Siyasət

"Milli Şura" teatrında yeni səhnəcik: "Kölgəsiz adam" qovuldu, yoxsa getdi?

15 May 2020 13:25
Baxış: 1 828

"Demokratik Qüvvələrin Milli Şurası" adlı şapito teatrında maraqlı olaylar yaşanır. Qalmaqallı ZOOM videokonfransından sonra ara yenə qarışıb. Bu dəfə Eldəniz Quliyev istefa verdiyini bəyan edib. 68 yaşlı ssenarisitin qərarı maraqlıdır.

O, Facebook-dakı profilində dünən yazıb: "Dostlar, təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dan istefa verirəm".

Yollar nədən ayrıldı, "Kölgəsiz adam" hekayələr və povestlər kitabının müəllifini belə ekssentrik qərar verməyə nə vadar etdi?

Suallar ilk baxışdan az qala ritorik təsir bağışlasa da, əsla belə deyil.

Hər şey "Respublikaçı Alternativ" (ReAl) hərəkatının lideri İlqar Məmmədova qarşı qaldırılmış cinayət işinə xitam verilməsindən və onun bəraət almasından, habelə İ.Məmmədova təzminat ödənilməsi ilə bağlı məhkəmə qərarından sonra başlanmışdı.

Aprelin 24-də E.Quliyev Facebook səhifəsində yazdı: "İlqar Məmmədovu qınamayın!..

Ziqmund Freyd üzdəniraqlığı, daha dəqiqi, "ismayılcəlilovluq" meyillərini oğlan uşağının öz anasına aşırı bağlılığı ilə əlaqələndirir. Qoca Freyd bu anormallığa səfeh bir izah verir: oğlan uşağı təbii olaraq öz anasına ilk seksual mənbə kimi yanaşır, lakin eyni zamanda, şüuraltı şəkildə bu istəyinə heç zaman çata bilməyəcəyini də dərk edir; belə olan halda, nəhayət  o, özü ana olmaq qərarı verir verir: "mən özüm ana olacağam və mənə yiyələnəcək, yəni məni seksual subyekt kimi qəbul edəcək ata axtaracam!.."

Təəssüf ki, bu, yaxud buna bənzər əzilib-büzülən xəstə "fenomen"lər siyasi arenamızda yetərincədir.

Heç kəsə sirr deyil ki, ReAl Hərakatı, daha sonra Real partiyasına çevrilən qurum həmişə ATA axtarışında olub, sadəcə, əvvəllər bunu açıb-ağartmadan etməyə çalışıblar.

Bu gün isə hər şey ortadadır və görünən kəndə də bələdçi-filan axtarmağa lüzum yoxdu. Siyasi fəaliyyəti özfəaliyyət səviyyəsinə salıb da "ismayılcəlilovluğu" seçənlərə təntənəli bir "TUŞ"!"

Həddən ziyadə aqressiv, primitiv və bayağı bu açıqlamasını E.Quliyev gah "sarkazm", gaş da "ironiya" kimi təqdim etməyə çalışsa da, "Milli Şura" adlı komatoz durumdakı təşkilatın mənsubunun sözləri əvvəl sosial şəbəkələrdə, sonra isə müxalifət düşərgəsində qalmaqala səbəb oldu.

REAL sədri İlqar Məmmədovla bahəm, ABŞ-da yaşayan qatı müxalif bloqer İsmayıl Cəlilovu təhqir edərək aşağılayan E.Quliyev üzr istəməyi belə, düşünmürdü.

Tam əksinə, o, sanki ifrat cəsarət və misilsiz şücaət nümayiş etdiribmiş təki davranırdı.

Təbii, AXCP sədri Əli Kərimliyə bu açıqlama həzz vermişdi: axı İ.Cəlilov onu və bloqer Kərimlinin ABŞ-dakı "sözçüsü" Sevinc Osmanqızını sürəkli, özü də sərt tənqid etməsi ilə tanınırdı.

Milli Şuranın sədri, radikal müxalifətin Kisa Vorobyaninovu olan Cəmil Həsənli də susurdu.

Sonra "Zoom" vasitəsilə "Milli Şura"nın Koordinasiya Mərkəzinin onlayn toplantısı oldu.

Milli Şuranın Koordinasiya Mərkəzinin "Zoom"la keçirilən iclasında işlədilən ifadələr və videonun həmin hissəsinin sosial şəbəkədə paylaşılması qalmaqala səbəb oldu. Belə ki, onlar Eldəniz Quliyevin bir müddət əvvəl İlqar Məmmədovu hədəf alaraq jurnalist İsmayıl Cəlilovu təhqir edən statusunu müzakirə edərkən özləri də cinsi azlıq nümayəndələrinin əleyhinə qeyri-etik ifadələr işlətdilər.

Gültəkin Hacıbəyli məzkur videokonfransda deyib: "Bəziləri tənqidçilik ruhunu itirməmək üçün vaxtaşırı olaraq onların üzərində sınaqlar aparırlar. Bunlardan biri də Müsavat Partiyasıdır. Ölkədə yaşanan bu cür dəhşətlərdən heç nə yazmırlar. Amma kütləvi şəkildə Eldəniz bəy məsələsinə görə bizim üstümüzə hücuma keçiblər. Mustafa Hacılı bu gün bir sərsəm bir yazı yazıb. Bildirir ki, Əli Kərimlinin internet məsələsini ona görə diqqətə gətirirlər ki, Tofiq Yaqublunun həbsi arxa plana keçsin. Guya ki Müsavat Tofiq Yaqublunu bu qədər çox sevir. Bu riyakarlıqdan başqa bir şey deyil. Məqsəd sadəcə Əli bəyi gözdən salmaqdır. Bu gün onun yubileyidir. 55 yaşı tamam olur. Bu yaramazlar da onun üzləşdiyi təqiblərə heç bir dəstək vermirlər.  İndi guya ki Tofiq bəyin hüquqlarının müdafiəçisi olublar. Çox biabırçı yanaşmadır.  Hesab edirəm ki, REAL-ın aqibəti aşağı-yuxarı səviyyədə Müsavat Partiyasını da gözləyir".

Milli Şura sədri Cəmil Həsənli isə G.Hacıbəylinin sözlərinə belə reaksiya verib: "Burada belə bir fərq var. Yenə REAL nəyisə əldə edib o vəziyyətə düşüb.  Bu bədbəxtlər heç nə etməyib o vəziyyətə düşüblər".

G. Hacıbəyli isə Milli Şura sədrinə mühacir məsələsiylə bağlı xatırlatma edib: "Bunlar da mühacir alverindən nəsə etmişdilər. Gəlin küçümsəməyək. Bunların da Avropada əldə etdikləri çox idi".

Yerli müxalifət çayxanasının "Mata Xari"si Gültəkin Hacıyevanın bloqer İsmayıl Cəlilov barədə dediklərinə dəstək verən R.Manaflı söyləyib: "Gültəkin xanım, çox üzr istəyirəm, kişi q..bəsindən başqa nə gözləyirsiniz ki?! Mən çox təəssüf edirəm ki, 1941-1945-ci illərdə Hitler bu geylləri qırıb qurtarmadı e..."

Yəni R.Manaflı aşkar şəkildə bəyan edib ki, o, nəinki aqressiv homofobdur, həm də İ.Cəlilovun məhv edilməsinin əleyhinə deyil: səbəb İ.Cəlilovun özünün də etiraf etdiyi kimi, qeyri-ənənəvi cinsi mənsubiyyətli olmasıdır.

Müsavat Partiyasının başqanının müavini Səxavət Soltanlı isə yayılan videoda Müsavatın ünvanına işlədilən ifadələrə görə Cəmil Həsənlinin üzr istəməsini tələb edib:

"Bunların iclaslarına, etdikləri müzakirələrə, ritorikalarına diqqət edin. Mən əlavə şərh etmək istəmirəm. Digərlərinin işi-gücü Müsavata qarşı şər-böhtan danışmaq və yaymaq olduğu üçün, faktiki Müsavata qarşı trolluqla məşğul olduqlarından onlarla işim yoxdur.

Bir daha Cəmil Həsənlidən Müsavat Partiyasından üzr istəməsini tələb edirəm!"

REAL-ın icra katibi Natiq Cəfərli Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin və rəhbəri Cəmil Həsənlinin ötən gün təmsil etdiyi partiyayla bağlı videoda səsləndirdikləri çıxışlara münasibət bildirib.

O, Facebook profilində yazıb: "Milli Şura ilə bağlı hələ 2013-cü ildə şəxsən mənə hər şey aydın olub:

H zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma qoşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq, imtina etdik. Çünki, dəyərləri, prinsipləri, aydın planı-proqramı olmayan, şəxs-şəxslər ərtafında büdpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı.

Bir çox dostlar MŞ-nın buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki?! MŞ yoxdur, AXCP var, o partiya özünə oyuncaq yan qurum kimi MŞ-nı saxlayırdı ki, məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa, ora hər iki qurumdan təmsilçi salaraq səsvermədə üstünlük qazansınlar, vəssalam. Bu qədər primitiv və köhnədirlər.

Bunların nə demokratiya dərdi var, nə də haqq-hüquq gündəliyi, çünki o dəyərlər haqqında təsəvvürləri belə yoxdur. Videoları da, çox güman, öz içlərində olanlar sızdırıb - zatən içlərində hökumətə işləməyən çətin tapıla. Hər birinin illərdir bu hökumətlə əlaqələri olub-var, onlara çəkilən xəttdən, biçilən roldan heç vaxt kənara çıxmayıblar. Onların siyasət anlayışı o qədər primitiv, keçmişləri o qədər qaranlıqdır ki, istənilən başqa cür düşünən-davranan siyasi təşkilatı həmən düşmən görüb sıradan çıxartmağa çalışırlar".

Bəs Cəmil Həsənli nə edib?

Facebook səhifəsində güya, öz aləmində üzrxahlıq edib.

O yazmışdı: "ABŞ-la Azərbaycan arasında vaxt fərqi olduğu üçün Milli Şuranın Zoom toplantısından yayılan video materialı yeni gördüm. Bunun kibercinayət olmasına keçməzdən əvvəl onu deməliyəm ki, Milli Şuranın Koordinasiya Mərkəzinin bəzi üzvləri Eldəniz Quliyevin məlum statusunun ziyanlı xarakter daşıdığnı müzakirə edən zaman LGBT məsələsinə münasibətdə yol verilməz ifadələr səsləndirmişlər.

Təəssüf ki, videonun davamı məqsədli şəkildə göstərilmir. Əgər videonun davamı təqdim edilsəydi aydın olardı ki, belə yolverilməz ifadələrə, xüsusiylə Rafiq Manaflı bəyin çıxışına elə toplantının gedişində kəskin etiraz edilib və belə leksikonun yolverilməz olduğu, Milli Şuranın prinsipləri ilə ziddiyyət təşkil etdiyi onun nəzərinə çatdırılmışdı. Eyni zamanda Korrdinasiya Mərkəzinin böyük çoxluğu bu leksikonun əleyhinə olduğunu ifadə etmişdilər. Toplantının gedişində Eldəniz bəyin statusunu kəskin tənqid edilməklə yanaşı Rafiq Manaflı bəyin də hazırda videoda təqdim edilən ifadələrinin yolverilməz olduğu, bunun antihumanist və antidemokratik xarakter daşıdığı, əxlaqi cəhətdən qüsurlu olduğu mənim və digər Milli Şura üzvləri tərəfindən onun diqqətinə çatdırılmışdır.

Toplantının gedişində bir daha bəyan edilmişdi ki, Milli Şura heç bir milli, etnik, dini, irqi, cinsi fərq qoymadan bütün vətəndaşların, o cümlədən LGBT vətəndaşların təməl hüquqlarını müdafiə edir, öz fəaliyyətində bu prinsipləri üstün tutur".

Sözügedən qalmaqalın videosu sosial şəbəkədə geniş şəkildə yayıldıqdan sonra Gültəkin Hacıbəyli feysbuk hesabında paylaşım edərək ifadələrinə görə üzr istəyib: "Sərt, kobud ifadə işlətmişəm, razıyam, ancaq yenə deyirəm, bu bilavasitə uzun müddətdir məni və dostlarımı ədalətsiz bir şəkildə hədəfə alan şəxslə bağlı olduğu üçün emosional münasibətin qüsuru kimi ortaya çıxıb. Bir daha bəyan edirəm ki, insanlara insan olduğu üçün dəyər verirəm, onların şəxsi həyatı, cinsi, etnik, siyasi, sosial mənsubiyyəti məni maraqlandırmır və əgər kimsə qapalı görüşdə işlətdiyim uyğunsuz ifadəni hansısa bir qrupa və ya azlığa qarşı hörmətsizlik kimi dəyərləndiribsə, səmimi üzrxahlığımı qəbul etsin".

Cəmil Həsənli beləliklə, iddia edir ki, elə həmin videotoplantıda Eldəniz Quliyev məlum açıqlamasına görə çox sərt tənqid olunub, qətiyyətlə pislənib və s. Milli Şuranın təsərrüfat müdirinin sözlərini kazuistikadan normal lisana tərcümə etsək, elə həmin toplantıda E.Quliyev "təşkilat" sıralarından dışlanıb.

E.Quliyevsə könüllü istefadan bəhs edir.

Onun səmimiliyinə inanmaq çətindir, çox çətindir.

Milli Şura adlı ölü quruma gəldikdə isə, bu kvazistrukturun AXCP sədri və bloqer Əli Kərimlinin oyuncağı olduğunu dəfələrlə yazmışam.

Rafiq Manaflı kimi ahıl "hitlerçi"lərin dediklərini şərh etmək istəməm, çünki antigigiyenik məsələdir.

Maraqlı olan "siyasi ölü" Gültəkin Hacıbəylinin YouTube-dakı "layk"lar və "bəyənmə"lər, habelə şərhlər barədə dedikləridir.

Onun sözləri bir daha təsdiqləyir ki, Əli Kərimlinin kamarilyasındakı trollların hər biri sosial şəbəkələrdə və YouTube videoservisində onlarla, yüzlərlə saxta profillər yaradaraq AXCP sədrinin Facebook səhifəsindəki marazmatik açıqlamalarının "çox oxunma və paylaşılması"nı təmir edir, onun "müstəqil bloqer"lərin YouTube kanallarındakı məntiqsiz müsahibələrinə çoxsaylı "layk"larla şərhləri təmin edirlər.

Əli Kərimlinin "populyarlığı", "dəstəyi" sadəcə, sosial şəbəkələrdə trollarının mövcudluğunda və aktivliyindədir.

Bu qədər bəsit.

Milli Şura-ya gəldikdə isə, Eldəniz Quliyevin bu şapitonu tərk etməsi heç nəyi dəyişən deyil.

AXCP sədri Əli Kərimliyə şəksiz və sözsüz tabe olan bu kvazistruktur can verməkdə olan strukturdur.

Və oradakıların nə demokratiya anlayışları var, nə hüquq, nə də dəyər.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.