Siyasət

Bakıdan Paşinyana rəsmi cavab - Ermənistanın rəhbərliyi odla oynamaqda davam edir

15 Sentyabr 2018 13:59
Baxış: 1 819

Ölkə daxilində ciddi problemlərlə və hakimiyyət davası ilə üzləşən Ermənistanın rəhbərliyi siyasi demaqogiya və hərbi təxribatlara əl ataraq, odla oynamaqda davam edir və vəziyyətin qəsdən gərginləşdirilməsinə çalışır".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib. Onun Milli.Az-a daxil olan açıqlamasında deyilir:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribatlar törədib. Ermənistan-Azərbaycan sərhədi boyunca Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqeləri və dinc sakinlər ağır silahlardan atəşə tutulub, sakinlərin əmlakına və mülki infrastruktura ziyan vurulub.

Mənəvi və beynəlxalq humanitar hüquq normalarına ziddi şəkildə mülki insanların və obyektlərin qəsdən hədəfə alınması Ermənistan silahlı qüvvələri üçün ənənəvi xarakter daşıyır və asimmetrik taktika olaraq döyüş hazırlığının tərkibinə daxil edilib. 2016-cı ilin aprelində də Ermənistanın qəsdən və hədəflənmiş şəkildə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutması vəziyyətin gərginləşməsinə və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri tərəfindən əks-həmlə tədbirlərinin görülməsinə səbəb oldu.

Ölkə daxilində ciddi problemlərlə və hakimiyyət davası ilə üzləşən Ermənistanın rəhbərliyi siyasi demaqogiya və hərbi təxribatlara əl ataraq, odla oynamaqda davam edir və vəziyyətin qəsdən gərginləşdirilməsinə çalışır. Ermənistan silahlı qüvvələrinin siralarında olan "keçmiş qvardiyaçılar" da vəziyyətin gərginləşdirilməsi üçün təhrikçi rol oynamaqda davam edirlər.

Ermənistan rəhbərliyi nəhayət reallığı dərk etməlidir ki, Azərbaycan vəziyyətin daim bugünkü formada davam etməsinə heç vaxt imkan verməyəcək.

Azərbaycanın BMT Nizamnaməsi əsasında ayrılmaz hüquqlarında istifadə edərək atmalı olacağı addımların məsuliyyəti isə tam şəkildə Ermənistanın üzərinə düşəcək".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son bəyanatlarında "Dağlıq Qarabağ respublikası" gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır", "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" kimi fikirlər səsləndirib və Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu, bu məsələdə heç bir güzəştə gedilməyəcəyini bildirib.

İlkin İzzət
Milli.Az    

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.