Siyasət

Azərbaycan müxalifəti niyə dalana dirənib?

24 Dekabr 2019 10:00
Baxış: 10 894

Tarixdə dövlət idarəetməsində və xüsusilə də daxili siyasətdə islahatlar "aşağıdan" başlanır, cəmiyyət bunu hakimiyyətdən tələb edir və reallaşdırılmasını təkidlə istəyir.

Həddən ziyadə nadir hallarda islahatlar "yuxarıdan" başlanır və bu prosesi hakimiyyət gerçəkləşdirir.

Azərbaycanda köklü dəyişikliklərə, genişmiqyaslı islahatlara hakimyyət başladı və postsovet məkanındakı ölkələr arasında ilk dövlət oldu ki, bu addımı atdı.

Hakimiyyət niyə belə etdi?

Cavab çox asandır. Çünki özünə güvənir, mövqelərinin səbatlılığına əmindir və bundan sonra da inkişaf etmək, güclənmək istiqamətində real addımlar atılmasını zərurət sayır.

Bundan başqa, hakimiyyət özü ilə xalq arasındakı məsafəni minimuma endirir, ölkə iqtisadiyyatındakı situasiyanı yaxşılaşdırır, qeyri-neft sektorunu inkişaf etdirir, ən başlıcası isə vətəndaşların maddi və sosial rifah səviyyəsini yüksəltməkdədir.

Eyni zamanda, Azərbaycanda güclü prezident hakimiyyəti var. Bu, bir para "analitik"lərin və "siyasi şərhçi"lərin, habelə cırtdan müxalifət partiyalarının liderlərinin iddialarının tam əksinə olaraq, ölkədə hakimiyyət bölgüsünün yoxluğuna dəlalət etmir. Tam əksinə, ölkədə çox peşəkar, ciddi və iradəli hakimiyyət var: məhz bunun sayəsində Azərbaycan tam müstəqil, suveren xarici siyasət yürüdür, heç bir dövlətdən asılı deyil və hansısa "böyük güc"ün marionetkasına çevrilməyib.

Bu da ölkənin bugünkü uğurlarını şərtləndirən əsas amillər, strateji seçim və taktiki plandır.

Postsovet məkanındakı ölkələrin tam əksəriyyətindən fərqli olaraq, Azərbaycanda hakimiyyətlə cəmiyyət arasında uçurum yoxdur. Bütün qərarlar düşünülərək qəbul edilir və həmin qəbuledilmə prosesində əsas məqam, məhək daşı məhz vətəndaşların maraqları, dövlətin mənafeyidir.

Sadaladığım şərtlər Azərbaycanı sosial siyasətə istiqamətlənmiş hakimiyyət tərəfindən idarə olunduğunu yox, sosial çağırışları və sifarişləri preventiv olaraq qabaqlayan idarəetmə mexanizmlərinin effektivliyinin reallaşdığı məkana çevirib.

Hakimiyyət konseptual siysət yürüdür və belədə, ritorik sual yaranır: bəs müxalifət nə edir?

İdeoloji platformasız, siyasəti səthi bəyanatlar və demaqogik çıxışlar səviyyəsində anlayanların istəkləri ilə reallıq, niyyətləri ilə yaranmış situasiya kəskin ziddiyyət təşkil edir.

Ölkə müxalifətinin bir qismi bələdiyyə seçkilərinə qatıldı, növbədənkənar parlament seçkilərində də fəal iştirak edəcəyini bəyan etdi.

Lakin radikallaşmış qrup AXCP və "Milli Şura"nın timsalında hələ də 1990-cı illərin ab-havasını unuda bilməyərək illüziyalar içində çırpınır.

Aşkar antoqonizm, kəskin antitezalar var.

Əvvəla, hələ də 21-ci əsrin çağırışlarının məcmusunu, illah da ki, məzmununu qavramayan, qəbul edə bilməyən Azərbaycan müxalifəti yerində sayır. İslahatlar, yerdəyişmələr, təkamül nə yazıq ki, müxalifətimizdən yan keçir.

Onillərdir ki, müxalifətimiz kimlərəsə bənzəməyə çalışır, müxtəlif ölkələrdəki prosesləri yerli şəraitə inikas etməyə can atır.

Həmin proseslərin kalka vəziyyətində köçülmə cəhdləri "narıncı inqilab"dan başladı, sonra "ərəb baharı"na alqışlara döndü, indi də pan-Avropa proseslərinin mikrosopik, eyni zamanda çox əcaib formatda dəyişdirilmiş variantında davam edir.

Avropa İttifaqına üzvlük məsələsindən tutmuş, parlament seçkilərinədək ən geniş arealda tələblər səsləndirilir.

Müxalifətimiz Avropaya daha dərin inteqrasiya dedikdə nəyi nəzərdə tutur?

Sən demə, Azərbaycan Avropa İttifaqının irəli sürdüyü və illərdən bəri dəyişməyən şərtlərini, daha doğrusu, tələblərini yerinə yetirərsə, ölkəmiz avrozonaya qatılacaq.

Bu nağılı onillərdir təkrarlayan müxalifət Azərbaycana sırınan böyük yalanı öz kiçik yalanları kimi təqdim etməyə can atır.

Həqiqətsə budur ki, Azərbaycanın Avropa Birliyinə üzv qəbul ediliməsi həddən artıq çətin, illüzor prosesdir. Başlıca səbəbsə Avropanın etiraf etmədiyi məsələ, yəni Azərbaycanın müsəlman dövləti olmasıdır.

Tələblər və şərtlərə gəldikdə isə, onların bütünlüklə, tam yerinə yetirilməsi faktiki olaraq ölkəmizin suverenliyinin əhəmiyyətli qismindən könüllü imtina, müstəqilliyin ixtisar edilməsidir.

Ən başlıcası isə radikal müxalifət mitinqlərdə, pitketlərdə, qanunsuz aksiyalarda Avropa İttifaqının bayrağını yelləməklə avrointeqrasiya məqsədini açıqlamır. Yox, məqsəd Brüsseldəki bəlli mərkəzlərin sifarişlərini yerinə yetirərək Bakını metropoliyadan asılı məkana çevirmək və idarəolunan "failen state"ə çevirməkdir.

Avropa İttifaqının tələblərini yalnız bir şərtlə yerinə yetirmək olar ki, Brüssel vədlərini reallaşdırsın, Azərbaycana yüz milyonlarla, milyardlarla avroluq investisiyalar yatırsın, elə həmin o həcmdə təmənnasız yardımlar etsin, ən müasir texnologiyalar verilsin, sənayenin bütün sahələrinin inkişafı təkan alsın, yerli istehsala kömək göstərilsin və s.

Avropa İttiffaqı bunu edəcəkmi? Əsla və qətiyyən!

Tam əksinə, yaxın onillərdə Avropa İttifaqına indiki şərtlərlə qatılmaq yerli istehsalın, ümumiyyətlə, iflic duruma düşməsinə səbəb olardı.

Ciddi və taleyüklü məsələlərə yanaşmada Azərbaycan müxalifəti bütün başqa sahələrdə də eyni korafəhmlik, strateji düşüncədən xaliliyi, analitik təhlil qabiliyyətinin yoxluğunu nümayiş etdirir.

Digər tərəfdən, fəaliyyətini, əsasən, qaragüruh düşüncəli lümpenlər üzərində quran və sosial şəbəkələrdəki trolllaşmanı maksimal həddə çatdıran radikal müxalifət siyasi konvergensiya şərtlərini qəbul edə bilmir.

Hakimiyyət dəfələrlə bəyan edib və indi də vurğulayır ki, ciddi, normal, adekvat müxalifətə ehtiyac var.

Lakin Azərbaycan müxalifəti indiki formatında belədirmi?

Təəssüf ki, yox. Yaşanan vəziyyətin obyektiv təhlili göstərir ki, müxalifət düşərgəsindəki marginallaşma, AXC şinelindən çıxan və düşüncələrində heç bir dəyişiklik olmayan köhnəlmiş, qocalmış müxalifət liderlərinin dünyagörüşlərindəki atavizmin güclənməsi meylləri güclənib.

Yeni müxalifət isə köhnələrin, sadəcə, fərqli obrazlarıdır. Bu siyasi parazitlər nə istədiklərini desələr də, o istəkləri reallaşdırmağın yollarını bilmirlər.

Onlar hər şeyi dərhal və həmin an istəyirlər.

Siyasi təkamül nəzəriyyəsini bilmərrə olaraq rədd edən bu siyasi marionetlər ən absurd təkliflərlə çıxış edirlər.

Vəziyyətin paradoksallığı o həddə çatıb ki, amorf ziyalı qrupla qonşu dövlətlərdən göstəriş alanlar, hətta din pərdəsi altında fəaliyyət göstərən radikallar bir araya gəliblər.

Sadalanan məsələlər Azərbaycan müxalifətinin proseslərə diletant yanaşmasını, səhv taktikasını və bivec strategiyasını ortaya qoyur.

Bir qədər əvvəl vurğuladığım kimi, müxalifət hələ də ölkədəki dövlət idarəetmə formasını, habelə dövlət qurumlarının ali funksionallıq sistematikasını dərk edə bilmir. AXCP və "Milli Şura"nın rəhbərlərinin vurğuladıqlarını tam əksinə olaraq, Azərbaycan parlament respublikası deyil, Milli Məclisin də nəzarət-təftiş funksiyaları yoxdur.

Ölkədə sərt idarəetmə və effektiv icraetmə sistemi şaquli prinsiplə işləyir. Əksi marazmatik durum olardı ki, həmin vəziyyəti postsovet məkanının bir sıra dövlətlərində müşahidə edirik.

Dövlətin konstitusion əsaslarını şübhə altına alan adamlar seçkilər insitituna cəmiyyətin apatik, laqeyd münasibətini vurğulayır və bunda hakimiyyəti suçlayırlar.

Halbuki, vətəndaşların siyasi çağırışlara və sosial şəbəkə qəhrəmanlarının isterik bəyanatlarına süst, soyuqqanlı və laqeyd münasibətlərinin kökündə insanlarımızın radikal müxalifət liderlərinə tam inamsızlığı durur.

Bu adamların kimliyini vətəndaşlar görüblər, hiss ediblər və onların yarıtmaz fəaliyyətinin fəsadlarının doğurduğu çox ağır şəraitdə yaşayıblar.

Ölkədə nə sistem, nə də qeyri-sistem müxalifəti olmadığından AXCP və "Milli Şura"nın rəhbərlərinin isterikaları, sadəcə, qisasçılıq, revanşizm yanğısıdır.

İndi də növbədənkənar parlament seçkilərini boykot etdiyini vurğulayan radikalların məğlubiyyətinin səbəbi də passionar sosial qüvvələr üçün maraqsız olmalarıdır.

Onlar retroqradlardır və yerləri də elə indi olduğu kimi, siyasət dalanıdır.

Etiraf etmək istəməsələr də...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.