Siyasət

Aydın Səfixanlı: "Paşinyanın çıxışları Prezident İlham Əliyevdə, panel iştirakçılarında gülüş doğururdu"

17 Fevral 2020 10:19
Baxış: 981

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi və beynəlxalq hüquqi faktlara əsaslanan məntiqi çıxışı növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyanı çıxılmaz vəziyyətə saldı.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı tarixi və beynəlxalq hüquqi sənədlərə istinad etməklə bir daha Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bəyan edib:

"Prezident azərbaycanlıların tarix boyu ermənilər tərəfindən etnik təmizlənməyə və soyqırıma məruz qaldıqlarını, torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini, hazırda mövcud olan Ermənistanın əzəli Azərbaycan torpaqlarında yaradıldığını bəyan edərək bununla bağlı istər tarixi, istərsə də beynəlxalq hüquqi sənədləri panel iştirakçılarının diqqətinə çatdırdı".

A.Səfixanlı qeyd edib ki, hakimiyyətə gəldiyi ilk günlərdən özünün qorxaq və yersiz bəyanatları ilə tanınan N.Paşinyan bu dəfə də hər hansı bir sənədə və ya tarixi fakta əsaslanmayan populist çıxışları ilə yadda qaldı:

"Paşinyanın dayanmadan dərsini bilməyən tələbə kimi "konspektlərə" baxması və ya hər hansı bir erməni jurnalistinin qəzetdə çap edilmiş və təhrif olunmuş formada yazılmış məqaləsinə istinad etməklə həyəcanlı çıxışları, istər Azərbaycan Prezidenti İlham Əliyevdə, istərsə də panel iştirakçılarında gülüş doğururdu. Paşinyan özünü hətta o dərəcədə itirmişdi ki, çıxışında bir neçə dəfə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edərək, sonradan hamıdan üzr istəyirdi.

Azərbaycan Prezidenti öz çıxışında, həmçinin Ermənistanın heç zaman müstəqil siyasət yeridə bilmədiyini, sülhə maraqlı olmadığını və işğalçılıq siyasətini dəstəklədiyini, Ermənistan rəhbərlərinin hər zaman sülh danışıqlarının ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə taparaq geri çəkildiyini tarixi təcrübəyə əsaslanmaqla tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamaq istədiyini bildirən Azərbaycan Prezidenti bəyan etdi ki, ermənilər həmin əraziləri daim işğal altında saxlaya biləcəyini hesab edə bilərlər. Amma bu, belə qalmayacaq, ərazi bütövlüyümüz bərpa ediləcək".

A.Səfixanlı əlavə edib ki, Azərbaycan Prezidenti öz çıxışında, həmçinin beynəlxalq hüququn təmin olunmasında, o cümlədən münaqişələrin həllində hüquq və səlahiyyətlərə malik beynəlxalq və regional təşkilatlara və bu təşkilatlara üzv olan dövlətlərə müraciət edərək onları qəbul etdikləri qərar və qətnamələrə hörmətlə yanaşıb hüququn aliliyini təmin etməyə çağırdı.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.