Siyasət

Mübariz Qurbanlı: "Türkiyənin sərhədləri açması erməni işğalına bəraət qazandırmaq olardı"

6 Aprel 2010 15:07
Baxış: 212
Milli.Az-ın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı YAP-ın rəsmi saytına verdiyi açıqlamada bildirib ki, Türkiyənin baş naziri Ərdoğanın ABŞ-a səfəri məsələsi olduqca əhəmiyyətlidir.

"Konqresin alt komitəsində qondarma "erməni soyqırımı" haqqında qərar qəbul edildikdən sonra Türkiyə səfirini Vaşinqtondan geri çağırmışdı, ABŞ-la münasibətlərində bir sıra məsələlər vardı ki, onların ciddi müzakirəsinə ehtiyac yaranmışdı. Türkiyə hökuməti ABŞ Konqresindəki müzakirələrə qəti etirazını bildirmişdi və bu məsələdə Azərbaycan hökuməti də Türkiyəyə çox ciddi dəstək vermişdi. Cənab Ərdoğanın ABŞ-a səfəri yaranmış münasibətlərdəki gərginlik fonunda çox vacibdir. Bilirsiniz ki, R.T.Ərdoğanın əvvəlcə Amerikaya səfərə getməyəcəyi deyilirdi. Amma reallıq budur ki, bu səfər olacaqdır və səfər zamanı bir sıra məsələlər, o cümlədən nüvə təhlükəsizliyi, həmçinin ABŞ-Türkiyə münasibətləri müzakirə olunacaq. Eyni zamanda, Dağlıq Qarabağ məsələsi də ətraflı müzakirə ediləcək"- deyə o, bildirib.

M.Qurbanlının sözlərinə görə, bu gün ABŞ-da hələ də elə qüvvələr var ki, onlar Ermənistanla Türkiyə sərhədlərinin açılmasını bölgədə yaranmış gərginliyin aradan qaldırılması üçün vasitə hesab edirlər. "Ancaq bu yanlış yanaşmadır. Çünki Türkiyə sərhədləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsinə görə bağlayıb. Dəqiq desək, Kəlbəcər rayonunun işğalından sonra Türkiyə birtərəfli qaydada Ermənistanla sərhədlərini qapadığını bəyan edib. Bu səbəb aradan qalxmadığı təqdirdə Türkiyənin sərhədləri açması birbaşa erməni işğalına bəraət qazandırmaq olardı"- deyə qeyd edib.

Millət vəkili bildirib ki,  ABŞ-da sərhədlər açılarsa Türkiyə-Ermənistan arasında isti münasibətlərin  formalaşacağını düşünürlər. "Guya Ermənistan tərəfi Qarabağ danışıqlarında daha konstruktiv mövqedən çıxış edər və Qarabağ problemi də həll edilmiş olar. Amma həmin dairələr ya erməni siyasətinə bələd deyillər, ya da sadəcə bu variantla Türkiyənin sərhədləri açmasına nail olmaq istəyirlər. Türkiyə sərhədləri açarsa, bu əslində Qarabağ probleminin həllinə yardım etməyəcək. Əksinə, Qarabağ məsələsi ilə əlaqədar aparılan danışıqlarda ermənilərin daha da sərtləşməsinə gətirib çıxaracaq. Ona görə də, sərhədlərin açılması məsələsində Azərbaycan öz mövqeyini Türkiyəyə çatdırıb. İctimai rəy də bütövlükdə sərhədlərin açalmasının əleyhinədir. Türkiyə parlamentində millət vəkillərinin böyük əksəriyyəti bu fikri dəstəkləyir və sərhədlərin açılmasının yanlış olduğunu bildirməkdədir"- deyə millət vəkili vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.