Siyasət

Sərhədçilərimizə kim və niyə hücum etdi?

16 İyul 2019 09:24
Baxış: 8 706

"Azərbaycanla Gürcüstan arasındakı münasibətləri qoruyun. Xalqlarımız qardaşdır, bunu unutmayın".

Gürcüstanın mərhum prezidenti, millətçi olsa da, ölkəsinin ən yaxın müttəfiqinin məhz Azərbaycan olduğunu bilən Zviad Qamsaxurdiya belə deyirdi.

Gürcüstanın digər prezidenti, mərhum Eduard Şevardnadze isə "Gürcüstanla Azərbaycan sanki əkiz qardaşlardır - bizi kimsə ayıra bilməz" ifadəsinin müəllifi idi.

Qonşu ölkənin sonrakı dövlət başçıları arasında Mixeil Saakaşvili və Salome Zurabişvili də eyni mövqe tutublar.

Gürcüstan iqtisadiyyatına ən böyük investisiya yatıran ölkə bizik.

Qonşu ölkənin maliyyəsindən tutmuş, turizmininə və ixracatınadək istisnasız olaraq bütün sahələrində Azərbaycanın xüsusi çəkisi var.

Belədirsə, nə baş verir? Nə üçün ölkələrimiz arasında sərhəddə bir qrup gürcü azğınlaşaraq sərhədçilərimizə söyüblər, sonra da hücuma keçiblər?

Adi emosional çıxış, təxribat cəhdi?

Düşünmürəm.

Baş verənlərin kökü çox dərindir.

İyulun 14-də Azərbaycanın Şəmkir sərhəd dəstəsinin "Keşikçi Qala" sərhəd zastavasının ərazisində Gürcüstan vətəndaşları sərhədçilərimizə hücum ediblər. Qara-qışqırıq salan, küçə söyüşləri ilə sərhədçiləri aşağılayan bu şəxslər sonradan sərhədçilərin əllərindən silahlarını dartıb almağa çalışıblar.

İlkin versiyalara görə, sən demə, narazılığa səbəb guya azərbaycanlı sərhədçilərin monastır kompleksindəki kilsələrdən birindən ikonaları çıxarıb aparmaları olub. Kütlə də, "bundan hiddətlənibmiş".

Sərhədçilərimiz soyuqqanlı və təmkinli davranıblar.

Nizamnaməyə görə, belə insident zamanı qarovuldakı hərbçilərimiz xəbərdarlıqdan sonra havaya atəş açmalı idilər. Atəş açılmadı, çünki çox çirkin oyun hazırlanmışdı və bu barədə komandanlıq da sərhədçilərə xəbərdarlıq edərək onlara maksimum soyuqqanlı davranmağı əmr etmişdi.

Bir anlıq düşünün ki, sərhədçilər emosiyalarına hakim ola bilmirlər, qaydalar çərçivəsində davranır, havaya atəş açırlar.

Atəş açılan kimi izdiham geri çəkilir, amma tapşırıq və göstəriş almış bir dəstə Gürcüstan vətəndaşı ani təlaşdan sonra irəli atılır, sərhədçilərimizin üstünə cumurlar.

Bu zaman əsəbləri tarıma çəkilmiş sərhədçilər arasında kimsə sonadək soyuqqanlı ola bilmir, sərhəd pozucularına atəş açır.

Olayın sonuclarını təsəvvür edin. Çox böyük qalmaqal, siyasi böhran, Gürcüstan və Azərbaycan arasında münasibətlərdə sərinlik, dünya mediasının gündəmindəki "Azərbaycan sərhədçiləri Gürcüstan vətənadşlarını güllələdilər" manşetli xəbərlər, reportajlar, şərhlər.

Günahkar sərhədçilərə hücum çəkənlər yox, Azərbaycan olacaqdı.

Azərbaycan isə kütləvi suçlamalara məruz qalacaqdı.

Bu, prosesin görünən, mediativ və siyasi yönləridir. Daha doğrusu, ilk baxışdan çox qalmaqallı, hətta emosional eskapadlara səbəb olan bir hadisənin doğura biləcəyi effektlərdir.

Batində isə çox ustalıqla hazırlanan və hələlik mərhələləri başa çatmamış plan var. O plan Azərbaycanla yanaşı, Gürcüstana qarşı yönəlib və iki ölkələr arasındakı münasibətləri pozmaqla yanaşı, Azərbaycanın imicinə zərbə vuraraq Gürcüstanla sərhədi gərginlik zolağına çevirmək, Gürcüstanın özündə isə siyasi təlatümlər yaradaraq konkret ölkələrin və qrupların məqsədlərini təmin etməkdir.

Dövlətimiz təmkinli davranır və bundan sonra da belə olacaq.

Bunu şərtləndirən çox məqamlar var ki, onların bəzilərinə nəzər salaq.

Sosial şəbəkələrdə spontan "şivən"

İyulun 14-də sərhəddə insident yaşanandan az sonra sosial şəbəkələrin Gürcüstan seqmentində bir mərkəzdən idarə olunduğu əsla şübhə doğurmayan (bu barədə az sonra), 16 nəfərin "moderator"luq etdiyi 150 nəfərlik qrup "Azərbaycanlılar azğınlaşıblar, Azərbaycan həddini aşır, monastır kompleksimizi əlimizdən almaq istəyir" və s. tipli statuslar, paylaşımlar yaymağa başladılar.

Daha sonra Gürcüstan vətəndaşları kütləvi şəkildə qonşu ölkədə "David Qareci" adlandırılan "Keşikçi dağ" monastır kompleksinə yürüş etməyə çağırıldı.

16 moderatorun 15 nəfəri Gürcüstan Leyborist Partiyasının mənsubları, 450 nəfərlik qrupun 341 nəfəri də həmin partiyanın mənsubları idilər.

Partiyanın sədri Şalva Natelaşvili dövlətlərimiz arasındakı sərhədə, monastır kompleksinin yanına yollanaraq "Azərbaycanlılar Orta Asiyadan gəlmələrdir, rədd olub getsinlər gəldikləri yerlərə, buralar bizim torpaqlarımızdır" demişdi.

O Natelaşvili ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti ilə çox sıx əlaqələrinə görə "Hayots", yəni "erməni" kimi tanınır.

Sosial şəbəkələrdə isteriya yaradanların yerdə qalanları isə Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində və Axalkalakidə yaşayan ermənilərdir.

Onların profillərinə baxdıqda, istisnasız olaraq hamısında Axalkalaki ermənilərinin separatçı "Virk Partiyası" adlı qruplaşmasının emblemlərini, şüarlarını, atributlarını görmək olar.

Eyni gündə, faktiki olaraq eyni saatda sosial şəbəkələrin Azərbaycan seqmentində də qəzəbli açıqlamalar yayılmağa başladı.

Söz yox, bu açıqlamaların çoxunu sərhədçilərimizə hücumdan hiddətlənən vətəndaşlarımız yazmışdılar və haqlı da etirazlarını bildirmişdilər. Onların arasında hətta Gürcüstandan idxal olunan məhsulların boykotuna, Gürcüstana turizm səfərlərinə yollanmamağa çağıranlar da var.

Anlaşılandır.

Amma sadəlövhlükdür.

Belə etiraz formatı heç bir ölkədə, heç zaman effektiv olmayıb və ola da bilməz.

İdxal və ixrac əməliyyatları rəsmi şəkildə tənzimlənməlidir. Təbii, xalqın etirazları kütləviləşirsə, dövlət bunu nəzərə almaq məcburiyyətində qalır.

Di gəl, etiraz ediləsi nə var?! İnsidenti Gürcüstan dövləti hazırlayıb və reallaşdırıb? Yox.

Gürcüstan Azərbaycanla münasibətlərin pisləşməsində maraqlıdır və ya buna çalışır?! Yenə də yox.

Azərbaycanla münasibətlərin gərginləşməsi rəsmi Tiflis üçün ən arzuolunmaz ssenaridir və Gürcüstan rəhbərliyi ilə dövlət qurumları bunu əsla istəmirlər.

Hər iki ölkədə isteriya yaradanlarsa münasibətləri maksimum gərməyə, bununla da üçüncü dövlətin maraqlarını təmin etməyə çalışan qüvvələr və şəxslərdir.

Əks təqdirdə spontan narazılıqlar razılaşdırılmış "etiraz kampaniyası" təsiri bağışlamazdı.

İyulun 14-də olan insident çözülüb və iki ölkənin sərhəd xidmətləri arasında aparılan müzakirələr gözlənilən nəticəni verib.

İnsidentin özü və özülü

Sərhəddəki insident Gürcüstan-Azərbaycan sərhədində aylardan bəri davam edən süni gərginliyin məntiqi nətiəcəsidir. Bu gərginlikdə maraqlı olan ölkələr arasında ilk yeri Ermənistan tutur. Ermənistanın xüsusi xidmət orqanları bütün mümkün vasitələri və rıçaqları işə salaraq xalqlarımızı üzbəüz qoymağa çalışır, dövlətlərarası münasibətlərdə problemlərin yaranmasına can atırlar.

Rəsmi İrəvan əslində, bunu danmır və "David Qareci" monastırı ilə bağlı situasiyanı izləyirik" tipli messic məzmunlu bəyanatlar da verir.

Səbəb Gürcüstandakı Anakliya və Vaziani layihələrinin reallaşdırılmasına başlanmasıdır. Bu genişmiqyaslı layihələrin gerçəkləşməsi prosesi isə böyük dövlətlərin Cənubi Qafqazdakı konfiqurasiyanı dəyişmək planlarının ilkin mərhələsi olmaqla yanaşı, regiona təsir imkanlarını əldən vermək istəməyən və yeni situasiyada köhnə şərtləri qorumağa çalışan dövlətlərin kəskin narazılığa səbəb olur.

Bəhs etdiyimiz qarşıdurmada isə həmişə olduğu kimi, Gürcüstana qarşı Ermənistan alət qismində istifadə olunur.

Sərhəd insidentinə gəldikdə isə, ABŞ-Meksika və Venesuela-Kolumbiya sərhəddindəki durum daha gərgindir. Orada da sərhədçilərə hücumlar olur, kütlə sərhədçiləri tərksilah etməyə çalışırlar.

Lakin amerikalı və kolumbiyalı sərhədçilər səbrli və soyuqqanlı davranırlar.

Azərbaycan-Gürcüstan sərhədindəki insident vasitəsilə ölkələrimiz arasındakı münasibətlərə xələl gətirə biləcəklərini düşünənlərsə yanılırlar.

Əvvəla, Gürcüstanda 400 minə yaxın azərbaycanlı yaşayır və bu, iki ölkə arasındakı təmasların matrisində önəmli amildir.

Digər məqam isə Gürcüstanla Azərbaycan iqtisadiyyatlarının arasında çox geniş, çoxsaylı və güclü əlaqələrin olması, ölkələrimizin bir çox beynəlxalq platformalarda eyni mövqelərdən çıxış etməsi, əksər məsələlərdə eyni mövqeləri sərgiləmələridir.

Vətəndaşlarımız, xalqlarımız arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları bir-birinə qarşı qoymaq, bir-biri ilə ədavətə sövq etmək mümkün olmayıb. Xalqlarımızın tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizə qarşı-qarşıya duran tərəflər olmağı deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir. Əminik ki, bundan sonra da iki dost xalq arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri ciddi nəticə verməyəcək. Hər iki tərəfdən - həm Gürcüstan, həm də Azərbaycan tərəfdən bu məsələlərdə radikal mövqe tutaraq xalqları, dövlətləri bir-birinə qarşı qoymaq, onları bir-birinə qarşı təxribata çəkmək meyilləri müdriklik, əsrlərin sınağında çıxmış qarşılıqlı etimad mühiti qarşısında məğlub olacaq, dünyanın, regionun yeni reallıqlarını unudaraq orta əsrlərin xiffətini çəkənlərin ekstremist təşəbbüsləri iflasa uğrayacaq.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.