Siyasət

"Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir"

1 Aprel 2020 15:03
Baxış: 801

Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz "seçkilər" beynəlxalq hüquq normalarına tamamilə ziddir. Əslində, bu seçkilər işğalçı Ermənistan dövlətinin növbəti təxribatı və siyasi oyunudur.

Milli.Az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, işğal edilmiş Dağlıq Qarabağ bölgəsində "prezident və parlament seçkiləri" adı altında növbəti "seçki şousu" qanunsuz olmaqla yanaşı, demokratiya dəyərlərinə ləkədir. Onun sözlərinə görə, Ermənistan və onun yaratdığı qondarma rejim bu kimi addımlarla bütün beynəlxalq normaları pozur, həmçinin münaqişənin sülh yolu ilə həllinə zərbə vurur.

Milli Məclisin deputatı deyib ki, qondarma seçkilər dünyanın koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunduğu bir dövrdə təşkil olunub. Bu fakt işğalçı Ermənistanın və separatçı rejimin öz çirkin məqsədləri üçün pandemiya ilə mübarizədə beynəlxalq çağırışlara zidd addımlar atdığını təsdiqləyir.

"Eyni zamanda, bu qanunsuz hərəkət bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil, status-kvonu uzatmağa çalışır. İşğalçı dövlət yalnız imitasiya etməklə məşğuldur", - deyən millət vəkili qeyd edib ki, Azərbaycan dövləti rəsmi olaraq bu məsələyə münasibətini bildirib. Eləcə də, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, ATƏT-in Minsk qrupunun həmsədrləri bu "seçkiləri" qanunsuz hesab edib və onun nəticələrini tanımadıqlarını bəyan ediblər. Bu, o deməkdir ki, beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir və pisləyirlər:

"Dağlıq Qarabağ regionunda hər hansı seçki yalnız və yalnız Azərbaycan Respublikasının qanunları əsasında keçirilə bilər. Ermənistan hakimiyyəti bu reallığı dərk etməli, işğal etdiyi əraziləri sülh yolu ilə tərk etməlidir. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.