Siyasət

Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu Anlaşma Memorandumu imzaladı

22 Yanvar 2020 15:34
0 Şərh     Baxış: 992

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması mərasimi olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.

Sənəd "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" texniki yardım layihəsinin yekunlarına həsr olunan tədbirdə imzalanıb.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Niderland Mərkəzi Statistika Bürosu bu gün ən qabaqcıl statistika qurumlarından biridir:

"Niderlandla Anlaşma Memorandumu çərçivəsində statistik metodologiyaların, təsnifatlaların tətbiqi ilə bağlı bizim mütəxəssislərin bu ölkəyə səfəri, oranın təcrübəsinin öyrənilməsi, ekspertlərinin Azərbaycana gəlişi ilə bizdə statistikanın müxtəlif sahələrinin təkmilləşdirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulur".

Qeyd edək ki, "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" texniki yardım layihəsi Dövlət Statistika Komitəsinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi iki Tvinniq layihəsindən sonra 3-cu layihədir. Ölkəmizin statistika sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olmuş bu layihə çərçivəsində tərəfdaş ölkə mütəxəssislərinin Dövlət Statistika Komitəsinə ekspert missiyaları təşkil edilib, Dövlət Statistika Komitəsinin əməkdaşları Niderland, Litva, Bolqarıstan, Portuqaliya və Rumıniyaya ezam olunaraq statistik təsnifatların tətbiqi, istehsalçı qiymət indeksləri, statistik keyfiyyətin idarə edilməsi sistemi və s. sahələrdə beynəlxalq təcrübəni öyrəniblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.