Siyasət

Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf

13 Yanvar 2020 17:48
Baxış: 981

Milli.Az newtimes.az-ın yazısını təqdim edir:

Ötən ilin dekabr ayının 13-də Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunun mütəxəssisləri tərəfindən inşa olunan "Laçın" adlı ilk neft tankerinin istismara verilməsi və "Azərbaycan" gəmi-bərəsinin suya salınması mərasimində iştirak edib. "Laçın" tankerinin uzunluğu 141 metr, eni 16,9 metr, ağırlığı isə 7875 tondur. O, Azərbaycan tarixində bir ilkdir. 4-5 min tondan artıq yüklə Volqa-Don kanalından keçə bilir. İlk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan "Ro-Pax" tipli "Azərbaycan" bərə gəmisi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli bərə gəmisi "Şərq-Qərb" nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə kimi qiymətləndirilir. Təsadüfi deyil ki, sözügedən mərasimdə çıxışı zamanı ölkə rəhbəri vurğulayıb: "İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Tarixdə ilk dəfə həm tanker, həm də ki, gəmi-bərə tikilib". Bu tezis bir yeniliyi ifadə edir. Prezident lakonik şəkildə Azərbaycanın "dəniz gücü"nün imkanlarından birini dəqiq ifadə edib. Bu kontekstdə əlamətdardır ki, Azərbaycan Xəzər dənizində 200-dən çox gəmisi olan ən böyük donanmaya malik ölkədir. XXI əsrin geosiyasi tələbləri və müstəqil dövlət quruculuğu prosesinin özəllikləri baxımından məsələnin bu tərəfinin üzərində geniş dayanmağa ehtiyac görürük. Onu silsilə xarakterli iki məqalədə reallaşdırmağa çalışacağıq.

Dəniz faktorunun beynəlxalq əhəmiyyəti: ənənədən müasirliyə

İndiki tarixi mərhələdə dövlət quruculuğu olduqca məsuliyyətli və mürəkkəb prosesdir. İstənilən müstəqil dövlətin fəaliyyətinə daxili və xarici mühitdən qaynaqlanan faktorlar təsir edir. Hazırda bəşəriyyət özünün maraqlı bir təkamül mərhələsində olmaqla yanaşı, meydana müxtəlif xarakterli problemlər də çıxarır. Onlar, adətən, öncədən proqnozlaşdırılması çətin olan risklərlə bağlı olur. Belə bir şəraitdə suveren və müstəqil dövlətçiliyin qurulmasının başqa cəhəti ciddi rəqabətin olmasıdır. Məsələnin bu tərəfi indi o dərəcədə önəm kəsb edir ki, mütəxəssislər onu kənara qoya bilmirlər. Bütövlükdə dövlət quruculuğu sistemli fəaliyyət tələb edir. Bu istiqamətdə dövlətin gücünü xarakterizə edən sferaların xüsusi əhəmiyyəti vardır.

Biz geosiyasi güc modellərinin dövlətlərin həyatında oynadığı rolu nəzərdə tuturuq. Məsələn, "quru gücü" və ya "dəniz gücü" kimi faktorlar milli dövlətlərin fəaliyyətində hansı rolu oynayırlar? Bu məsələ hazırda nəzəri ilə yanaşı, həm də praktiki əhəmiyyəti olan faktorlar sırasına daxildir. Xüsusilə "dəniz gücü" deyilən amilin vacibliyi daha da artıb. Buna qlobal və regional proseslərin prizmasından daha çox əmin olmaq mümkündür. Məsələn, indi ekspertlər ABŞ və Çinin Cənubi Çin dənizi məkanındakı rəqabətindən dünya ticarəti kontekstində çox yazırlar. Bu qarşıdurmada Vyetnam, Malayziya, Filippin və Bruneyin də iştirak etdiyi vurğulanır. Hansı səbəblərdən bu dəniz yolu dünyanın ən güclü dövlətlərinin toqquşma yeri olub?

Mütəxəssislər bu prosesi XIX əsrin sonu - XX əsrin əvvəllərində Qara dəniz boğazlarının yaratdığı dünya böhranı ilə müqayisə edirlər. Yəni həmin dövrdə də dəniz hökmranlığı o dərəcədə əhəmiyyət kəsb edib ki, dünyanın böyük dövlətləri onun uğrunda amansız mübarizəyə giriblər. Əslində, bu problemin nəzəri tərəfi Amerika geosiyasi məktəbinin əsas yaradıcılarından hesab olunan Alfred Mehenin "Dəniz hökmranlığı" konsepsiyasının başlıca prinsiplərində öz əksini tapıb. Biz bir qədər sonra həmin konsepsiya üzərində dayanacağıq. Burada onu vurğulayaq ki, bir neçə ölkənin Cənubi Çin dənizi regionunda maliyyə imkanları və yeni iqtisadi üstünlüklər uğrunda mübarizəyə girişməsi dünya ticarətinin dinamikası ilə sıx bağlıdır.

Ekspertlərin təhlilləri göstərir ki, Cənubi Çin dənizi ilə bağlı yaranmış məsələdə ölkələr bir-birini BMT-nin 1982-ci ildə qəbul etdiyi dəniz hüququ haqqındakı konvensiyasının tələblərini pozmaqda ittiham edirlər. Bunun arxasında isə dünya dəniz ticarətinin 40 faizinin Cənubi Çin dənizindəki keçidlər və Malakka buxtası vasitəsi ilə aparılması dayanır. Konkret Çinin isə xarici ticarətinin 60 faizi Cənubi Çin dənizi vasitəsi ilə həyata keçir. Bu faktların fonunda rəsmi Pekinin "Yeni İpək Yolu" layihəsinin mühüm bir hissəsini "Dəniz İpək Yolu" adlandırmasının səbəbi aydın nəzərə çarpır. Dəniz ticarəti yalnız Çin üçün deyil, dünyanın bütün suveren ölkələri üçün strateji əhəmiyyət kəsb edir. Bu kiçik izah kifayətdir ki, dənizə çıxışı olan hər bir müstəqil dövlət üçün dəniz yolları və ticarətinin əhəmiyyətini anlaya bilək. O cümlədən müstəqil dövlət quruculuğunda böyük uğurlar əldə edən Azərbaycan üçün məsələnin vacibliyinin taktiki və strateji əhəmiyyəti dərk edilməlidir. Bunun daxili, regional və qlobal kontekstdə konkret qiymətini də müəyyən etmək çətin deyil.

"Dəniz gücü" nəzəriyyəsi və Azərbaycan: Realpolitik müstəvisində reallaşan proqramlar

Daxili şərtlər prizmasından baxdıqda, Azərbaycanın dənizdə üstün mövqeyə sahib olmaqla iqtisadi, enerji, humanitar, ekoloji və müdafiə aspektlərində geniş imkanlar əldə etdiyi indi daha aydın sezilir. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi həm də bu kontekstdə önəm daşıyır. Deməli, müstəqil dövlət quruculuğunun daxili şərtlərinə görə "dəniz gücü" Azərbaycan üçün çox lazımdır.

Regional miqyasda da məsələnin strateji əhəmiyyəti məlumdur. Xəzər hövzəsi geosiyasi cəhətdən əhəmiyyətli məkan sayılır. Təhlükəsizliyin təmini baxımından Qafqazla Mərkəzi Asiyanı birləşdirən başlıca coğrafi məkandır. Enerji sferasında əməkdaşlığın çox əhəmiyyətli və strateji mənası olan yeridir. Nəhayət, burada böyük dövlətlərin geosiyasi təsir dairələrini genişləndirmək uğrunda böyük mübarizəsi gedir. Bu şərtlər Xəzər hövzəsində yerləşən hər bir müstəqil dövlətin dəniz gücünü rəqabətə davam gətirə biləcək səviyyədə formalaşdırması zərurətini ortaya qoyur. Bu müddəa məsələnin həm də qlobal miqyasda əhəmiyyətini anlamağa yol açır.

Yəni qlobal miqyasda Azərbaycanın səmərəli dəniz gücünə malik olması prinsipial əhəmiyyət kəsb edir. Ticarət baxımından bu, "Yeni İpək Yolu" layihəsi çərçivəsindəki "Dəniz İpək Yolu" xəttinin mühüm punktlarından birinin Xəzər dənizi olması ilə izah olunur. Azərbaycan isə Cənubi Qafqazda bu yolun başlıca qovşağıdır. Elə bir nəqliyyat-ticari qovşaq ki, "Şərq-Qərb" və "Şimal-Cənub" tranzit arteriyasının necə işləməsi birbaşa Azərbaycandakı infrastrukturdan asılıdır. Eyni zamanda, yüksək səviyyədə dəniz gücü tarixən mürəkkəb geosiyasi dinamikaya malik olan Xəzər dənizi bölgəsində enerji təhlükəsiliyini təmin etmək üçün çox vacibdir. Azərbaycan özünün dəniz gücünü bu missiyanı yerinə yetirməyi hesablayaraq formalaşdırır. Başqa vacib faktor Azərbaycanın inkişaf etmiş yükdaşıma imkanına (o cümlədən infrastruktura) malik olması ehtiyacı ilə əlaqəlidir. Nəhayət, Azərbaycan dövlət sərhədlərini dənizdən etibarlı qorumaq üçün güclü hərbi dəniz qüvvələrinə və inkişaf etmiş infrastruktura malik olmalıdır. Bunu təmin etmək üçün dəniz ticarətinin yüksək səviyyədə qalmasına imkan verən sosial, iqtisadi, ekoloji, ticari potensialı hərbi müdafiə imkanları ilə üzvi surətdə birləşdirmək lazımdır.

Bu geosiyasi tezislərə A.Mehenin "Dəniz gücü" konsepsiyası nöqteyi-nəzərindən diqqət yetirsək, onların əhəmiyyətini daha dərindən dərk edə bilərik. A.Mehenin konsepsiyasının əsas prinsipləri içərisində "dəniz maneə deyil, yoldur", "dənizə sahib olmaq işi həll edir", "dəniz gücü dənizə sahib olmanın yoludur", "dəniz gücünün əsası qurudadır" və "bütün sahillərin müdafiəsi rəqibin sahillərindən başlayır" kimi maraqlı müddəalar vardır. Bu prinsiplərin təxminən XIX əsrin sonlarında formalaşdırılmasına baxmayaraq, onlar XXI əsrdə də öz aktuallığını qoruyub saxlayırlar. Onları bir cümlədə yığcam ifadə etmək olar: dəniz - başlanğıcı quruda olan və dövlətin iqtisadi-ticari inkişafına, təhlükəsizliyinin təmininə ciddi təsir edən faktordur. Dövlətin dənizə sahib olmaq şansı qurudakı infrastrukturundan qaynaqlanır, dənizə sahibliyinin hüquqiliyi ilə təsdiqlənir və oradakı nəqliyyat intensivliyi ilə sıx bağlıdır.

Vurğulanan məqamların fonunda Azərbaycanın "dəniz gücü"nün özəllikləri dövlətçilik aspektində ciddi əhəmiyyət kəsb edir. Bu kontekstdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ölkənin dəniz gücünün inkişafında şəksiz vacib faktor hesab olunur. Bu struktur 2013-cü ildə respublikada mövcud olan iki böyük donanma - Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi əsasında yaradılıb. Azərbaycanda gəmiçiliyin əsası 1858-ci ildə "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. Ən yeni texnoloji standartlar səviyyəsində gəmiqayırma zavodunun və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi mühüm məqamdır. Bu faktların fonunda Bakı-Tbilisi-Qars dəmiryolunun reallaşması Azərbaycanın dənizə sahib olmaq potensialının qurudan başladığını təsdiq edən faktordur. Bütövlükdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" bu gün beynəlxalq tələblərə uyğun dəniz nəqliyyatı xidmətlərini gerçəkləşdirir. Bu işdə qurum 160 illik zəngin təcrübəsinə əsaslanır və eyni zamanda, hazırda həyata keçirilən məqsədyönlü strateji planın uğurla reallaşdırılmasına dəyərli töhfələr verir.

Qeyd edilən kontekstdə gəmiçiliyin donanmasında gəmilərin sayının getdikcə artması vacib faktdır. Təsadüfi deyil ki, hazırda Xəzər hövzəsində ən böyük mülki donanmaya malik qurum "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"dir. Onun tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da daxildir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.