Siyasət

"Prezidentin təklifi azacıq vicdanı olan istənilən beynəlxalq dairələrin diqqətini cəlb edəcək"

29 Oktyabr 2020 13:29
Baxış: 979

"Azərbaycan Prezidenti İlham Əliyevin İnterfaks-a böyük həcmli müsahibəsi Qarabağ probleminin həlli prosesində hazırda yaranmış hərbi vəziyyət və onun siyasi müstəviyə keçidi ilə bağlı çox aydın bir təsəvvür yaratmaq baxımından olduqca əhəmiyyətlidir".

Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Prezident dünyanı inandıra bildi ki, hər şeyi Ermənistanın ixtiyarına buraxmaq və Ermənstandan daha heç nə gözləmək lazım deyil:

"Burada faktiki olaraq Prezident İlham Əliyev indiki şəraitdə Azərbaycanın Ermənistanın qətiyyən sülhə yaxın gəlməməsi səbəbindən müharibəni aparmaq məcburiyyətində qaldığını və Ermənistanın sülh istəmədiyini çox inandırıcı fakt və təhlillər ilə Rusiya auditoriyasına çatdıra bildi. İndi təkcə Azərbaycan yox, həm də dünyanın sülhsevər qüvvələrinin hamısı Qarabağ ətrafında yaranmış müharibə vəziyyətindən sülh müstəvisinə keçidin yollarını axtardığı bir şəraitdə Azərbaycan Prezidentinin təqdim etdiyi "resept" olduqca əhəmiyyətlidir. Şübhə etmirəm, azacıq ədaləti, vicdanı və humanizmi olan istənilən beynəlxalq dairələrin diqqətini cəlb edəcək. Çünki Azərbaycan Prezidenti Ermənistanın açıq şəkildə üçüncü dəfə humanitar atəşkəsi pozmasını və bu atəşkəsin qaydalarına əməl etməməsini göstərməklə Ermənistanın bir sülhsevər dövlət olmadığını və olmaq istəmədiyini dünyaya lazımi şəkildə təqdim etdi. Amma burada bir məsələ var ki, Prezident dünyanı inandıra bildi ki, hər şeyi Ermənistanın ixtiyarına buraxmaq və Ermənstandan daha heç nə gözləmək lazım deyil. Əksinə Ermənistan əvvələr olduğu kimi bu gün də proseslərin hərbi müstəvidən sülhə keçidinə məcbur edilməlidir və bu məcburiyyət mexanizmini də Azərbycan Prezidenti gözəl təqdim etdi".

A.Quliyev onu da qeyd edib ki, Azərbaycan hərbi əməliyyatların qaynar fazasından danışıqlar masasına keçməyə hazırdır:

"Azərbaycan müharibədə sona qədər maraqlı deyil. Əgər Ermənistan beynəlxalq vasitəçilərin şahidliyi ilə Azərbaycanın işğal edilmiş torpaqlarını dincliklə geri qaytaracağı ilə bağlı öz üzərinə rəsmi öhdəçilik götürsə, Azərbaycan bu gün hərbi əməliyyatların qaynar fazasından danışıqlar masasına keçməyə hazırdır. Ölkəmizin Qarbağ probleminin həllində həqiqətən maraqlı olduğunu və həqiqətən sülh prosesinə keçməkdə maraqlı olduğunu ifadə etmək üçün bundan klassik yanaşma göstərmək mümkünsüzdür. Ona görə də Rusiya auditoriyasının bu məsələdən xəbərdar olması ehtimal ki, Rusiyanın özündən də Ermənistana müəyyən təzyiqlərin güclənməsinə gətirib çıxaracaq. Bu gün insanların ölümünün qarşısının alınması, BMT qətnamələrində göstərildiyi kimi, Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün Ermənistanın baza prinsiplərinə məcbur edilməsindən başqa yolu qalmayıb. Artıq Qarabağ ətrafındakı rayonların, hansıların ki, azad olunmasını BMT qətnamələri birmənalı şəkildə göstərirdi, bunların mütləq əksəriyyəti azad olunub. Sadəcə bu gün Qarabağda, bölgəmizdə sülh işində maraqlı olanlar Azərbaycanın böyük bir iş gördüyünə əlavə olaraq işin qalan cüzi bir hissəsini həyata keçirməlidirlər. Bu da qalan 3 rayonun, yəni, Ağdamın bir hissəsinin, Kəlbəcərin və Laçının azad olunması üçün Ermənistanı ya məcbur etməlidirlər, ya da Ermənistanın bu torpaqlardan çıxacağı ilə bağlı üzərinə öhdəçilik qoymalıdırlar. Buna görə, İlham Əliyevin Rusiya auditoriyasına təqdim etdiyi bu həll variantı əslində Qarabağ probleminin həllində indiki müharibə fazasından sülh danışıqları masasına keçidin ən ideal "reseptidir". Amma indi görək hadisələr necə cərəyan edəcək..."

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.