Siyasət

Davudoğlunun Bakı səfərində nələr müzakirə olunacaq?

16 Aprel 2010 14:15
Baxış: 181
Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşdən sonra gözlənilməz açıqlama verib.

Davudoğlu mətbuat nümayəndələrinə bildirib ki, bazar ertəsi Azərbaycana gedəcək. Türkiyənin xarici işlər naziri Azərbaycanın Vaşinqton sammitinə çağrılmamsını da "qaçırılmış" fürsət adlandırıb.

Məsələylə bağlı Milli.Az xəbər portalına açıqlama verən millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bildirib ki, Amerika həqiqətən da münaqişənin həllində maraqlı idisə, Azərbaycan Vaşinqton sammitinə dəvət edilməliydi.

"Bu açıqlama göstərir ki, qardaş Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışır. Baş nazir Ərdoğanın Vaşinqtondakı görüşlərdə göstərdiyi qətiyyət və prinsipiallıq da bunu deməyə imkan verir. Amma Azərbaycanın deyil, işğalçı Ermənistanı bu sammitə çağırmaq və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına cəhd etmək, hesab edirəm ki, ABŞ-ın Azərbaycanla müttəfiqlik prinsiplərinə uyğun deyil. ABŞ-ın strateji müttəfiqi olan Azərbaycan ən azı münaqişə tərəfi kimi bu görüşlərdə, müzakirələrdə iştirak etməliydi. Bu mənada Davudoğlunun bunun "qaçırılmış fürsət" olmasıyla bağlı bəyanatına mən də qatılıram"- deyə millət vəkili qeyd edib.

G.Hacıbəyli Türkiyə xarici işlər nazirinin Azərbaycana hansı danışıqlar paketi ilə gələcəyi, hansı mövzuları müzakirə edəcəyi barədə öncədən proqnoz verməyin tərəfdarı olmadığını bildirib.

Davudoğlunun Azərbaycandan sonra İrana da səfər edəcəyi faktına toxunan millət vəkili bildirib ki, Türkiyə-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, danışıqlarda İran mövzusu da gündəmə gələ bilər.

"Siyasətdə proqnoz vermək adətən özünü doğrultmur. Amma Türkiyə-ABŞ danışıqlarında İran mövzusunun müzakirə edilmədiyini söyləmək sadəlöhvlük olardı. Region ölkəsi kimi Azərbaycanın İranla qonşu olmasını, İran faktorunun bölgədəki önəmini nəzərə alaraq, mükündür ki, Azərbaycan rəhbərliyi ilə aparılan danışıqlarda İran mövzusu da müzakirə olunsun"- o, deyib.

Aydın A.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.