Siyasət

Belə "siyasi mühacirət" düşməndən betərdir - XƏYANƏTİN TƏFƏRRÜATLARI

29 Sentyabr 2020 01:03
Baxış: 17 046

Hər dövlətin və millətin tarixində çətin, sınaq səciyyəli anlar olur. Savaş, kütləvi xəstəliklə mübarizə, bəlanın qarşısının alınması üçün bütün cəhdlərin və səylərin birləşdirilməsinin labudlüyə çevrildiyi məqamlardır bunlar.

Azərbaycan da mürəkkəb günlər yaşayır. COVİD-19 koronavirus pandemiyasının qlobal miqyasda tüğyan etdiyi bir dönəmdə həmin bəla ölkəmizdən də yan keçməyib. Bəşər tarixinin ən qorxulu və məşum xəstəliklərindən olan bu mərəzlə mübarizə aparan ölkəmiz eyni zamanda düşmən Ermənistanın silahlı təxribatlarının da qarşısını alır.

Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hücuma keçmək və yeni ərazilərimizi işğal etmək planını reallaşdırmağa çalışan Ermənistan ordumuzun mövqeləri ilə yanaşı, yaşayış məntəqələrini və dinc sakinləri də hədəfə alaraq atəşə tutmuşdu.

Ordumuzun əks-hücumu nəticəsində susdurulan düşmən sonradan qəhrəman əsgərimizin ağır zərbələri ilə üzləşdi. Əks-hücumda olan ordumuz hazırda Ermənistan Silahlı Qüvvələrinin mövqelərini, dayaq məntəqələrini, sursat anbarlarını, uzunmüddətli müdafiə istehkamlarını və s. darmadağın edir.

Düşmən çox ağır durumdadır, əksər istiqamətlərdə ciddi müqavimət göstərə bilməyərək geri çəkilməkdədir.

Ağır döyüşlər gedir, xalqımız cəəbhədən qəələbə xəbərləri gözləyir.

Milli Ordunun əsgər və zabit heyəti düşməni məğlub edərək tamamən geri çəkilməyə, işğal altında olan ərazilərimizi azad etməyə köklənib.

Ölkəboyu səfərbərlikdir, gənclər orduya yollanmaq üçün növbələr yazılırlar.

Bunlar pafoslu davranış, köpüklü vətənpərvərlik yox, qəlbin dərinliklərindən gələn Vətən sevgisidir.

Ölkədəki siyasi təşkilatlar, o cümlədən müxalifət düşərgəsindəki partiyalar fikir və mövqe ayrılıqlarını bir kənara qoyaraq Vətən uğrunda birləşiblər.

Sadəcə, AXCP və Müsavatdan savayı. Çünki məhz onlar ölkədəki siyasi partiyaların Qarabağ münaqişəsi zonasındakı döyüşlərlə bağlı birgə bəyanatını imzalamaqdan imtina etdilər.

AXCP sədri Əli Kərimli və Müsavatın başqanı Arif Hacılı belə taleyüklü anlarda da siyasi kimliklərini faş etməkdən çəkinmədilər.

Onların davranışı opportunizm və hətta kollaborasionizm sayıla bilər.

Lakin Avropa Birliyi ölkələrinə sığınan, orada "siyasi-ictimai fəaliyyət"lə məşğul olduqlarını iddia edərək "siyasi mühacir" statuslarını bayraq kimi xəyalları ilə kəlmələrində yelləyən zavallılar dəstəsi də var. Bu siyasi uğursuzların bir araya gələrək bəyanat vermələri çox "qəribə" şəkildə Ermənistanın müvafiq dövlət qurumlarının və Dağlıq Qarabağdakı separatçı rejimin funksionerlərinin Azərbaycanda təşviş, xof yaradılmasına yönələn və dezinformasiya ilə feyk məlumatlardan ibarət olan bəyanatları ilə üst-üstə düşür.

İndi də belə oldu.

AND (Azərbaycan Naminə Demokratiya), Müsavat AKM (Müsavat Avropa Koordinasiya Mərkəzi), DAS (Demokratik Azərbaycanı Seç) adlı "siyasi mühacir təşkilatları" bir araya gələrək "birgə əməkdaşlığını təmin etmək məqsədilə, Azərbaycanda demokratik prinsiplərin bərqərar edilməsini, bütün siyasi və iqtisadi azadlıqlar uğrunda müxtəlif formalarda kampaniya və təbliğatın aparılmasını vacib sayaraq" bəyanat imzalayıblar.

Bu kvaziqurumların başlıca məqsədi Azərbaycan hakimiyyətinə və ümumiyyətlə, ölkəyə təzyiq göstərmək, bir dəstə siyasi lümpenin merkantil maraqlarını tam təmin etmək üçün Avropa Birliyindəki panavropa təşkilatlarını Bakıya qarşı sanksiyalara və cəzalara sövq etmək, planları reallaşdırmaq üçün istənilən strukturla, siyasətçi və təşkilatla işbirliyinə nail olmaqdır.

Danışıqların aparılması nəzərdə tutulan strukturlar arasında erməni diaspor təşkilatlarının tam və ya qismən nəzarətində olan, habelə ermənilərin "maliyyə yardım"ları etdikləri qurumlar var.

Bəyanatı imzalayan kvaziqurumlar habelə, aşkar ermənipərəst mövqeləri ilə tanınan siyasətçilərlə də əməkdaşlıq ediblər və bu təmaslar indi də davam edir.

Belə "siyasi mühacirət" düşməndən də betərdir, çünki düşmən Azərbaycanın "inkişafı üçün çalışdığını" deyərək primitiv yalançılığın antirekordunu vurmur.

Bəyanatı imzalayan və simalarını fotokameralar qarşısında ağıllı göstərməyə çalışanlardan fərqli olaraq.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.