Siyasət

"Ermənistanın terror fəaliyyətində Milli Təhlükəsizlik Xidməti və hərbi kəşfiyyat orqanları iştirak edir"

5 İyun 2020 15:13
Baxış: 2 374

"Müasir dövrün əsas bəlalarından biri erməni terrorudur. Azərbaycan prezidenti İlham Əliyev tam haqlı olaraq erməni terroru məsələsini daima öz çıxışlarında xüsusi vurğulayır. Çünki hər nə qədər terrorçunun dini, milliyyəti yoxdur fikrinə üstünlük versək də, lakin bir ölkə, xalq saxta tarixə əsaslanaraq müasir dünyada özünə başqalarının torpaqları hesabına dövlət qurub onun genişləndirilməsini məhz terror yolu ilə həyata keçirirsə, bu işdə onun bütün resursları səfərbər olunursa, bunu erməni terroru adlandırmaq tam doğru bir təsbitdir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Nəzakət Məmmədova Tərtər Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyevin "Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib" fikirlərini şərh edərkən deyib.

O, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror fəaliyyətində Milli Təhlükəsizlik Xidməti (MTX) və hərbi kəşfiyyat orqanlarının iştirak etdiyini bildirib:

"Ermənistan xüsusi xidmət orqanları, erməni kilsəsi, diaspora və s. terror fəaliyyətini həyata keçirən təşkilatlardır və onların bu sahədə çoxəsrlik təcrübələri vardır. Azərbaycana qarşı Ermənistan Respublikasının dövlət səviyyəsində həyata keçirdiyi terror fəaliyyətində Milli Təhlükəsizlik Xidməti (MTX) və hərbi kəşfiyyat orqanları iştirak edirlər. MTX Dağlıq Qarabağda fəaliyyət göstərən ("Erməni Milli Ordusu", "Yerkpa", "Qisasçılar") və xaricdəki erməni diasporunun terror təşkilatları (ASALA, ARA, "Gülimyan", "Kommandos") ilə yaxından əməkdaşlıq edir. Avropa, Amerika və Asiyadakı erməni diaspor təşkilatlarından istifadə etməklə Ermənistan təhlükəsizlik orqanları özünün xarici rezidenturalarını qura bilib. Ermənistanın xüsusi xidmət orqanları, xaricdəki rezidenturaları və erməni diasporunun nümayəndələri mafiya təşkilatları, transmilli mütəşəkkil cinayətkar qruplar, terror təşkilatları ilə sıx əlaqə saxlayır. Məsələn, bir neçə il əvvəl Çexiyanın xüsusi xidmət orqanları Ermənistan kəşfiyyat orqanının dörd əməkdaşını narkomafiya ilə əlaqədə şübhəli bilərək, həbs etmişdi. Livanda isə Ermənistan təhlükəsizlik orqanları İnterpol xətti ilə axtarışda olan ASALA terror təşkilatlarının başçıları ilə əlaqədə ittiham olunmuşdu".

Politoloq bədnam qonşumuzun terror vərdişinin özünü 1970-ci illərdə də göstərdiyini faktlarla sadalayıb:

"Erməni terrorçuluğu hələ 1970-ci illərdə, SSRİ-nin mövcud olduğu dövrlərdə geniş yayılmışdı. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin illik hesabatlarında daim Ermənistan SSR-in adı erməni terrorçularının fəaliyyətinə dəstək verən respublika kimi qeyd edilirdi. Məsələn, 1977-ci il yanvar ayının 8-də Moskvada üç partlayış baş vermişdi. Nəticədə yeddi nəfər ölmüş, otuz yeddi nəfər yaralanmışdı. Terrorçular təxribat üçün ən uyğun zamanı seçmişdilər. Belə ki, hadisədən iki həftə əvvəl SSRİ KP MK-nın Baş katibi Leonid Brejnevin yetmiş illik təntənəli yubiley mərasimi keçirilmişdi. Moskvaya xarici ölkə nümayəndələrinin gəlişi ilə əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Milis və DTK gücləndirlimiş iş rejimində işləyirdilər. Yubiley tədbiri və yeni ildən sonra isə şəhərə sakitlik çökmüş və terrorçular bundan, habelə şənbə günü səbəbindən şəhərdə çoxlu insanların olmasından istifadə etmişdilər. Sonuncu dəfə SSRİ-də buna bənzər hadisə əlli il əvvəl, 1927-ci ilin 6 iyul tarixində baş verdiyi üçün erməni terrorçularının partlayışlar törətməsi paytaxtda sadə insanlar arasında və Kremlin özündə əsl şok yaratmışdı. Brejnev dərhal DTK sədri Yuri Andropov və daxili işlər naziri Nikolay Şelokovla əlaqə saxlayaraq, ən qısa zamanda cinayətkarları tapmağı tapşırır. Bundan sonra yanvar ayının 9-da bazar günü olmasına baxmayaraq SSRİ DTK və DİN-də təcili müşavirə keçirilir, cinayətkarların axtarılıb-tapılması üçün DTK, DİN və SSRİ Baş Prokurorluğunun ən yaxşı mütəxəssisləri bu işə cəlb edilirlər. Hüquq-mühafizə orqanları terror aktı zamanı istifadə olunmuş əldəqayırma partlayıcı maddələrin İrəvan şəhərində hazırlandığını ehtimal edərək, "Moskva-İrəvan" qatarlarının bütün sərnişinlərini yoxlamadan keçirmiş və nəticədə iki terrorçunu - Akop Stepanyan ilə Zaven Baqdasaryanı həbs etməyə müvəffəq olmuşdular. Lakin Ermənistan SSR hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirlərində olduqca həvəssiz iştirak etmişdi. Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Karen Dəmirçiyan şəxsən istintaq qrupunun rəhbərinə zəng edərək, respublika ərazisində Moskvadan gələn müstəntiqlərin qanunsuz və özbaşına hərəkətlərinə son qoyulmasını tələb etmiş, əks halda şəxsən Brejnevə şikayət edəcəyilə hədələmişdi. Ermənistan SSR rəhbərliyinin addımına Ermənistan DTK-nın rəhbərliyi də dəstək verərək, terrorçuların bu respublikadan olduqlarını təkzib etməyə cəhd göstərmişdilər. İstintaq qrupunun tək ümidi şübhəli şəxslərin mənzillərində axtarış aparmaq, əşyayi-dəlillər tapılmazsa, tutulanları azadlığa buraxmaq idi. Çox çətinliklə də olsa, buna razılıq alınmış və müvafiq axtarışlar zamanı müttəhimlərin günahkar olduqlarını sübut edən təkzibolunmaz dəlil-sübutlar tapılmışdı. Terror aktlarının ideya müəllifi erməni milli hərəkatının liderlərindən biri Stepan Zatikyan olmuşdu. Hələ Yerevan Politexnik İnstitutunda oxuyan zaman o, digər tələbələrlə bərabər gizli Ermənistan Milli Birlik Partiyası yaratmış və "Paros" ("Mayak") qəzetini nəşr etməyə başlamışdılar. Həmin qəzetdə onlar müstəqil Ermənistanın yaradılmasını, Dağlıq Qarabağ və Naxçıvanı Ermənistana verməyi tələb edirdilər. 1964-cü ildə S.Zatikyan antisovet təbliğatı apardığı üçün həbs edilmişdi. Azadlığa çıxdıqdan sonra Moskvadakı terror aktlarını planlaşdırmaqda əli olan S.Zatikyan ən ağır cəzaya - güllələnməyə məhkum olunmuşdu".

Nəzakət Məmmədova azərbaycanlılara qarşı Luqanskda erməni əsilli generalın sifarişi ilə törədilən cinayətləri də bu ölkənin cinayətkar qruplaşmasını ifşası baxımından vacib fakt kimi qeyd edib:

"Son dövrlərdə Gürcüstan və Ukraynada terrorçu təşkilat üzvləri azərbaycanlılara və türklərə qarşı bir sıra təxribatlar törətmişlər. Ukraynanın Pokrovsk, Lvov, Xerson şəhərlərində son illərdə, yəni Ukrayna böhranı başladığı dövrdən bəri 30-a yaxın azərbaycanlı iş adamına qarşı silahlı erməni dəstələri tərəfindən hücumların baş verməsi, çoxsaylı azərbaycanlıların öldürülməsi və yaralanması, istintaqa cəlb edilmiş ermənilərin diaspora fəalları olması burada adi cinayətdən çox siyasi məqsədlərin olmasının göstəricisidir. Xüsusilə, ölkənin daxili işlər nazirinin milliyyətcə erməni olması mütəşəkkil cinayətkar qrupların və hətta terrorçu dəstələrin sərbəst fəaliyyətinə şərait yaradır. Məsələn, Azərbaycanlılara qarşı Luqanskda törədilmiş cinayətin istefada olan erməni əsilli general azərbaycanlılara və türklərə qatı nifrət hissi ilə seçilən Luqasyanın sifarişi əsasında törədilməsindən sonra Ukrayna hüquq-mühafizə orqanları Luqasyan və daxili işlər naziri Avakovun əlaqələrinə əsaslanaraq cinayət işi açmışlar.

Son zamanlarda Gürcüstanın Cavaxeti bölgəsində ölkənin hüquq-mühafizə orqanları tərəfindən ermənilərə məxsus çoxlu sayda silah-sursatın müsadirə edilmişdir. Onların güclü şəkildə təşkilatlandığı, imkan yaranan kimi separatçı qiyam qaldırmağa hazırlaşdığı barədə ölkə xüsusi xidmət orqanlarında faktlar mövcuddur. Aqasi Arabyan adlı şəxsin rəhbərlik etdiyi təşkilat da burada xüsusi fəallıq göstərir. Qeyd edək ki, həmin təşkilat Gürcüstan prezidentinə təxribatçı məktublar yazaraq Bakı-Tbilisi-Qars layihəsinin guya bu ölkəyə sərfəli olmaması barədə sərsəm iddialar ortaya atmış, beynəlxalq əhəmiyyətli bu böyük layihənin həyata keçirilməsinə mane olmaq üçün hər cür canfəşanlq göstərmişlər".

Xanım politoloq Gürcüstan xüsusi xidmət orqanlarında gürcü familiyası daşıyan ermənilərin separatçı şəxslərlə əlbir olması və onları vaxtında hazırlanan əməliyyat tədbirlərindən xəbərdar etdiklərinə dair xəbərlər olduğu haqda məlumat verib:

"Lakin Gürcüstan xüsusi xidmət orqanlarında gürcü familiyası daşıyan ermənilərin separatçı şəxslərlə əlbir olması və onları vaxtında hazırlanan əməliyyat tədbirlərindən xəbərdar etdiklərinə dair məlumatlar vardır. Eyni zamanda Gürcüstanın korrupsiyalaşmış dövlət strukturunda erməni diasporasının xeyrinə casusluq edən bir sıra məmurların olması ermənilərin qabaqcadan məlumatlanmasına kömək etmişdir. Hüquq-mühafizə orqanlarının planlaşdırdıqları tədbirlərdən ermənilərin vaxtında məlumatlı olması nəticəsində terrorçu separatçılar dəlillərin izini itirir və özləri də gizlənə bilirlər. Gürcüstanın Cavaxeti bölgəsində ASALA terror təşkilatının yerli özək təşkilatı fəaliyyət göstərir. ASALA-nın "Böyük Ermənistan" planlarında Cavaxeti bölgəsi xüsusi strateji ərazi hesab edilir. Onun çoxsaylı erməni icmasının yaşadığı Acarıstanla ümumi sərhədə malik olması əsas amillərdən biridir. Belə ki, Cavaxeti-Acarıstan xətti üzrə erməni terrorçularının Qara dənizin Gürcüstan sahillərinə çıxış əldə edərək orada dayaq bazaları yaratmaq planları mövcuddur. ASALA-nın ləzgi və talış separatçılarının müttəfiqi olması onu Azərbaycan üçün də təhlükəli edir.

Bütün bu qeyd edilənlər ASALA terror təşkilatının hazırda Yaxın Şərqdə və MDB ərazisində yaranmış gərginlikdən istifadə edərək ilk növbədə birbaşa Azərbaycan və Türkiyəyə, habelə bu ölkələrlə həmsərhəd və ya güclü mövqelərinin olduğu üçüncü dövlətlərdəki siyasi-iqtisadi, hərbi maraqlarına zərbə vurmaq planlarının olmasını ehtimal etməyə əsas verir".

Təhməz Təkin
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.