Siyasət

Valeri Mitskeviç: "Belarus və Azərbaycan arasında siyasi əməkdaşlıq yüksək səviyyədədir"

11 Fevral 2020 14:42
Baxış: 892

Belarus və Azərbaycan arasında siyasi əməkdaşlıq yüksək səviyyədədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikri Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç söyləyib.

Sədr müavini Azərbaycanda parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb və bildirib ki, Belarus həm parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində, həm də Azərbaycanla qarşılıqlı faydalı iqtisadi əməkdaşlıqda maraqlıdır.

Səfir L.Qəndilov, öz növbəsində, qeyd edib ki, Azərbaycan və Belarusun digər ölkə və təşkilatlarla olan münasibətlərində mövqeyi yaxındır, hətta bəzi hallarda üst-üstə düşür. Məhz bu baxımdan o, beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin bir-birini qarşılıqlı dəstəkləmək ənənəsinin davam etdirilməsinin zəruri olduğunu söyləyib.

Səfir Belarus məhsullarının keyfiyyətli olduğunu və bunun Azərbaycanda yüksək səviyyədə qiymətləndirildiyini deyib.

Görüşdə Böyük Vətən müharibəsinin 75-ci ildönümü ilə bağlı keçiriləcək dövlət tədbirlərlə bağlı hazırlıq işləri də müzakirə olunub.

Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşməsinə kömək etmək üçün qarşılıqlı niyyətlərini ifadə ediblər. Onlar hər iki ölkənin parlamentlərinin dostluq qruplarının işinin vacibliyini vurğulayıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.