Siyasət

“Əl-Əxbar” qəzetinin redaktoru: "AZƏRTAC Azərbaycanla ərəb dünyası arasında media körpüsüdür"

8 Fevral 2020 17:46
Baxış: 814

AZƏRTAC Azərbaycanla ərəb dünyası arasında media körpüsü rolunu oynayır və ölkələrimizin KİV-ləri arasında əməkdaşlığın dərinləşdirilməsi zamanın çağırışıdır.

Bu fikirlər Azərbaycanda parlament seçkilərinin gedişini işıqlandırmaq üçün ölkəmizə səfər edən Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir qrup jurnalisti ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.

İdarə Heyətinin sədri Aslan Aslanov görüş zamanı Azərbaycan və ərəb ölkələri arasında münasibətlərin tarixindən, media qurumlarının apardıqları informasiya mübadiləsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına verdiyi töhfələrdən danışıb. Qonaqlar ölkəmizdə dinamik inkişafın, mətbuat və söz azadlığının, seçki prosesinin şəffaf və demokratiya prinsiplərinə uyğun təşkil edildiyinin şahidi olduqlarını bildirib və bunu yüksək qiymətləndiriblər.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə əməkdaşlığın inkişafına daim böyük diqqət ayırdığı, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verdiyi vurğulanıb. İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini birmənalı dəstəkləməsinin xalqımız tərəfindən rəğbətlə qarşılandığı bildirilib.

"Bu xoş münasibətlər fonunda AZƏRTAC ilə ərəb ölkələrinin informasiya agentlikləri arasında da sıx tərəfdaşlıq əlaqələri yaranıb. Biz Misirin MENA, Səudiyyə Ərəbistanının SPA, Küveytin KUNA, Livanın NNA, Birləşmiş Ərəb Əmirliklərinin WAM, Qətərin QNA agentlikləri ilə mütəmadi informasiya mübadiləsi aparırıq. Eyni zamanda, bu ölkələrin bir sıra qəzetlərinin rəhbərləri agentliyimizdə olub. Biz əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlmişik. Tezliklə Qahirədəki müxbir məntəqəmiz fəaliyyətini bərpa edəcək. Düşünürəm ki, bu, ümumilikdə Yaxın Şərq regionunun KİV-ləri ilə əlaqələrin daha da intensivləşməsinə təkan verəcək", - deyə Aslan Aslanov bildirib.

AZƏRTAC 2017-ci ildən İƏT-ə üzv dövlətlərin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının üzvüdür. UNA-da 57 ölkənin milli xəbər agentliyi təmsil olunur. Agentlik, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) da ərəb ölkələrindən olan həmkarları ilə sıx əməkdaşlıq edir.

Azərbaycanda dəfələrlə olduğunu, hər gəlişi zamanı gördüyü misilsiz inkişafın onu sevindirdiyini bildirən Misirin "əl-Əxbar" qəzetinin redaktoru Məhəmməd Salama ölkəmizlə bağlı bir sıra kitablar nəşr etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 20 Yanvar hadisələri, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi barədə araşdırmalarında əsasən AZƏRTAC-ın materiallarından yararlanıb.

Misirin "Diplomatiya" qəzetinin baş redaktoru Əşrəf Əbu Ərif, BƏƏ-nin "əl-Fəcr" qəzetinin redaktoru Şərif əl-Bəsil və digərləri AZƏRTAC-ın ərəb dilində yaydığı xəbərləri daim izlədiklərini, agentliyin Azərbaycanla ərəb dünyası arasında media körpüsü rolunu oynadığını vurğulayıblar. Qeyd ediblər ki, AZƏRTAC onlar üçün Azərbaycanla bağlı əsas və mötəbər informasiya mənbəyidir. Bu istiqamətdə əməkdaşlığı dərinləşdirmək istədiklərini bildirən qonaqlar birgə layihələr həyata keçirmək, o cümlədən müəllif yazılarının mübadiləsini aparmaq təklifini irəli sürüblər.

Söhbət zamanı jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili, ölkələrimiz haqqında reportajların hazırlanması, əməkdaşlıqla bağlı digər məsələlər nəzərdən keçirilib.

Sonda Məhəmməd Salama, Misirin "Dialoq" mərkəzinin rəhbəri Əhməd Tahir Azərbaycanla bağlı nəşr etdirdikləri kitabları və jurnalları AZƏRTAC-a hədiyyə ediblər.  

Görüşdə, həmçinin "əl-Bəyan", "əl-İslah və ət-Tənmiyə" qəzetlərinin, "İRİS" media press xidmətinin və UNA-nın nümayəndələri, Azərbaycanın BƏƏ-dəki səfirliyinin birinci katibi Eldəniz Musayev və Azərbaycanın Misirdəki səfirliyinin ikinci katibi Emil Rəhimov iştirak ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.