Siyasət

2 noyabr nağılı: "Dəyərli bəy"lərin dəyərsizliyi və xəyanəti

29 Oktyabr 2019 14:15
Baxış: 3 464

Gün keçdikcə daha da aqressivləşir, daha da radikallaşırlar. Deyirlər ki, nə baş verməsindən, icazənin alınıb-alınmayacağından asılı olmayaraq noyabrın 2-də Bakıda mitinq olacaq.

Son aylarda və illlərdə olduğu kimi, bu dəfə də sseari müəlliflərinin çox kənarda olduğu aksiyanın icraçısı "Milli Şura"dır. Yəni AXCP və onun sədri, bloqerliklə məşğul olan Əli Kərimli.

Oktyabrın 19-da olduğu kimi, noyabrın 2-də də küçə toqquşması taktikasını işə salmağa çalışacaq icraçılar "inqilab"dan bəhs edirlər.

Onlar aylar əvvəl "Bir payız axşamı" ritorikasını gündəmə gətirərək Azərbaycanla hakimiyyət çevrilişinə nail olmaq niyyətlərini əsla gizlətmir, pərdələmirlər.

Hakimiyyət mənsublarının tam əksəriyyətinin linç ediləcəyi ilə bağlı vədlərin də səsləndiyini nəzərə alsaq, bu, artıq dövlət çevrilişinə çağırış kimi də anlaşıla bilər.

"Diktatura və totalitarizm"lə mübarizə kimi qələmə verilən fəaliyyət, xaotik çırpıntılar və çağırışlar, əslində, olmayan mübarizə müstəvisində tərəflərin tam dəyişdiyini göstərir.

Xaricdə məskunlaşan virtual "söyüş maşını" vasitəsilə təbliğat və təşviqatla məşğul olanların çağırışları, bəyanatları, müsahibələri və açıqlamaları, habelə bir mərkəzdən idarə olunduqları şübhə doğurmayan şəbəkənin Facebook səhifələrində etdikləri paylaşımlar aşkar, özü də primitiv totalitarizmdir.

Totalitar düşüncənin "demokrat mövqe" kimi qələmə verildiyi bu qarşıdurmada demokrat təsir bağışlayansa hakimiyyətdir.

Bəli, ilk baxışdan paradoksal görünsə də, belədir.

Siyasi mübarizə kimi qələmə verilən, kütlə saydıqları cəmiyyətə ideologiya qismində sırımağa çalışdıqları fikirlər və şüarlar topusu da yaşananların, habelə millətimizlə dövlətimizin üzləşdiyi çağırışların təhlili və çıxış yollarının göstərilməsi yox, adi hakimiyyət hərisliyidir.

Hakimiyyətə həris olmaqsa demokratik ruhlu vətəndaşlarla inqilaba və qiyama köklənmiş kütləni bir-birindən ayıran başlıca ünsürlərdən biridir.

Qaragüruha çevrilməkdə olan, qruplaşan dəstələri irəli aparacağını vəd edənlərinsə bir məqsədi var: şəraitə uyğunlaşmaq, sonra da şəraitdən maksimum dərəcədə yararlanmaq. Yararlanmaq cəhdləri ilə birbaşa xəyanət arasında - bəlli - bir addımlıq məsafədi.

Müxalifətin aqressivləşən, radikallaşan kəsimindəki "qoca" liderlərin sürəkli xəyanətləri və özlərini "yeni lider" sayanların avantürizmi, əslində, tarixin təkrarıdır.

Onillər əvvəl Azərbaycan Ali Sovetində, sonra da Milli Məclisdə indi "bəy, qocaman siyasətçi, lider" adlandırılan və bundan xeyli xoşhallananlar bir-birlərini təhqir edir, aşağılayırdılar. "Xəyanətkar", "Əclaf", "Erməniyə işləyən!" sözləri havada uçuşurdu.

Həmin mübarizə indi də davam edir - guya daha sivil, daha mədəni şəkildə. Çünki o "bəy"lər "dəyərli bəy" kimi görünmək istədikləri üçün öz aləmlərində abır çərçivələrini və həya çevrəsini keçmirlər. Əslində isə onlar müxalifətin olmayan birliyi görüntüsü yaradaraq təmərküzləşmədən ittifaq qurmağa meylli olduqlarını nümayiş etdirirlər.

Azərbaycanın radikal müxalifətinin (radikal, çünki hər şeyi ən qısa müddətdə istəyir və bu istəyin nə qədər absurd radikalizmə qovuşmasının fərqində deyillər) batini, düşüncəsi, hətta istəsəniz, molekulyar səviyyədə mahiyyətini Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısından əvvəl, toplantı zamanı və sonra gördüm.

Başda Əli Kərimli və dəstəsi olmaq şərtilə sosial şəbəkələrdə sanki siyasi məlumatsızlığın, qərəzin, yandaşlığın və hətta Azərbaycanın maraqlarının görməzdən gəlməyin nativ reklam kampaniyası aparılırdı.

Geosiyasəti zərrə qədər də olsa, anlamaq hər halda oktyabrın 19-da polisin qarşısında durub isterik şüarlar demək, sonra da döyülmüş əzabkeş qismində evdə veb-kamera qarşısında oturub kövrək çağırışlar etmək deyil.

"Hakimiyyət Dağlıq Qarabağ məsələsini həll edə bilmir" evfemizmini nə qədər təkrarlamaq olar? Bu bəsitdən bəsit, artıq alleqoriyaya çevrilmiş siyasi korluğu nə qədər nümayiş etdirmək olar?

İki misal çəkim.

Qərbin tam (!) dəstək verdiyi, Avropa Birliyinə və NATO-ya üzvlük vəd edərək "hər şey əla olacaq" deyərək "qaza gətirdiyi" Gürcüstanda müxalifətin ifrat təzyiqlərinə dözməyən hakimiyyət Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin mövcudluğuna son qoymaq istədi.

2008-ci ilin avqustunda, Gürcüstan hərbçiləri Cənubi Osetiyanın inzibati mərkəzi Sxinvalini atəşə tutdular.

Həmin gün Gürcüstan müxalifəti az qala qələbə paradına hazırlaşırdı. Sonuc isə çox pis oldu.

Rusiya qoşunlarını Cənubi Osetiyaya yeritdi, Gürcüstan hərbçilərinə divan tutuldu, rusların tankları Tbilisi həndəvərlərinədək gəldi, Tbilisi səmasında rusların qırıcı-bombardmançı təyyarələri uçuşdu.

Tbilisi hər an bombalana bilərdi.

Bombalansa nə olacaqdı? Heç nə, ən uzağı BMT-nin Təhlükəsizlik Şurası yığışacaq, Rusiyanı pisləyən qətnamə qəbul edəcəkdi.

Gürcüstan nədən Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin mövcudluğunu sonlandıra bilmir?

İkinci misal. Çin. Bəli, məhz Çin. Dünyanın indi ən qüdrətli iki dövlətindən biri, iqtisadiyyat, texnologiya və maliyyə divi, ABŞ-ın ən ciddi rəqib sandığı ölkə.

1,6 milyard əhalisi, trilyonlarla dollarlıq maliyyə qüdrəti və dünyanın ən güclü ordularından birinə sahib olan Çin kiçik Tayvan adasını niyə geri qaytara bilmir?

Dünyanın fövqəlgücü, iki hegemon dövlətdən biri nədən separatizmə son qoya bilmir 60 ildən bəri?

Azərbaycanın radikallaşmaqdan həzz alan müxalifət liderlərinin nəzərinə isə çatdırım - mümkün qədər sadə sözlərlə.

Ölkəmiz nə NATO-ya, nə MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmayıb, çətin də ki, qoşula. Rusiyanın postsovet məkanında mərkəzəqaçma vasitəsi kimi gücləndirməyə çalışdığı Avrasiya İqtisadi Birliyi və Avrasiya Gömrük İttifaqına da Bakı can atmır.

Halbuki çox mürəkkəb regiondayıq. Cənubda bölgənin hegemonuna çevrilməyi qarşısına məqsəd qoyan İran, şimalda müstəsna dərəcədə ehtiyatlı davranmağımız gərəkən Rusiya, bir yanımızda da işğalçı və düşmən Ermənistan.

Belədə 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında bundan sonrakı üç il ərzində sədrlik Azərbaycan üçün çox ciddi imkanlar yaradır.

Ölkə rəhbərliyi bunu anladır vətəndaşlara. Müxalifət də, bir zəhmət, millət və dövlətdən danışırsa, çox sadə həqiqətləri dərk etməyə cəhd göstərsin.

Demokratiya bəşər tarixində heç bir zaman, heç bir yerdə ani proses kimi yaşanmır, milyonlarla insanın çətinlikdən gələcəyin naməlumluğuna atılışı olmur.

Belə nağıla yalnız siyasi idiotizmi təbliğ edənlər tapınır, sadəlövhlər də həmin fırıldaqçılara inanır. Avantüralara inam isə "inqilab", "xalqın iradəsi" kimi təqdim olunsa da, tarix boyu istisnasız olaraq bütün saxta inqilabların yolunda dizə çıxan qana, həlak olan minlərə və on minlərə dönür.

Azərbaycanda sosial şəbəkələrdə dolaşanlar və onları dolaşdıranlar da artıq anlamalı ki, kütləvi itaətsizlik, qanunsuz aksiyalar, vətəndaş qarşıdurması çağırışları bəla, fəlakət və qan vəd edir.

Rüşvətxor məmuru, istedadsız sənətçini, bacarıqsız ustanı tanımaq çox asandır və belələrinin öhdəsindən gəlmək də çətin deyil.

Dəyişikliklər, islahatlar, inkişaf istəyən kütlənin qarşısında tribunaya çıxan, küçəyə çıxıb insanları arxasınca aparmağa çalışan fırıldaqçı ayrı fiqurdur.

Qarışıqlıq burulğanında güclənmək istəyən belə siyasət möhtəkirlərinə aldanmayın.

Xatırlayın: Bakıdakı Azadlıq Meydanında mikrofon qarşısına keçərək demokratiya, inkişaf, ikinci Küveyt, rifah və Dağlıq Qarabağın azad edilməsini vəd edən nə qədər adam vardı.

Hanı onlar? Bəziləri sanki buxarlandılar, yoxa çıxdılar, bəziləri bitmək bilməyən mitinqlər və yürüşlər hesabına varlandılar, sadəlövhlərin hesabına əldə etdikləri pulları biznesə, dəbdəbəli həyata döndərdilər.

İndi küçələrə və meydanlara can atanlar, özlərini demokrat kimi qələmə verənlər də "xalq etirazları", "bir payız axşamı" nağılları danışaraq daha çox pul qazanmaq istəyirlər.

Cəmiyyətin yol kənarında olanların liderlik iddiaları o qədər puç və çürükdür ki, küçə döyüşlərinin, toqquşmaların siyasi mübarizə üsulu təqdim olunması ultraanarxiyaya çevirmək istəyi belə, bərbaddır.

Əli Kərimli liderdir? Çox sadə sual: nədən onun ətrafında, yanında intellektuallar yoxdur?

İntellektuallar olsaydı, son 16 ildə AXCP tam fərqli, səbatlı partiya ola bilərdi.

Olmadı.

Gənclərədir sözüm.

Siyasi ştamplar, eybəcər klişelər, almanların "denken gleich", yəni "eyni cür düşünmək" tələbinin gizləndiyi çağırışlar, "bizdən olmayan bizə qarşıdır" məfkurəsi - müxalifətdəki mərəzlər artıq tarixə çevrilməlidir.

Hakimiyyətdə olarkən, iqtidarda təmsil olunarkən jurnalistləri döyən, kütlədən qorxub kabinetindən qaçan, redaksiyalara hücum çəkən, rüşvəti təriqətə çevirən, "Oturmayan ermənidir!" əmri ilə siyasətçi olduğunu düşünən, əyalətdən çıxıb əyalət təfəkküründən qurtula bilməyən - bu adamlarla gələcəyə getməyi düşünürsünüz?

Demokratiya, mitinq, aksiya, insan haqları, azad seçki və ilaxır sözlərlə bəzənən adamlar - bu köhnə gedişlərə bel bağlayan, yalanı həqiqət kimi tərifləyib menyuya daxil edən və siyasəti dəllalıq kimi anlayaraq maklerliklə məşğul olanlardan qurtulmaq zamanıdır.

"Dəyərli bəy"lərin, əslində, heç bir dəyər təqdim etmədiklərindən konseptual baxımdan dəyərsiz olmaları aşkar görünən, radikal müxalifət krallarının gerçəkdə çılpaq olduqları əyan olan bir zamanda mitinq naminə mitinq etmək adi kütlə psixologiyasıdır.

Gəncliyin ən gözəl yönlərindən biri ümumi axına, kütləvi psixoza, meynstrimə qarşı çıxmaqdır.

Həqiqət acı olsa da, onu seçmək gərəkdir.

Facebook-da, sosial şəbəkələrdə formalaşmış troll dəstəkləri bunu istəmir.

Həqiqəti sevmirlər onlar.

Özlərini sevmədikləri kimi.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.