Siyasət

Ərdoğan: "Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır"

19 Aprel 2010 16:59
Baxış: 264
Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında deyib. Məlumatı CNN Turk yayıb.

"Prezident Serj Sarkisyanla görüş zamanı Türkiyənin Ermənistan ilə münasibətlərin normallaşması və protokolların ratifikasiyası ilə bağlı mövqeyini açıq şəkildə bəyan etdim. Eyni zamanda, biz Ermənistanın səmimi mövqeyini görmək istəyirik", - Ərdoğan ötən həftə Vaşintqonda Ermənistan Prezidenti ilə son görüşünə toxunub. Onun sözlərinə görə, Türkiyə "danışıqlar masasından qaçan ölkə deyil".

"Biz danışıqlardan qaçmırıq, əksinə, eyni vaxtda Azərbaycan, Ermənistan, ərəb ölkələri və Balkan ölkələri ilə danışıqlar apara bilərik. Bütün bunlar regionda sabitliyin və sülhün bərqərarı üçün edilir", - Ərdoğan bildirib. - "Türkiyə Yaxın Şərqdə sülhə can atır və Ermənistan ilə münasibətləri normallaşdırmağa hazırdır".

Ərdoğanın sözlərinə görə, ötən həftə Vaşinqtonda Prezident Barak Obama ilə görüşündə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması barədə mövqeyini ABŞ-ın diqqətinə çatdırması və ABŞ Konqresinin Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı"na dair qətnamənin qəbulu ilə bağlı narazılığını bildirməsi üçün imkan yaranıb.

Baş nazirin sözlərinə görə, Ermənistan ilə münasibətlərin normallaşdırılması məsələsində Türkiyənin mövqeyi aydındır və Ankaranın gələcək addımları buna əsaslanaraq atılacaq.

"1993-cü ildə bizim sərhədlərin bağlanmasına səbəb Azərbaycan torpaqlarının işğal edilməsi olub. Nə qədər ki bu işğal aradan qalxmayıb, biz sərhədləri açmayacağıq", - Ərdoğan deyib.

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.