Siyasət

Əli Kərimlinin siyasi intiharı

24 Aprel 2019 13:42
Baxış: 2 054

Norveçdə və Finlyandiyada hələ də boyunlarında yoğun qızıl zəncir, barmaqlarında iri qaşlı üzüklər, sağ əlində kiçik "barsetka" çantası tutub dolaşanlar var. Onlar postsovet məkanı ölkələrindən olan "yeni vətəndaş"lardır. Mühacirlərdir.

Məkanı dəyişiblər, zaman da dəyişib, amma onlar dəyişməyiblər.

Bütün postsovet məkanı təki, Azərbaycanda da ən yeni tarixin formalaşdığı 1990-cı illərdə küçələrdən iş kabinetlərinə köç edən, amma həmin köçdə küçə ritorikasından və düşüncəsindən, davranış və mədəniyyətindən qurtula bilməyənlər indi yenidən küçələrə çıxırlar.

Siyasət küçəsinin yerli "saqqallı uşaq"ları arasında AXCP lideri Əli Kərimli xüsusi yer tutur.

Adındakı sözlərin artıq heç birinin fəaliyyəti ilə uzlaşmadığı partiyasına inqilabi dərnək və ya anarxosindikalist qrup qismində rəhbərlik edən Əli Kərimli özünü sanki yaşlanmış Çe Gevara ilə gənc Uinston Çörçilin simbiozu, hələ dəyərləndirlməmiş yerli Malkolm X hesab edir.

Halbuki durum göz qarşısında, Əli Kərimlinin oturumu da fəlakətli.

Azərbaycan Xalq Cəbhəsi Partiyası.... Sabiq AXC. Bir zamanlar bu təşkilatı quranların total əksəriyyətinin təəssüflə, ağrı ilə, acı və hiddətlə tərk etdiyi bir struktur.

Rəhbəri "Azərbaycan" kəlməsini söyləməyi çox sevir və onun Facebook səhifəsindəki paylaşımlarında, Skype vasitəsilə qatıldığı YouTube və sosial şəbəkə müsahibələrində həmin kəlmənin səslənmə intensivliyi verbal subyekt rekordları vurur.

Fəqət, Əli Kərimli üçün - bunu qətiyyətlə inkar etsə də - öz maraqları Azərbaycanın mənafelərindən həmişə üstün olub.

"Xalq" sözü də Əli Kərimlinin ritorikasında xüsusi yer tutur, amma AXCP sədri bu sözü ucuzlaşdırdığından üz tutduğu xalq onu anlamır, anlamaq da istəmir.

Axı xalqın istəyi ilə Əli Kərimlinin yazdıqları və gerçək əməlləri arasında çox dərin uçurumlar var. AXCP sədri sürəkli olaraq xalqa çağırışlar edir. Həmin çağırışlar mitinqə, yürüşə və ya etiraz aksiyasına səslənişlər üzərində kökləndiyindən siyasi mübarizəni, sadəcə, kollektiv və kütləvi etirazda görən bu qocalmış, yıpranmış "demokrat" səhvlərini görmür.

Anlamır ki, xalq nə narazı elektoratdır, nə sosial baza. Vətəndaşları, özü yazdığı və dediyi "milyonları" arxasınca aparmaq üçün Əli Kərimli lüğətini, davranışını, məcazlarını və siyasi təhkiyələrini, ya da xitab formatını dəyişməklə heç nəyə nail olası deyil. Şüur dəyişməlidi ilk əvvəl.

"Cəbhə"yə rəhbərlik etdiyini də vurğulayır. Halonki cəbhə nəyəsə və ya kiməsə qarşı mütəşəkkil, müsəlləh sipərdir. Orada cəmiyyətin bütün tabanları ilə qüvvələrini təmsil edən insanlar olmalıdır. Əli Kərimlinin yaxın ətrafındakı şəxslər isə hələ də siyasətin marginallaşmış ifasını dinləyir, az qala metafizikaya varan liderlərinin çağırışlarını islahatla inqilabın üzvi vəhdəti sayırlar. Cinahlarda duranlar da AXCP sədrinin sipəhsaları olduqlarından onlar eynən liderləri təki, təşkilatın sıravi üzvlərinin problemlərindən, maraqlarından və istəklərindən hədsiz uzaqlardadır.

Və son olaraq Əli Kərimlinin strukturunun partiya olub-olmaması. De-yure belədir: AXCP rəsmi qeydiyyatdan keçib, müxalifətin aparıcı qüvvəsi olduğunu iddia edir, üzvlərinin sayının statistikasını səsləndirir, funksionerləri müxtəlif aksiyalara qatılırlar, həbs olunurlar və s. Amma və lakin, AXCP klassik anlamda partiya deyil artıq. Məsələ heç də AXCP-nin qərargahının olmamasında deyil. Əsla.

Bu təşkilatın sıravi üzvləri arasında yetərincə ləyaqətli, vətənpərvər, savadlı, dəyərli insanlar var. Nə edəsən ki, həmin şəxslər sanki XX əsrin əvvəllərinin Avropasında olduğu kimi siyasəti alıb-vermək və ya verib, sonra gərəkli anda almaq bacarığı qismində anlayanları özlərinə siyasi lider, təşkilat rəhbəri hesab edirlər.

AXCP-ni partiya olmağa qoymayan, onun siyasi fəaliyyətinin adekvatlıq və konkretlik çəkisini artırmaq perspektivindən əz azı yaxın müddətə məhrum edən də bu məqamdır.

Əli Kərimlinin siyasi fəaliyyətinin zahiri ilə batini arasında kəskin fərqlər var. O, sosial şəbəkələrə köç etdiyindən bu addımını "hakimiyyət məni təqib edir" şüarçılığı ilə ört-basdır etməyə çalışır.

Partiya liderliyini bloqerliklə əvəzləyən AXCP sədri sanki pulsuz nifrət kursu açıb. Əslində, təəccüb olunası məsələ deyil: hədəf seçilmiş adamın, qüvvənin və ya təşkilatın uğursuzluğunu öz uğuru, uğurlarını isə öz uğursuzluğu kimi qəbul edənlər siyasətdə olduqlarını iddia edirlərsə, yalan danışırlar. Belələri özləri boyda natamamlıq və naümidlik sindromunun daşıyıcılarıdır.

Əli Kərimlinin özünə yaratdığı dünyasında iki rəng var: ağ və qara. Bu rənglər daosizmdəki İn və Yan, zərdüştilikdəki Xeyir və Şər deyillər. Hər şey daha ağır kliniki vəziyyətdədi.

AXCP sədrinin aləmində yalnız o və onu bəyənənlər Mütləq Ağ, onu qəbullanmayanlar və tənqid edənlərsə Mütləq Qaradır.

O, özünü Absolyut Xeyir sayır, amma aydındır ki, aləmindəki Şər, əslində, xeyirli nəsnəyə əl çatan kimi qanlara, qadalara rəvac verəcək. Və beləcə, Əli Kərimlinin dünyasındakı ağ, əslində, qara, qara isə - o, əsla qəbul etməsə də - ağdır.

Facebook profilində "daimi təqibçi" və ya "oxuyucu" statuslu on minlərlə insanın qarşısında virtual tribunasına çıxıb hər gün bir neçə paylaşım edən Əli Kərimli bu "status"ları vasitəsilə "xalqı oyandırmağa çalışır".

Halbuki, siyasi statussuzluğu Facebook statusları ilə əvəzləyən cənab bloqer unudur: deyilən söz yadigar ola bilər, amma tarix çox qəddardır - yadigarlar adətən muzeylərdə qalır.

Toz basmış anbarlarda, rəflərə yığılmış qutularda.

Ölkə siyasətinin anbarından çıxmaq, ideyalarını səndirləyən rəflərdən endirmək istəyən zati-möhtərəm cənab Əli bəy Kərimli, görəsən, gerçəkdənmi "özün rənglə" tipli kiçik, boz aləmini reallıq sayır?!

Belədirsə, təəssüf olsun AXCP-nin halına.

O məqam da var ki, Əli Kərimli gen-bol yararlanır: "Görürsünüzmü, ancaq məndən yazırlar, deməli, qorxurlar, çəkinirlər, müxalifətin gerçək lideri mənəm".

Belə deyil, çünki Viktor Hüqonun "Səfillər" romanının baş qəhrəmanları arasında Jan Valjanla bahəm, başqaları da vardı ki, adlarını çəkmək istəməzdim.

Yox, onlar Kozetta və ya Qavroş deyillər.

Əli Kərimlinin mübah bildiyi, amma əslində siyasət müstəvisinin kənarlarındakı plintusdan da aşağı səviyyədəki iddialara cavab vermək istəməm.

Ehtiyac da yox.

Sadəcə, bir para məqamlar var ki, onlar məşhur rus yazıçısı Maksim Peşkov demişkən (Əli Kərimlinin nəzərinə - o yazıçını bəlkə "Qorki" təxəllüsü ilə tanıyır), "faktlar yaman tərsdi".

Azərbaycanı yatanda da düşündüyünü, röyasında da siyasi problemləri həll etdiyini yazmasına çox az qalmış Əli Kərimlinin ailəsi Azərbaycanda deyil.

Ailəsini vətənindən üstün tutan adamın vətəndən bəhs etməsi ən azı, yumşaq desəm, inandırıcı təsir bağışlamır.

Əli Kərimlinin ritorikasında Dağlıq Qarabağ problematikası xüsusi yer tutur. Fəqət, o yer o qədər kiçik ki, torpaqlarımızı işğal edən, 1 milyon vətəndaşımızı didərgin salan düşməndən bəhs etməyə taqəti az qalan AXCP sədri vətənpərvərliyi sifarişli və təqvimli ura-patriotizmlə dəyişib.

Azərbaycana düşmən kəsilən qüvvələr və şəxslərdən AXCP sədri bir dəfə olsun məzmunlu, geniş bəhs etməyib. Edə də bilməz: hansı icraçı indiyədək sifarişçiyə asi çıxaraq pul verən əli geri qaytarıb ki...

Bu səbəbdən də AXCP sədri özü, xisləti, məramı və niyyəti çirkin olan xarici təşkilatlardan, fondlardan yardımlardan boyun qaçırmır.

Əli Kərimli həm də ölkə müxalifətində "əbədi İuda" kimi tanınır. O, Əbülfəz Elçibəyə xəyanətdə, AXCP-ni parçalamaqda suçlanır sürəkli.

Və bu ittihamlara hələ də adekvat cavab verə bilməyib.

Yalan, böhtan, absurd iddialar, çılğın çağırışlar siyasət deyil.

Biri bunu AXCP sədrinə anlatsın, lütfən.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.