı qərarın qəbul edilməsindən sonra hər şeyin baş verə biləcəyini düşünür. Hətta Ankara ona da razıdır ki, Obama öz çıxışında "soyqırım" sözünün yerinə keçən ilki kimi yenə də "böyük fəlakət" sözünü işlətsin. Bəs, Obama "soyqırım" deyəcəkmi? Və maraqlı tərəflər bununla bağlı nə düşünür?  

Ermənistan tərəfində Obamanın "soyqırım" sözündən istifadə edəcəyi barədə inam çox azdır. "İrs" Partiyasının sədri Stepan Safaryan mətbuata verdiyi açıqlamasında vurğulayıb ki, hazırda məqsədləri heç də "erməni soyqırımı"nın ABŞ tərəfindən tanınması deyil. Onun sözlərinə görə, əsas hədəf Ermənistanın "tarixi torpaqları"nın geri qaytarılmasıdır. "Soyqırımı ABŞ tanısa və ya tanımasa heç nə dəyişməyəcək. Türkiyə onsuz da bunu qəbul etmək fikrində deyil. Amma sual verirəm ki, bəs bizim tarixi torpaqlarımızı kim geri qaytaracaq? Əsas məsələ budur".

Bəllidir ki, erməni diasporu "soyqırım" məsələsinə xüsusi olaraq önəm verir. Bununla bağlı illərdən bəri mübarizə aparan diaspora da artıq Obamanın çıxışını ikinci plana keçirməkdədir. Belə ki, erməni diasporunun nəzarətində olan pararmenian.net saytı məsələ ilə bağlı təhlili yazı ilə çıxış edərək ABŞ prezidentinin 24 apreldə "soyqırım" sözündən istifadə etməyəcəyi qənaətinə gəlib. Yazıda vurğulanır ki, Ermənistan və Türkiyə arasında son dövrlər baş verən protokol yaxınlaşmasının həyata keçməsində maraqlı olan Amerika bu vəziyyətin dəyişməsində maraqlı deyil. "Türkiyə ABŞ-ın strateji müttəfiqidir. Eyni zamanda, protokol məsələsi və sərhədlərin açılması istəyi Vaşinqtonu kimsənin tərəfini saxlamamağa vadar edir. Konqresdə soyqırımla bağlı müzakirələr aparıla bilər, hətta bununla bağlı komissiyalar səviyyəsində qərarların qəbulu da mümkündür. Amma ABŞ dövlətinin özünün maraqları var və onları heç bir vaxt kimsəyə qurban verməzlər. Bu baxımdan Obamanın 24 apreldə soyqırım sözündən istifadə edəcəyini düşünməyə dəyməz. ABŞ prezidenti ən yaxşı halda ötən ilki çıxışını təkrarlayıb, "Böyük fəlakət" sözünü ifadə edəcək".

Önəmli məsələ burasıdır ki, Ermənistanda ayrı-ayrı QHT və siyasi mərkəzlər də Obamanın "soyqırım" sözünü işlətməyəcəyi qənaətindədir. "Qafqaz Mediya" İnstitutunun direktoru Aleksandr İsgəndəryan hesab edir ki, faktiki vəziyyətdə Ağ Evdən yeni nəsə gözləməyə dəyməz. "Protokolların dondurulması Ermənistan tərəfinin 24 aprel öncəsi təsir etmək taktikası kimi başa düşülə bilər. Ancan nəzərə almaq lazımdır ki, bu təsirlər illərdir edilir, amma hər dəfə nəticə vermir. Ona görə də, istər erməni diasporu, istərsə də Ermənistan hakimiyyətinin təsir etmək imkanları Ağ Evi fikrindən daşındıra bilməyəcək".

Ermənistan Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan isə bir qədər də irəli gedərək, ermənilərin Obamaya böyük ümidlər bəsləməməsini tövsiyyə edir. "Mən bu prosesi əvvəlcədən izləyən şəxs olaraq deyə bilərəm ki, ABŞ prezidenti erməni soyqırımı ilə bağlı mövqeyini çoxdan qətiləşdirib. Həmin qətiləşmiş mövqe bundan ibarətdir ki, Amerika "soyqırım" sözündən istifadə etməyəcək".

Türkiyənin siyasi dairələri isə Obamanın çıxışı ilə bağlı tərəddüd içindədir. Düzdür, Vaşinqtonda keçirilən görüşdən sonra belə bir ümid yaranıb ki, ABŞ Türkiyə ilə münasibətlərini korlamamaq üçün başqa addım atmayacaq. Həmçinin bir qism də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 24 aprellə bağlı verdiyi açıqlamasına istinad edərək, Obamanın "soyqırım" sözündən yararlanmayacağına əminlik ifadə edir. Ərdoğan deyir ki, Barak Obamanın 24 apreldə belə bir ifadə işlədəcəyinə inanmır.

Qeyd edək ki, bəzi ekspertlər son günlər yaşanan olayların fonunda çıxış edərək vurğulayırlar ki, hər şey tamam başqa cür də ola bilər. Məsələn, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) Qafqaz məsələləri üzrə eksperti Güner Özkan deyir ki, Ermənistan protokolları dondurmaqla bu məsələnin onlar üçün "soyqırım" söhbətindən daha maraqlısz olduğunu göstərir. "Ermənistan protokolları dondurmaqla ABŞ-a təsir edib, "soyqırım"ın qəbul edilməsinə nail olmaq fikrindədir. ABŞ Türkiyə ilə Ermənistanın yaxşılaşması və sərhədlərin açılması məsələsində maraqlı ola bilər. Ancaq bu heç də o demək deyil ki, Barak Obama 24 aprel çıxışında "soyqırım" ifadəsini işlədəcək. Amma hər halda Ağ Evin sürprizlə dolu addımları da az olmayıb".
Türkiyənin TOBB İqtisadi və Texnologiya Universitetinin professoru Mithat Çelikkaya isə tamam fərqli fikirdədir. O hesab edir ki, protokolların dondurulması məsələsi Ermənistanın daxili siyasətində yaşanan gərgin olaylar və erməni diasporunun erməni hakimiyyətinə göstərdiyi təzyiqlərlə yanaşı, həm də ABŞ-a təsir etmə istəyindən qaynaqlanır. "Ermənistan 24 aprel öncəsi bu addımı atmaqla bəzi nəticələr əldə etməyi düşünür. Ağ Evdə vəziyyəti qiymətləndirməkdədir. Ancaq unutmayaq ki, Obama tərs bir söz də işlədə bilər. Yəni, "soyqırım" sözünü ifadə edəcək qədər risqi göz altına almaq lazımdır".

Bu əsnada tanınmış ekspert İbrahim Karagülün "Yeni Şəfəq" qəzetində dərc olunmuş təhlili yazısına da diqqət yetirmək yerinə düşərdi. Karagül yazır ki, Ermənistan protokol məsələsində atdığı addımı ilə ABŞ-a təsir edərək, Barak Obamanın çıxış mətninə dəyişiklik etmək niyyətini ortaya qoyub. "Erməni diasporu da bir tərəfdən İrəvanı bu işə sövq etməklə, Ağ Evə təzyiqlərin istiqamətlərini çoxaltmağa çalışıb. Amma 24 apreldə Obama yenə də "böyük fəlakət"dən artıq söz işlətməyəcək. Çünki indiki məqamda Türkiyə ilə münasibətləri korlamaq nə ABŞ-a, nə də digər iri dövlətlərə sərf etmir".

Analitik yazıları ilə tanınan iyibilgi.com saytı isə Ermənistanın atdığı son addımını şərh edərək, buna maraqlı bir ad qoyub. Sayt yazır ki, İrəvan hökuməti "donduruldu", "təxirə salındı" kimi sözlərdən istifadə etməklə əslində, hansı səviyyədə diplomatiyaya malik olduğunu nümayiş etdirib. "Ermənistan hökumətinin son hərəkəti İrəvanın diplomatiya haqqında bilgisinin kifayət qədər zəif olduğunu ortaya qoyur. Bunu ən yaxşı halda "cılız diplomatiya" olaraq qiymətləndirmək mümkündür. Çünki normal diplomatiyası olan dövlətlər heç bir vaxt hər hansı bir məsələ ilə bağlı bu cür açıqlama verməz".

Beləliklə, Ermənistan qorxusundan quyruq bulayan itə bənzəyir. Amma hürməyindən də qalmır. Çünki hürməklə qorxutduğu kimi, eyni zamanda qorxduğundan da quyruğunu qısmaqdadır. Və bütün bunların fonunda ümid etdiyi budur ki, bəlkə də Obama "soyqırım" sözünü işlətdi. Amma Amerika "bəlkə" ilə "bazarlıq" etmir. Ağ Evinki konkret maraqlar və məqsədlərdir. Onu da 5-10 dılğır erməniyə qurban verəcək qədər ağlını itirməyib.

Fikrət Fəraməzoğlu
Milli.Az

Uyğun linklər:

Obama bu gün "soyqırım" sözünü işlədəcəkmi?

Azərbaycanın "erməni soyqırımı" məsələsində Türkiyəyə verdiyi dəstək Ankaranı çox sevindirir - FOTO

Toğrul İsmayıl: "24 aprel yaxınlaşdıqca ermənilər Türkiyəni qarışdırmağa çalışırlar"

Eldar İsmayılov: "Ermənilərin "soyqırım" iddiaları siyasi oyundur"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.