Siyasət

"Türkiyə hər zaman Azərbaycanın yanındadır" - Türkiyə Prezidentinin baş müşaviri

29 Sentyabr 2020 15:13
Baxış: 965

Türkiyə strateji tərəfdaşı olan Azərbaycanın ədalətli mübarizəsində onun yanındadır və hər zaman yanında olacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu bəyan edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurası və ATƏT-in qəbul etdiyi qətnamələrin tələblərini qeyd-şərtsiz yerinə yetirməli və Azərbaycan ərazilərini azad etməlidir:

"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini həmin qətnamələrin tələblərini yerinə yetirərək azad etsə, həm bölgədə, həm də dünyada rifah, sülh və sabitlik bərqərar olacaq.

Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyalar ortaq bəyanat yayımlayaraq türk millətinin Azərbaycanın ədalətli mübarizəsində dəstəyini bütün dünyanın görə biləcəyi şəkildə bəyan edib.

Ermənistan təcavüzkar davranışı ilə regionun və dünyanın sabitliyinə və rifahına təhdid törədir. Bu vəziyyət region xalqları ilə yanaşı, dünya xalqlarına da ziyan vurur.

Məhz bu məqsədlə də bütün dünya Ermənistanın təcavüzkar davranışına, 30 ildir ki, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasının qətnamələrini ayaqlar altına almasına qarşı çıxmalı və bunu dayandırmalıdır".

Baş müşavir əlavə edib ki, Ermənistanın təcavüzkar davranışı təkcə Bakını narahat etməməlidir:

"Ermənilərin 30 ildir ki, beynəlxalq hüquqa və BMT qətnamələrinə məhəl qoymayaraq Azərbaycan ərazilərini işğal altında saxlamasına biganə qalanlar bəşəriyyətin vicdanında məhkum olurlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.