Siyasət

"Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu vəziyyətdən az itkilərlə çıxarmaqdır"

26 Mart 2020 10:55
Baxış: 1 690

Azərbaycan xalqı tarixən bütün sınaqlardan üzüağ, alnıaçıq, başıuca çıxıb. Şübhə yoxdur ki, hazırda dünyada tüğyan edən koronavirus bəlasını da ölkəmiz uğurla dəf edəcək. Ən başlıcası isə odur ki, vəziyyət şəxsən prezident İlham Əliyevin ciddi nəzarətindədir. Azərbaycan güclü dövlətdir və bu gün ölkəmizin, vətəndaşlarımızın zərər çəkməməsi üçün bütün imkanlar səfərbər edilib. İlk gündən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Prezidentin tapşırığı ilə ictimaiyyət görülən tədbirlərlə bağlı mütəmadi olaraq məlumatlandırılır. Ölkədə xüsusi karantin rejimi elan olunub. Virusa yoluxmuş şəxslərin müalicəsi üçün ən müasir şərait yaradılıb. Vaxtında yeni tibbi avadanlıqlar, laboratoriyalar, testlər alınıb.

Ölkə başçısı Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıb və fonda 20 milyon manat vəsait ayırıb. Prezident İlham Əliyevin, ardınca isə Birinci vitse-prezident Mehriban Əliyevanın 1 illik əməkhaqqlarını fonda bağışlaması cəmiyyətimiz üçün örnək olub. Bu humanist addıma dəstək kimi dövlət qurumları, şirkətlər, hüquqi və fiziki şəxslər fonda ianələr veriblər. Artıq fondda kifayət qədər böyük məbləğ toplanıb. Bütün bunlar milli həmrəyliyin, yüksək vətəndaşlıq mövqeyinin, cəmiyyətimizdə formalaşmış böyük humanizm və mərhəmət hissinin göstəricisidir. Azərbaycan prezidenti tərəfindən irəli sürülmüş bu təşəbbüs eyni zamanda bütün dünya ölkələri - bəşəriyyət və insanlıq üçün əvəzsiz nümunədir.

Prezident İlham Əliyevin pandemiyanın ölkəmizə mənfi təsirlərini aradan qaldırmaq məqsədilə 1 milyard manat vəsait ayırmasını isə xüsusilə vurğulamaq lazımdır. Bu addım heç şübhəsiz ki, iqtisadiyyatımızın stumullaşmasına böyük töhvə verəcək. Prezidentin əsas məqsədi bu çətin məqamda sahibkarlığa dəstək göstərmək, yarana biləcək məşğulluq problemini həll etmək, makroiqtisadi sabitliyi qoruyub saxlamaqdır. Beləliklə, tam əminliklə demək olar ki, Azərbaycan bu nümunəvi addımı ilə də regionda birinciliyə imza atdı.

Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanında yer olub. Xüsusilə də ən çətin məqamlarda. Prezident İlham Əliyev dar gündə həmişə xalqına arxa, dayaq olub, ona həm maddi, həm mənəvi dəstək göstərib. Vətəndaş amili dövlət üçün prioritet təşkil edib, ön planda dayanıb. Biz bu gün də - ölkəmizin və xalqımızın növbəti sınaq qarşısında olduğu bir zamanda da bu siyasətin şahidiyik.
Dünyada koronavirusla bağlı gedən proseslər göz önündədir. Hətta bəzi inkişaf etmiş ölkələrdə yoluxma və ölüm sayları durmadan artır, vəziyyət nəzarətdən çıxır, infeksiya faicəvi hal alır, dövlətlər aciz duruma düşür. Azərbaycanda isə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vizəyyət tam nəzarətdədir. Dövlət bütün imkanlarını virusun yayılmasının qarşısını almağa, ölüm hallarının baş verməməsinə yönəldib.

Lakin, bütün bu prosesdə sözsüz ki, vətəndaşlar da dövlətin yanında olmalı, görülən bütün tədbirləri birmənalı dəstəkləməli, qəbul edilən hər bir qərara ciddi əməl etməldir. Bu gün bütün Azərbaycan həmrəy olmalıdır. Unutmayaq ki, milli həmrəylik milli təhlükəsizliyimizin əsas şərtidir. Belə bir deyim var - ailə kiçik dövlətdir. Bu gün prezident İlham Əliyev var gücü ilə öz ölkəsini, vətəndaşlarını necə qorumağa çalışırsa, hər bir ailə başçısı da ailə üzvlərini, övladlarını qorumalı, insanlar ölkədə tətbiq olunan xüsusi karantin rejimini anlayışla qarşılamalı, yeni qaydalara riayət etməldir. Çünki, atılan hər bir addım, qəbul edilən hər bir qərar, qoyulan qadağa və məhdudiyyətlər Azərbaycan vətəndaşlarının sağlamlığı üçündür. Məqsəd faciənin miqyasını minimuma endirmək, ölkəmizi təhlükəli virusdan qorumaq və hadisələrin mənfi istiqamətdə inkişafının qarşısını almaqdır.

Koronavirusla mübarizədə həkimlərin, tibbi personalın da xidmətlərini vurğulamaq lazımdır. Çünki, bu gün həkimlərimiz həqiqətən də xüsusi qəhrəmanlıq, fədakarlıq göstərirlər. Baxmayaraq ki, sağlamlıqları risk altındadır, vəzifə borclarını layiqincə yerinə yetirirlər. Təsadüfi deyil ki, prezident İlham Əliyev xəstələrə qulluq edən həkimlərin də əməyinə layiqli qiymət verdi və onların maddi vəziyyətinin yaxşılaşdırılması üçün əməkhaqlarını bir neçə dəfə artırdı.

Yəni, Azərbaycan prezidentinin atdığı hər bir addım, vaxtında qəbul etdiyi qabaqlayıcı qərarlar dünya ölkələri üçün müsbət praktika, effektli nümunə ola bilər.

Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxarmaqdır. Danılmaz həqiqətdir ki, Azərbaycanda həmişə möhkəm və sarsılmaz xalq-iqtidar birliyi olub. İlham Əliyevin siyasəti xalq tərəfindən daim müdafiə edilib və bu gün də bu dəstək ortadadır. Şübhə yoxdur ki, bu dəstək, həmçinin vətəndaş məsuliyyəti, milli birlik dövlətimizin gücünə güc qatacaq və Azərbaycan tezliklə bu xəstəliyə qalib gələcək.

Sahil Kərimli
Trend İnformasiya Agentliyinin baş direktor müavini

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.