Siyasət

Ermənilər qorxudan qaçırlar - BMT başını itirib

29 Sentyabr 2020 11:55
Baxış: 16 183

Sentyabrın 27-də Ermənistan silahlı birləşmələri təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutaraq mülki vətəndaşlarımız və hərbi qulluqçularımızı qətlə yetiriblər. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Xeyli sayda hərbi texnika və canlı qüvvəsi məhv edilərək geri çəkilən ermənilər təşviş içindədirlər.

30 ilə yaxındır istər sərhəd rayonlarında, istərsə də cəbhəboyu kənd və rayonlarda yaşayış məntəqələrimizi və mövqelərimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutaraq vaxtaşırı mülki vətəndaşları və hərbiçiləri qətlə yetirən ermənilərin vəhşiliklərini bu zamana kimi görməzdən gələn beynəlxalq qurumlar və Qərb indi ələ-ayağa düşüb. 

BMT Təhlükəsizlik Şurası sentyabrın 29-u Dağlıq Qarabağ münaqişəsinə dair təcili qapalı iclas keçirəcəyi barədə məlumat yayıb. Ortaya sual doğur: Nə olub, nə xəbərdir? Yoxsa 27 il əvvəl verdiyin qətnamələr indi yadına düşdü?

BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Dövlət başçısı bu görüş zamanı vurğuladı ki, Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır. Ermənistan baş nazirinin Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaratdığını qeyd edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalı olduğunu sözlərinə əlavə edib.

Aldığı cavablardan narahat olduğu açıq-aydın sezilən BMT-nin Baş katibi bu gün təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb. Səbəb Azərbaycanın haqlı olaraq işğal altındakı ərazilərini Ermənistanın növbəti təxribatından sonra azad etmək niyyətini dayandırmaq olduğu gün kimi aydındır. 30 ilə yaxındır Ermənistanın qətnamələrinə məhəl qoymadığı, himayə etdikləri işğalçı ölkə məngənədə qalıb deyə "canfəşanlıq" etməkləri bir daha sözgedən dövlətlərin və beynəlxalq təşkilatların qeyri-adekvat, haqsız mövqeyini ortaya qoyur. Lakin bugünkü Azərbaycan I Qarabağ savaşındakı Azərbaycan deyil.

Aprel döyüşlərində müxtəlif təzyiq və təkliflərlə növbəti dəfə işğal altındakı doğma torpaqlara qovuşmaq arzumuza mane olan beynəlxalq təşkilatlar, Ermənistana havadarlıq edən dövlətlər artıq anlayırlar ki, Azərbaycanın səbr kasası daşıb. Bu səbəbdən Ali Baş Komandana gələn zənglərin ardı-arası kəsilmir, amma artıq dostunu düşmənini tanıyan bir Azərbaycan var. 30 ildir münaqişənin həllində heç bir iş görməyənlərin indi verdikləri bəyanat Azərbaycanın haqlı savaşının qarşısını kəsə bilməyəcək. Bunun üçün Azərbaycanda yetəri qədər həm insan resurusu, həm müharibə əzmi, həm də yüksək-əhval ruhiyyə mövcuddur. Azərbaycan tarixində bu qədər nə güclü olmamışdı, nə də müharibəyə xalq-dövlət olaraq hazır olmamışdı. Düşmən ən yaxşı bacardığı dezinformasiya planını nə qədər çevik və arasıkəsilməz etsə də, artıq bir nöqtədən idarə edilən, yalnız dövlətinin rəsmi məlumatlarına inanan xalq qarşısında informasiya savaşında da yenilgi almaqdadır. 

Qarabağın işğalı zamanı və ondan sonra dünyaya gələn nəslin dədə-baba yurdunu unudacağı, müharibə əzminin qalmayacağı barədə müxtəlif zamanlarda, müxtəlif platformalardan açıqlamalar eşidirdik. Amma istər Aprel döyüşləri olsun, istər Tovuz hadisələri, istərsə də hazırda davam edən döyüşlər Azərbaycan gəncliyinin, Azərbaycan vətəndaşının nə qədər vətənpərvər, cəsarətli və döyüşkən olduğunu sübut etdi. Bunu hazırda davam edən döyüşlərdə könüllü olaraq iştirak etmək üçün Səfərbərlik Xidmətinə daxil olan on minlərlə müraciətlər də təsdiq edir. 

Bunun əksinə olaraq, Ermənistanda fərqli mənzərə müşahidə edilməkdədir. Heç vaxt Qarabağın onlara məxsus olmadığını anlayan, Azərbaycan torpaqlarında haqsız savaşda ölmək istəməyən erməni gənclər ordumuza qarşı savaşmamaq üçün qaçmağa cəhd edirlər.

Kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır. Bunun ardınca Ermənistanı tərk edərək müharibədə iştirakdan yayınmaq istəyən yüzlərlə, minlərlə şəxsin ölkəni tərk etməyinin qarşısını almaq məqsədilə rəsmi İrəvan 18 yaşdan 55 yaşa qədər kişilərin ölkəni tərk etməsinə məhdudiyyət qoyulub. Ermənistanda 18-55 yaş arası kişilər yalnız ərazi hərbi komissarlığının yazılı icazəsi ilə ölkəni tərk edə bilərlər.

Su öz arxına qayıtdı deyə bilərik. Azərbaycan dövləti hazırda öz suveren hüququndan və Azərbaycan xalqı öz konstitusion hüququndan istifadə edərək müqəddəratını həll edir. Prezidentin köməkçisi Hikmət Hacıyevin də deidiyi kimi, bu, Azərbaycan xalqının böyük Vətən müharibəsidir!

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.