Siyasət

Ermənistan tərəddüd edir: daxili gərginlik və geosiyasi ziddiyyətlərin yaratdığı təzyiqlər

24 İyun 2019 17:51
Baxış: 1 750

Milli.Az newtimes.az-ın yazısını təqdim edir:

Cənubi Qafqazda geosiyasi mənzərənin həssas olduğu haqqında ekspertlər daim fikir bildirirlər. Bunun fonunda regionda atılan hər bir addım maraq doğurur. Tbilisidə Rusiyaya qarşı etiraz dalğasının baş qaldırması müəyyən fikirlər yaradıb. Ekspertlərə görə, bu proses sadəcə Gürcüstanın daxili problemləri ilə bağlı deyil. Konkret olaraq, ölkə daxilində mövcud siyasi ziddiyyətlərdən kənar qüvvələr istifadə edib, gərginlik yaradır. Məqsəd də öz maraqlarına uyğun işlər görməkdən ibarətdir. Həmin sırada ilk olaraq İranla bağlı yaranmış vəziyyət qeyd edilir. Bununla yanaşı, Ermənistanda müşahidə edilən proseslərin məntiqini məhz həmin məsələ çərçivəsində izah etmək mümkündür. Belə görünür ki, Rusiya və ABŞ üçün Ermənistan İran məsələsində ən həssas məkan ola bilər. Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı atdığı addımlar da onun mövqeyinin qeyri-müəyyən olmasını ifadə edir. Bu, Ermənistanı asan təzyiq obyektinə çevirir. Nəticədə, Ermənistanın ziddiyyətli addımlar atdığı məlum olur. Bir tərəfdən, Ermənistanın xarici işlər naziri ABŞ-a sülh danışıqlarına gedir. Digər tərəfdən isə erməni silahlı qüvvələri Dağlıq Qarabağda hərbi təlim keçirlər. Bu kimi məqamların fonunda Ermənistanın region üçün hansı geosiyasi risklər yarada biləcəyi üzərində geniş dayanmağa ehtiyac görürük.

Cənubi Qafqazın riskli ölkəsi: Ermənistandan istifadə

Gürcüstanda baş verən toqquşmalar fonunda ekspertlər Ermənistanın Cənubi Qafqazdakı qeyri-konstruktiv mövqeyinin mümkün nəticələri haqqında proqnostik fikirlər ifadə etməkdədirlər. Çünki Ermənistan regionun geosiyasi sabitlik baxımından ən zəif və ziddiyyətli ölkəsidir. Nikol Paşinyan hakimiyyətə gələndən qeyri-müəyyənlik daha da artıb. Hələ də Ermənistan rəhbərliyinin dəqiq hansı geosiyasi xətti seçdiyi aydın deyil. Onun qonşu dövlətlərə istiqamətlənmiş siyasətinin məzmunu da risklərlə doludur.

Bir neçə gün əvvəl Rusiyanın Ermənistandakı səfiri Robert Koçaryanla görüşüb. Ondan sonra səfiri Ermənistan XİN-ə çağırıb, etiraz bildiriblər. Ona Rusiyanın Ermənistanın daxili işlərinə qarışdığını deyiblər. Belə çıxır ki, Ermənistan Kremlin R.Koçaryana siyasi dəstək verdiyini iddia edir. Əslində, Ermənistanın keçmiş Prezidentinin həbsdən çıxması N.Paşinyan üçün bir xəbərdarlıq idi. Səfirin əlavə olaraq R.Koçaryanla görüşməsi isə artıq konkret addımdır.

Bu addım Rusiyanın N.Paşinyandan narazı olmasının əlamətidir. Ekspertlərə görə, N.Paşinyan fəaliyyəti müddətində özünü nə tam qərbpərəst, nə də Rusiyaya sadiq siyasətçi kimi göstərə bilib. Yəni o, tərəddüd edib, gah bu, gah da digər tərəfə vəd verib. İndi Rusiya N.Paşinyana qəzəblidir, Amerika isə ona olan etibarını azaldıb. Hətta N.Paşinyanın daha qatı antirusiya mövqeli başqası ilə əvəz olunması haqqında söhbətlər gedir.

Rusiyanın R.Koçaryanla apardığı oyunlar isə göstərir ki, Kreml öz variantı üzərində aktiv işləyir. İndi, dünyanın iki güclü dövlətindən hansının çəkici Ermənistan rəhbərlərinin başına daha tez dəyəcəyi maraq doğurur. Ermənistan rəhbərliyi üçün vəziyyəti daha da mürəkkəbləşdirən məqam İranla bağlı situasiyanın faktiki olaraq müharibə mərhələsinə gəlməsidir. Ekspertlər əmindirlər ki, ABŞ nə vaxtsa İranı vuracaq. Bu zaman ona ətraf ölkələrdən istifadə etmək lazım olacaq. Azərbaycan qəti surətdə öz ərazisini kimsənin hərbi əməliyyatı üçün verməz. Türkiyənin İran məsələsində mövqeyi bəllidir. Qalır Gürcüstan və Ermənistan. Gürcüstan ABŞ-a yaxın ölkə olduğundan, onun hava limanlarından istifadə edə bilərlər. Görünür, Tbilisidə Rusiyaya qarşı təşkil edilən etirazlarda bu məqamın rolu vardır. Fürsətdən istifadə edib, amerikalılar Gürcüstana hərbi qüvvə yeridə bilərlər.

Bu məsələ bir qədər öncə qalxmışdı. Lakin Gürcüstan rəhbərliyi ABŞ hərbi hissəsinin ölkədə yerləşdirilməsinə razı olmadı. İndi Rusiyanın təzyiqlərinin artması fonunda özünümüdafiə adı altında ABŞ hərbi hissəsi Gürcüstana yeridilə bilər. Lakin bu ssenarini bilən Rusiya da cavab addımları ata bilər. Moskvanın cavablarından biri də Ermənistanla bağlıdır.

Ermənistan məsələsi amerikalılar üçün də İran problemi kontekstində əhəmiyyətlidir. Çünki Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostudur və orada Moskvanın güclü hərbi qruplaşması vardır. Kreml üçün onların sayını artırmaq problem deyil - kimsədən icazə almağa ehtiyac yoxdur. Deməli, faktiki olaraq Ermənistan Rusiyanın İrana yardım etməsi üçün əsas məkandır. Məhz bu tezisin işığında Ermənistandan yaxın zamanlarda nələrin baş verə biləcəyi maraqlıdır.

Təhlükəli oyun: müharibə başlasa...

Rusiya R.Koçaryanla əlaqələri daha da aktivləşdirməklə əslində "qara günə" hazırlaşır. Yəni əgər İran məsələsi kəskinləşsə, Kremlin çevik reaksiya üçün daha uyğun erməni hakimiyyətinə ehtiyacı olacaq. N.Paşinyanın sürüşkən və qeyri-müəyyən mövqeyinə arxayın olmaq risklidir. Mümkündür ki, onun nəzarət etdiyi erməni parlamenti Moskvanın istədiyi qərarı verməsin. Bu səbəbdən Moskva özünə daha uyğun olan siyasi fiquru Ermənistanda hakimiyyətə gətirməyi düşünə bilər. Bunun üçün ən yaxşı variant R.Koçaryandır. Çünki L.-T.Petrosyan bu məqsədə elə də uyğun deyil, S.Sarkisyan isə artıq xərclənmiş fiqurdur. Qalır R.Koçaryan.

Çətin vəziyyətdə olan R.Koçaryan yenidən hakimiyyətə gətirilsə, onda Kremlin qarşısında xeyli borclanacaq və ondan istənilən şeyi almaq mümkün olacaq. Ermənistan İran məsələsinə Rusiyanın var gücü ilə qarışa bilməsi üçün çox uyğundur. Həm siyasi yaxınlıq var, həm də İranla həmsərhəddir. Azərbaycanın işğal edilmiş əraziləri hesabına hazırda İranla ən çox sərhədi olan region ölkəsi Ermənistandır.

Bundan başqa, İran Ermənistana yardımlar edib. Hətta keçən əsrin 90-cı illərində İranı Ermənistan üçün "həyat yolu" adlandırırdılar. İndi bu borcu ödəməyin vaxtıdır. Belə çıxır ki, İran məsələsində Rusiya üçün müstəqil siyasət yeridən Azərbaycandan, Qərbə daha çox meylli olan Gürcüstandan çox, Ermənistan sərfəlidir. Lakin bu özəlliyi amerikalılar daha yaxşı anlayırlar.

Bu səbəbdən də ekspertlər hesab edirlər ki, ABŞ-ın da daha sərt, qətiyyətli və praktiki addım ata bilən siyasətçiyə ehtiyacı vardır. Vaşinqton da N.Paşinyanın bu aspektə görə dəyişdirilməsi üzərində düşünə bilər. Ancaq Ermənistanda belə bir alternativ mövcuddurmu? Demək çətindir, lakin Amerika Ermənistanda səfirlikdə boş yerə minlərlə çalışanını saxlamır. Düşünmək olmaz ki, ABŞ asanlıqla mövqeyini Rusiyaya verəcək. Onların savaşının gərgin olacağına şübhə yoxdur.

Bütün bunların fonunda Dağlıq Qarabağda Ermənistanın hərbi təlim keçirməsinin mənası nədən ibarətdir? Və ya orada kiçik qruplarla məşğələ təşkil edib, onu iri hərbi təlim kimi təqdim etmək hansı məqsədi güdə bilər? Burada iki aspektdə təbliğat məqsədi ola bilər. Əvvəla, Ermənistan cəmiyyətinə mesaj verə bilərlər ki, hələ də Dağlıq Qarabağda hərbi əzələ nümayiş etdirə bilirlər və işğal edilmiş ərazilərdən çıxmaq fikirləri yoxdur. Hətta mümkün müharibəyə hazırlaşırlar. Çünki Ermənistanın hərbi rəhbərliyi və siyasi dairələri bir neçə dəfə bəyan ediblər ki, müharibə qaçılmazdır. Azərbaycan mövqeyindən dönmür. Bu səbəbdən də erməniləri inandırmağa çalışırlar ki, Ermənistan müharibəyə ciddi hazırlaşır.

Bu cür təlimlərin başqa mənası rəsmi İrəvanın siyasi çəkişmələrə baxmayaraq, həmişə Qarabağdakı erməni separatçıları və terrorçuları ilə bir yerdə olduğunu nümayiş etdirmək ola bilər. Belə ki, son zamanlar N.Paşinyan Dağlıq Qarabağdakı xunta rejiminin başçıları ilə yola getmir. Onların dəyişdirilməsi haqqında söhbətlər dolaşır. Hətta artıq bəzi kadr dəyişikliklərinin aparıldığından bəhs edilir. Bu prosesin fonunda N.Paşinyanın satqın obrazı yaranır. Yəni o, müharibədə iştirak etmiş "cəsur erməni liderləri" sıradan çıxarır ki, torpaqları Azərbaycana versin. Keçirilən hərbi təlim isə guya rəsmi İrəvanın bu məqsəddə olmadığını göstərməlidir.

Bu ucuz şounun baş tutmayacağı göz önündədir. Çünki situasiya o dərəcədə aydındır ki, heç bir manevrlə reallığı gizlətmək mümkün deyil. Konkret desək, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir, vəssalam. Digər tərəfdən, rəsmi İrəvanın hərbi təlim hoqqası münaqişənin həlli ilə bağlı danışıqlara üstünlük verməkdən dəm vuran İrəvanın ikiüzlülüyünü bir daha ortaya qoyur.

Ona görə ki, Ermənistan bir tərəfdən daim danışıqlardan, hərbi əməliyyatların bərpa edilməməsindən bəhs edir, o biri tərəfdən də işğal ərazilərində geniş hərbi təlim keçirir. Bunlar bir-birinə uyğun gəlməyən addımlardır. Rəsmi Bakının tam haqqı vardır ki, həmsədrlərə sual etsin: "indi nə olacaq?"

Deməli, Ermənistan rəhbərliyinin münaqişənin həllində çox ziddiyyətli mövqe tutduğu aydın görünür. Həm regionun geosiyasi gələcəyi, həm də münaqişənin həlli perspektivləri baxımından bu durum risklidir. Onun aradan qaldırılması lazımdır. Bu kontekstdə böyük dövlətlərin bundan sonra Ermənistana yönəlik siyasətlərində hansı məqamlara üstünlük vərcəklərindən çox şey asılıdır. Onlar ancaq bu bağlılıqda yenilik etməklə vəziyyəti müsbətə doğru dəyişə bilərlər. Lakin həmin güclər bunu istəyirlərmi? Bu sualın cavabı hələ aydın deyil.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.