Siyasət

"Goranboydakı bu təxribat Şoyqunun Bakı səfərinə hesablanıb"

26 Avqust 2020 13:13
Baxış: 1 592

Ermənistanın, ümumiyyətlə, Tovuz, Qazax, indi Goranboy istiqamətində mütəmadi olaraq təxribatlar törətməsi çox təhlükəlidir. 

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdini şərh edərkən deyib.

O bildirib ki, ermənilər təxribatlar nəticəsində Azərbaycanı cavab addımlarına sürükləməyə çalışırlar:

"Ermənistanın əsas məqsədi münaqişənin coğrafiyasını genişləndirməkdən ibarətdir. Təxribatlar nəticəsində Azərbaycanı cavab addımlarına sürükləməyə çalışırlar. Belə bir mənzərə yaratmaq istəyirlər ki, guya Azərbaycan Ermənistan torpaqlarına göz dikib, Azərbaycan Ermənistanın dövlət sərhəddini pozmaq niyyətindədir və s. Xüsusilə də Ermənistan tərəfi ona görə təxribat törədir ki, qeyri-regional dövlətlərin bu məsələyə diqqətini cəlb etsinlər və sonra da onlardan yardım istəsinlər. Xüsusilə də bu, Rusiyadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) dövlətlərdir".

Politoloq qeyd edib ki, ordumuzun ehtiyatla davranması, xüsusi olaraq hərbi obyektlərə zərbə endirməsi bu təxribatların reallaşmasına imkan vermir:

"Goranboydakı bu təxribat, yəqin ki, Şoyqunun Bakıya səfərinə hesablanıb və mən düşünürəm, müəyyən dərəcədə bu səfərin nəticəsinə təsir göstərməyə yönəlib. Amma Azərbaycan tərəfinin düşmənə layiqincə cavab verməyi və olduqca ehtiyatla davranması onu göstərir ki, ermənilərin təxribatı növbəti dəfə nəticəsiz qalır. Ermənistanın digər əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın cavab atəşi onların yaşayış məntəqələrinə və yaxud da ki yaşayışın sıx olduğu yerlər istiqamətində olsun. Belə bir mənzərə yaratsınlar ki, guya ki, Azərbaycanın əsas məqsədi ermənilərin sıx yaşadığı yerlərdi, dinc əhalidi, sakinlərə qarşı terror edir. Ordumuzun ehtiyatla davranması, xüsusi olaraq hərbi obyektlərə zərbə endirməsi bu təxribatların reallaşmasına imkan vermir".

Təhməz Təkin
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.