Siyasət

BMT-nin son qətnaməsi Ermənistanda faşizmin təbliğinin dövlət siyasəti səviyyəsinə qaldırılması əleyhinə töhfədir - Deputat

8 Noyabr 2019 13:04
Baxış: 835

"BMT Baş Assambleyasının nasizmin, neonasizmin qəhrəmanlaşdırılması və ondan irəli gələn fəsadların aradan qaldırılması ilə bağlı qəbul etdiyi növbəti qətnamə Ermənistanda da faşizmin təbliğinin dövlət siyasəti səviyyəsinə qaldırılması əleyhinə töhfə verə bilər".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu gün dünyada çox qorxulu bir tendensiya müşahidə olunmaqdadır və bir sıra dövlətlərdə faşizm, onun ayrı-ayrı istiqamətləri, xüsusilə də neofaşizm təbliğ olunur, qəhrəmanlaşdırılır:

"Bu isə özlüyündə irqi diskriminasiyanın, ksenofobiyanın genişlənməsinə şərait yaradır və bütün bu təhlükəli tendensiyalarla mübarizə aparmaq lazım gəlir. Artıq dünyamızda neofaşizm dalğasının yaranması və inkişafı tendensiyası qorxulu hal almağa başlayıb.

Azərbaycan Prezidenti MDB dövlət başçılarının Aşqabad sammitində məhz bu məsələni xüsusi olaraq qaldırdı və qeyd etdi ki, bu gün Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, faşizmə xidmət etmiş cinayətkarlara abidələrin qoyulması, onların təbliği siyasəti geniş vüsət alıb. Prezident İlham Əliyev Qaregin Njdeyə qoyulan heykəli misal çəkdi və faktlarla da sübut etdi ki, faşizmin təbliği, qəhrəmanlaşdırılması Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılıb.

Hesab edirəm ki, cənab İlham Əliyevin Aşqabad sammitindəki çıxışına böyük diqqət var idi və artıq bu məsələyə BMT çərçivəsində də reaksiya verilib".

Deputatın sözlərinə görə, bu, çox ciddi təhlükə mənbələrinə qarşı mübarizənin həm də koordinasiya olunmuş şəkildə aparılamsı olduqca aktuallaşıb:

"Düşünürəm ki, BMT Baş Assambleyasının qəbul etdiyi bu qətnamə nəticə etibarı ilə Ermənistanda da faşizmin təbliğinin dövlət siyasətinə qaldırılması əleyhinə töhfə verə bilər. Nəzərə alsaq ki, bu layihənin müəlliflərindən biri məhz Rusiyadır və eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin 2019-cu ilin may ayındakı hesabatında da bu məqamlar ön plana çəkilir, xüsusilə də Ermənistanda faşizmin təbliği siyasətinə çox kəskin reaksiya ifadə olunduğunu deyə bilərik.

Artıq indidən proqnozlaşdırmaq olar ki, BMT səviyyəsində məsələnin bu cür kəskin şəkildə qoyulması Ermənistanın faşizmi qəhrəmanlaşdırmaq siyasətindən geri çəkilməsini və siyasətdən imtina etməsini şərtləndirməlidir. Əks tədqirdə, belə çıxır ki, Ermənistan beynəlxalq birliyə meydan oxumaq fikrinə düşüb. Hesab edirəm ki, beynəlxalq birlik bu məsələdə çox qətiyyətli və prinsipal mövqe ortaya qoymalıdır".

Qeyd edək ki, noyabr ayının 7-də BMT-nin Baş Assambleyası nasizmin, neonasizmin qəhrəmanlaşdırılması və ondan irəli gələn fəsadların aradan qaldırılması ilə bağlı növbəti qətnamə qəbul edib.

Qətnamə layihəsinin müəllifi Rusiya olub. Həmmüəllif qismində 23 ölkə, o cümlədən Belarus, Braziliya, Cənubi Afrika Respublikası, Çin, Pakistan, Suriya və Şimali Koreya iştirak edib.

Qəbul olunan qətnamə 66 bənddən ibarətdir. Qətnamə səsə qoyularkən 121 ölkə səsvermədə itirak edib, 119 ölkə qətnaməni dəstəkləyib, 2 dövlət isə əleyhinə səs verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.