Siyasət

Budur simanız, Əli Kərimli?

18 İyul 2019 15:19
Baxış: 4 253

"BBC Azərbaycan"ın saytında iyulun 16-da yer almış müsahibəsində AXCP sədri Əli Kərimli Azərbaycandakı vəziyyəti, siyasi və iqtisadi situasiyaları şərh etməyə çalışıb. Həmişəki kimi, öz prizmasından, fərdi yanaşma tərzi ilə və nə yazıqlar ki, həmin prizma zülmət qara rəngli, yanaşma tərzi isə marazm, böhtan və illüziyalarla zəngindir.

Əli Kərimlinin müsahibəsində söylədiyi və paroksizmlə absurd arasında qalan fikirlərini çox geniş şərh etmək niyyətimiz yox, çünki əyalət teatrındakı tragik pafosla söylənmiş monoloq buna dəyməz də.

Lakin AXCP sədrinin "Viranə Azərbaycan, ölkə dağılır, xilaskar mənəm" adlandırıla biləcək ariozosundakı bəzi məqamlara nəzər salaq.

Əli Kərimli deyir: "AzTV-nin təbirincə desək, acından ölən Ermənistan ildə yarım milyard dollarlıq yüksək texnologiya məhsulu ixrac edir".

Faktlar deyir: "Yüksək texnologiyalar" sayıla biləcək mal və məhsullar Ermənistanın ümumi ixracında sadəcə, 0,19 faiz təşkil edir. Həmin mikroskopik faiz isə Rusiya şirkətlərinin sifarişi ilə Ermənistanda yığılan, Çindən gətirilmiş detalların bir araya gətirilməsindən ibarət olan "istehsal" sonuclarıdır.

Əli Kərimli deyir: "Avropa Birliyinin Azərbaycanla əməkdaşlığının iki səbəbi var. Biri geosiyasidir. Avropa Birliyi maraqlıdır ki, Azərbaycanla münasibətlər dərinləşsin ki, bəlkə addım-addım nələrisə boynuna qoysunlar. İkincisi, çox təəssüf ki, Avropa özü demokratik standartlarını salıb aşağı. Burada gördüyüm demokratlara bunu deyirəm. Hansısa iqtisadi və geopolitik maraqlara görə Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Bu cür qəddar rejimlə öz maraqlarına görə və Avropa dəyərlərindən vaz keçib, heç nə olmamış kimi necə davranmaq olar?! Hesab edirəm ki, dünyanı bu ölkəyə münasibəti daha sərt olmalıdır".

Faktlar deyir: Stop! Əli Kərimlinin nəzərdən keçirdiyimiz "spiç"inin sonuna fikir verin. AXCP sədri vətəndaşı olduğu, yaşadığı, hakimiyyətinin ən üst tabanında təmsil olmağa can atdığı dövləti etinasızcasına, eqosentristcəsinə, laqeydcəsinə "bu ölkə" adlandırır.

Olsun, mən də Əli Kərimli düşüncəsinə və ritorikasına riayət edərək, AXCP sədrini "bu adam" adlandırmaq hüququna malikəm.

Deməli, bu adam hesab edir ki, Avropa Birliyi sadəcə, sırf merkantil və geosiyasi səbəblərdən Azərbaycanla əməkdaşlıq edir.

Bu artıq marazm yox, bisavadlıq və siyasi qlaukoma, Brayl əlifbası ilə yazılması gərəkən aksiomların, sadə həqiqətlərin izahına ehtiyac duyan iddiadır.

Əvvəla, "Avropa dəyərləri" ifadəsi İkinci Dünya Müharibəsindən sonra fransız neoliberalların postsiyasət dövrü elan etdikləri zaman üçün biçdikləri kəlmədir.

Və bu kəlmədən sonra "postinsan" sözü var ki, o ifadəni avropalı siyasətçilər Yozef Mengele ruhlu saydıqları, Maltus xislətli bildikləri üçün demirlər.

Avropanın dəyəri yoxdur, dəyərlər toplusu var və həmin topluya sivillik, dünyəvilik, tolerantlıq, multikulturalizmdən tutmuş, sərhəd toxunulmazlığı və ərazi bütövlüyünədək yüzlərlə məqam var.

Bəhs etdiyim məqamlar arasında xalqların seçiminə, dövlətlərin mənafeyinə sayğı ilə yanaşmaq prinsipi də var.

Azərbaycan xalqının seçimi, dövlətin maraqları və xalqın mənafeyi bəllidir. Belədirsə, Avropa elə Avropa dəyərlərinə əsaslanaraq Azərbaycanla əməkdaşlıq edir və tərəfdaşlığı daha da möhkəmləndirmək, genişləndirmək, aktivləşdirmək niyyətindədir.

Əli Kərimli deyir: "Bizim Avropa Birliyindən istəyimiz ondan ibarətdir ki, Azərbaycanla sazişdə standartları aşağı salacaq heç bir güzəştə gedilməsin. Bu saziş gerçəkdən Azərbaycanın maraqlarına xidmət etməlidir. Hökumətin maraqlarına xidmət edən imitasiya sazişi istəmirik. 15-16 strateji tərəfdaşlıq sazişləri var. Nə hiss etmişik ki, bu sazişlərin olması ilə bağlı?!"

Faktlar deyir: Bu adamın nəzərinə çox sadə, trivial, hətta primitiv reallıqları çatdırmağı özümə borc bilirəm. Azərbaycan Avropa Birliyi (AB) münasibətləri 1991-ci ildə yaranıb. 24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti "Xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət edib. 25 yanvar 2001-ci ildə Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilib.

1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minib) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edib. Həmin dövrdən etibarən AB-nin Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başlayıb. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə əsassız və qərəzli qətnamələrin qəbul edilməsi Milli Məclisin Avronest Parlament Assambleyasından çıxması, həmçinin Avropa Parlamenti ilə ikitərəfli dialoqunun dayandırılması haqda qərar qəbul etməsi ilə nəticələnmişdir. Lakin, Avropa Parlamentinin müraciətinə əsasən Azərbaycan AB ilə əməkdaşlığının parlamentlərarası ölçüsünün tam bərpasına razılıq verib. 2016-cı ilin sentyabrında AB-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmişdir.

2015-ci ilin may ayında Şərq Tərəfdaşlığı üzrə Riqa Zirvə toplantısı zamanı Azərbaycan AB ilə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsini Avropa Birliyinə təqdim edib.

Azərbaycan və AB arasında ticarət əlaqələri hazırda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. AB Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur.

Azərbaycanın AB ölkələri arasında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard ABŞ dolları, 30.5%), Almaniya (768.70 million ABŞ dolları, 16.25%) və Böyük Britaniyadır (449,71 million ABŞ dolları, 9.5%).

2014-cü ilin fevral ayınadək Azərbaycan məhsullarının Avropa Birliyi bazarına güzəştli tariflərlə idxalına şərait yaradan Ümumiləşdirilmiş Ticarət Üstünlükləri (GSP) rejimindən faydalanmışdır. Azərbaycan Dünya Bankı tərəfindən 3 il ard-arda yüksək səviyyəli orta gəlirli ölkələr qrupu kateqoriyasında təsnifləşdirildiyindən AB-nin 18 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan GSP ölkələri siyahısından çıxarılıb.

AXCP sədri, yəni bu adam: siyahıdan çıxarılma cəza və ya sanksiya olmayıb - Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdiyindən Avropa Birliyi güzəştlərə lüzum qalmadığını etiraf edərək bərabərhüquqlu, üfüqi əməkdaşlığa və ticarətə başlayıb.

Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyini dəstəkləyir. AB üzvü olan ölkələrin heç biri Dağlıq Qarabağdakı terrorçu rejimi tanımır.

Azərbaycan AB-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5%-ni ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa Birliyinə çatdırılmasında həlledici rol oynayır.

Hal-hazırda 2014-2020-ci illər üzrə Aİ-nin yardımları Avropa Qonşuluq Aləti (ENİ) üzrə davam etdirilir. ENİ çərçivəsində illik maliyyə yardımları hər il Azərbaycanla imzalanan Fəaliyyət Proqramları vasitəsilə həyata keçirilir. 2014-2017-ci illər üzrə maliyyə yardımının əsas istiqamətləri - (1) regionların və kənd yerlərinin inkişafı, (2) ədliyyə sahəsində islahatlar, (3) təhsil və bacarıqların inkişafı prioritetlərinə yönəldilmişdir.

ENİ ilə yanaşı AB-nin, Demokratiya və İnsan Hüquqları üçün Avropa Aləti, Sabitlik və Sülhə töhfə Aləti, Vətəndaş Cəmiyyəti Təşkilatları və Yerli idarəetmə orqanları, İnsan inkişafı, Miqrasiya və Sığınacaq tematik proqramları üzrə maliyyələşdirmə alətləri də mövcuddur.

Və ən nəhayət, bu adamın diqqətinə son məqam: Avropa Birliyi ilə Azərbaycan təhsil sahəsində "Erasmus+" proqramı çərçivəsində sıx, aktiv əməkdaşlıq edirlər.

Bu adam bəlkə bilməz: Avropa Birliyinin "Erasmus+" proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. "Erasmus+" proqramı Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Aİ üzv ölkələrinin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir. İndiyədək minlərlə azərbaycanlı gənc sözügedən proqram sayəsində Avropanın ən məşhur, nüfuzlu universitetlərində təhsil alıblar.

Və sonuncu fakt: "Etiraf olunmalıdır ki, Avropa Birliyinin Azərbaycanla əməkdaşlığının iki səbəbi var. Əsas səbəb Brüsselin Bakı ilə bağlı geosiyasi maraqlarıdır.  Avropa Birliyi maraqlıdır ki, Azərbaycanla münasibətlər aktivləşsin, miqyasca genişlənsin ki, bəlkə Bakını mərhələlərlə nəyəsə məcbur edə bilsinlər. İkinci səbəb isə Avropa Birliyinin ümumiyyətlə, demokratiya standartlarını bilərəkdən aşağı salmasıdır. Məqsəd Azərbaycan təki ölkələrlə əməkdaşlıq zərurətidir".

Bu sözlər Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun mənsubları Armen Rustamyan, David Şahnaxaryan və Gegam Nazaryanın iyulun 26-da yaydıqları birgə bəyanatdandır.

Avropa Birliyini və ümumiyyətlə Qərbi Azərğaycana qarşı cəzalara, sanksiyalara, tanımımağa çağıran, hakimiyyət hərisliyini artıq koqnitiv dissonans səviyyəsinə yüksəldən AXCP sədri olan "bu adam"ın müsahibəsindəki ifadələrlə daşnakların bəyanatı arasında "fərq"i hiss edin.

Əfsuslar olsun və səd heyf ki, 11 aylıq hakimiyyətini qiyamçı polkovnikin qorxusundan qaçıb tərk edən siyasi qüvvənin indiki "lider"i bu adam, yəni Əli Kərimli 26 ildən bəri ölkəmizə yönəlmiş bütün təhdidlərə, təhlükələrə, hətta çox məkrli və çirkin strateji-taktiki ssenarilərə rəğmən, Azərbaycanı idarə edən hakimiyyətə yol göstərməyə çalışır.

Uçurumun dibindəki adamın göstərdiyi yolsa sadəcə, uçuruma aparan cığır ola bilər.

Ölkəsinə və millətinə az qala düşmən kəsilən, "Xalqım!" deyərək sosial şəbəkələrdə bloqerliyə partiya sədrliyindən tənəzzül etmiş bu adam çətin anlasın...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.