Siyasət

Aydın Mirzəzadə: “Son qərardan sonra Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”

23 Aprel 2010 12:18
Baxış: 185
"Ermənistanın Türkiyə ilə imzalanmış protokolların ratifikasiyası prosesini dayandıracağı gözlənilən idi".

Bu fikirləri Milli.Az xəbər portalına açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə ilə imzalanmış protokolların ratifikasiyası prosesinin dayandırılması barədə qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, rəsmi Yerevan Türkiyə ilə münasibətləri mehriban qonşuluq və beynəlxalq hüquq normalarına hörmət əsasında qurmaqda maraqlı olmayıb: "Ermənistan hakimiyyəti üçün vacib olan özünün orta əsr təfəkkürünə əsaslanan maraqlarını reallaşdırmaqdır. O, sərhədləri açmaq üçün hətta Türkiyəni müəyyən təzyiqlər altında saxlamaqdan da çəkinmirdi. Məsələn, tarixin öyrənilməsi üçün birgə komissiyyanın yaradılması barədə protokollarda nəzərdə tutulan müddəanı da Ermənistan etirazla qarşılamışdı. Bundan başqa, Ermənistan Konstitusiya Məhkəməsinin həm öz səlahiyyətlərinə, həm də beynəlxalq hüquq normalarına zidd şəkildə protokollara düzəliş etməsi də bu ölkənin protokollara qeyri-ciddi yanaşmasını göstərirdi".

Aydın Mirzəzadə hesab edir ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün lazım idi. Türkiyə üçün isə Ermənistan nə iqtisadi, nə siyasi, nə də diplomatik baxımdan heç bir maraq kəsb etmir. Millət vəkili deyir ki, sərhədlərin açılması Türkiyənin Ermənistan kimi kiçik və əhəmiyyətsiz ölkəyə böyük bir jesti ola bilərdi. Amma Ermənistanın hazırkı siyasi elitası normal demokratik dövlət qurmaqda maraqlı deyil: "Bugünkü elita özünü kifayət qədər təmin edib. Ona görə də hakimiyyəti atacağı addımların Ermənistanın taleyinə necə təsir edəcəyi maraqlandırmır. Ermənistan prezidentinin dünənki bəyanatı və sonrakı addımları ajiotaj cəhdindən başqa heç bir əhəmiyyət kəsb etmir. Bu, nə Türkiyənin taleyinə, nə də dünyadakı proseslərə təsir edəcək. Ermənistanın isə vəziyyəti daha da ağırlaşacaq".

Aydın Mirzəzadə düşünür ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması prosesində yaxın vaxtlarda irəliləyiş gözləməyə dəyməz. Onun fikrincə, bunun üçün rəsmi Yerevan özü üçün ağır addımlar atmalıdır: "Ermənistanda hakimiyyətə Avropa təfəkkürlü yeni insanlar gəldikdən sonra problemə yanaşma kökündən dəyişə bilər. Çünki məsələyə indiki kimi bəsit yanaşma problemi daha da dərinləşdirir". Millət vəkilinin fikrincə, prosesi "ölü nöqtə"dən çıxarmağın daha bir yolu isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bundan sonra Ermənistan Türkiyə ilə sərhədlərini istənilən şərtlərlə açmağa razılaşacaq.

Aydın Mirzəzadənin sözlərinə görə, ABŞ-ın da məsələyə yanlış yanaşması diqqətdən kənarda qalmamalıdır. Belə ki, Ağ Ev səylərini Ermənistanın özündə demokratik dəyişikliklərə yönəltməkdənsə,  bu ölkəni dünya miqyasına çıxarmağa çalışır. Bu siyasət isə problemin həllinə kömək edə bilməz: "Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmaması ABŞ-ın bölgədəki siyasətinin də uğursuzluğu oldu. Amerika istənilən vəchlə Ermənistanı problemdən xilas etməyə çalışırdı. Amma problemlərin həlli üçün Ermənistanın özü ilə yox, Türkiyə, Azərbaycan və digər ölkələrlə iş aparılırdı. Hər halda, bu taktikanın özünü nə dərəcədə doğrultduğu göründü".

Aydın Mirzəzadə bildirib ki, Azərbaycan prosesin başından bəri aktiv seyrçi mövqeyi tutub, ölkələrin öz aralarındakı məsələlərə qarışmayıb. Onun sözlərinə görə, Azərbaycan proseslərə o vaxt müdaxilə edirdi ki, söhbət bu ölkənin özündən gedirdi və onun birbaşa maraqlarına toxunulurdu. Millət vəkili düşünür ki, Azərbaycan bundan sonra da öz maraqlarını mümkün sivil qaydalarla müdafiə etməyə çalışacaq.

Ceyhun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.