"Söyüş hücumu"nun təşkilatçıları: onları tanıyın
Sosial şəbəkələrdə son aylar hədsiz fəallaşan, siyasətdə piyada olsalar da, söyüş və təhqirlərdə süvarilərə çevrildiklərini düşünən şəxslərin aktivliyi səngimir. Onlar az qala hər gün yazılı və vizual müraciətlərini paylaşır, sosial şəbəkələrdə onlayn "buraxılış"lar təşkil edir, Azərbaycanı "Avropada başlamış virtual inqilab"la təhdid edirlər.
Özlərini "siyasi mühacir, siyasi fəal və bloqer" adlandıranların kim olduqları bəlli.
Bir xeyli vaxt onların arxasında duranların da kimliyi ilə bağlı müzakirələr aparıldı.
Halbuki bu siyasi fəal növünün bloqer fəslindən olan təkamül vahidlərinin kimlər tərəfindən, necə və niyə maliyyələşdirildiyini onların bahar fəallaşmasının ilkin dönəmində yazmışdıq.
Ərz etmişdik ki, Hollandiya, Almaniya, Fransa, Norveç küçələrini dolaşan, başqa əlin olmadığını iddia edib özlərinə əl qatan və andı anda calayıb yalançıya söyüş qoyan zatlar kimsədən pul almadıqlarını iddia edirdilər.

Andın qəsəmə bağlandığı, səmimi kimi şəbəkələrə sırınan etiraflar inandırıcı təsir bağışlamırdı. Çünki Avropada mühacir həyatının nə olduğunu bilməyənlərə hesablanmışdı yalanlar.
Bilənlərsə anlayırdılar ki, Avropa taxtasının Azərbaycan daşından bərk olduğuna and içənlərin qəsəmləri saxtadır.
Çünki mühacirlik yenidən doğulmaq təkidir: insan vətənində yaşadığı həyatını elə vətənində qoyub özünə yeni vətən çevrilməsi üçün yalvardığı, ev qurmaq üçün sığındığı ölkədə hədsiz çətinliklərlə üzləşir.
Üzləşmə o qədər ağır olur ki, ən az maaşlı iş tapanda, insanın orada yaşayan insan olduğunu təsdiqləyən sənəd veriləndə sevincin həddi olmur.
Siyasi qaçqın statusu alında bəxtəvərliyin sonu görünməsə də, o son maddi ehtiyaclar və sıxıntılar gürzü altından palçıq vulkanı kimi fışqırır.
Siyasir mühacir olasan, əlində smartfon küçələri dolaşasan, gününün çox yox, yarım saatını "siyasi mübarizə"yə həsr edəsən?
Bunun necə illüziya olduğunu Avropaya sığınmış miqrantlardan soruşun, onlar da çox ahəstə şəkildə, sadə kəlmələrlə başa salsınlar.
Baş o kəlmələri qəbul etmirsə, onda o başın olduğu vücud demək ki, "Ey mənim gözəl xalqım" kəlmələri ilə başlanan vaysınmaya layiq insandır.
Demək ki, Avropada cəsarətlənib onu dinləyənlərin cəsarətsizliyinə işarə vuranlara inanan fərddir.
Belədirsə, "siyasi bloqer"lərin çox qısa zamanda tanınması təəccüblüdürmü?
Yox. Lütfən, "Fi, onlar kimdir ki?!" deməyək.
Onlar aldıqları tapşırıqları kamera qarşısındakı canları və əmrləri diqqətlə dinləyən başları ilə yerinə yetirirlər.
Sifarişçilər isə ermənilər deyil və "onları erməni lobbisi maliyyələşdirir" də söyləməyək.

Kampaniyanın maliyyələşdirənlər Azərbaycanla bağlı qeyri-obyektiv, saxta mövqeləri ilə həmişə fərqlənmiş bir neçə beynəlxalq təşkilat, eyni zamanda sabiq baş nazir müavini Abbas Abbasov və elə o qədər də sabiq Hüseyn Abdullayevdir.
"Söyüş bloqer"lərinin birbaşa idarəetməsi "hüquq müdafiəçisi" Leyla Yunusla keçmiş Azərbaycan Beynəlxalq Universitetinin Fransaya keçmiş rektoru Elşad Abdullayevə həvalə olunub.
İnformatik-media dəstəyi isə həmişə olduğu kimi, Meydan TV və Obyektiv TV-nin kurasiyasındadır.
Təşkilatçılar isə BMT-dən tutmuş ATƏT-ə və ən fərqli beynəlxalq təşkilatlarda Azərbaycana "davranışdan qeyri-kafi" verməyə pərgar olanlar - hələ o davranışın suçlanan əməli yoxsa belə - qurumlar, fondlar, komissiyalar və daha nələrdən ibarət prosedur yığınıdır.
Kampaniya dünən, yaxud ötən həftə başlanmayıb.
Yaşananlar ölkəmizə qarşı düşünülmüş, çoxsaylı təhlillərdən keçirilmiş prosesin tərkib hissəsidir və söyənlər "virtual inqilab" ifadəsini boşuna işlətmirlər.
Söyənlərlə işimiz yox - onlar maskalarını çoxdan çıxarıb kənara atıblar.
Sifarişçilər, icraçılar, ideoloqlar - bir sözlə, məzhəkə teatrının bütün personajları məlumdursa, bilavasitə Avropada olan soydaşlarımız niyə susurlar?
Hanı çoxsaylı diaspor təşkilatları, səfirlik əməkdaşları, siyasətçilər, ictimai xadimlər ki, Azərbaycanla bağlı fəaliyyəti yalnız anım və ildönümlərdə bir araya toplanıb konqres, iclas, tədbir yapmaq kimi düşünürlər?!
Azərbaycanın maraqlarını hifz etmək, qorumaq, xalqın və dövlətin mənafeyinin keşikçisi olmaq trafaret şüarlar söyləyib ütülü çıxışlar etmək, dekabrın 31-də və ya martın 21-də şəkillər çəkdirib pozalar vermək deyil.
Hanı Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr ki, siyasəti örüş yerinə döndərməyə başlamış söyüşkənlərin elə o nifrinlər və təhqirlərin səsləndiyi məkanda arqumentli, sivil, rasional cavabını vermirlər?
Olmaya onların smartfonları yoxdur, sosial şəbəkələrdə akkauntsuz olacaq qədər təvazökar abid həyatı sürürlər?!

Səfirlik əməkdaşlarımız nə üçün çalışdıqları ölkələrin uyğun dövlət qurumlarının elektron poçtlarının qapısını məktubla döyüb yazmırlar, sonra da canlarına cəfa verib o qurumların binalarına gedib məmurlara demirlər ki, ay dili-qafillər, ölkənizə sığınanlar, əslində, söyüşə və radikallığa sığınıblar. Onlar İŞİD təki adam başı kəsməklə hədələmirlər - ölkənin başını kəsəcəyini şəstlə söyləyirlər.
Avropa ölkələrini də suçlamayın: o söyüşkən bloqerlər təki əlinə smartfon alıb küçələri dolaşanlar Fransada, ya Hollandiyada yüz minlərlə, milyonlarladır.
Avropadakı polislər o kəslərin selfi çəkdiklərini, yaxud da "Haydı, ələ-ələ verək, gedək dövlət çevrilişi yapaq!" tipli çığırışlar etdiyini bilmirlər.
Bunu başa salan olmalıdır.
"Qərbdə azadlıqdır, istənilən şəxs sosial şəbəkələrdə istədiyini deyə bilər, YouTub-da siyaçətçiləri və dövlət məmurlarını təhqir də edə bilər" deyənlərsə yanılır.
Məsələn, 2012-ci ildə ABŞ-ın Arizona ştatında polis əməkdaşı Pet Şerar o dönəmdəki prezident Barak Obamanı Facebook-da təhqir etmişdi. Şerar işdən çıxarıldı və azadlıqdan məhrum edildi.
2013-cü ilin mayında Şimali Karolinada 22 yaşlı Donte Jamar Sims dövlət başçısını sosial şəbəkələrdə təhqir etdiyinə görə 6 ay müddətinə həbsxanaya salındı.
26 yaşlı alabamalı işsiz Carvis Britton Twitter-dəki profilimndə "Obama diktatordur, devrilməlidir, zəhərlənməlidir" yazdığına görə 1 il müddətinə həbs aldı.
2015-ci ildə Las-Veqas sakini Pol Ponteks, Nyu-York sakini Brendon Korrea, 61 yaşlı oreqonlu Con Martin Ross "mövcud hakimiyyətə, dövlət rəhbərlərinə qarşı təhdid"lərə görə həbs olunmuşdular.
Avropa Birliyində və "breksit"lə bu birlikdən ayrılmış Britaniyada da eyni mənzərədir.
Yəni "cəzasızlıq mühitindən istifadə edib söyürlər" kimi arqumentlər də əsassızdır. Sadəcə, söyüş və təhqir ifrazı ilə məşğul olan "bloqer"lər Avropa ölkələrinin hüquq-mühafizə orqanlarını maraqlandırmır.

Bunun yeganə səbəbi var: onlar Azərbaycan dilində danışırlar və söyüşlər də Azərbaycandakı auditoriya üçün nəzərdə tutulub.
Gərçi o söyüşkənlər, gerçəkdən də, cəsarətlidirlərsə, belə eksperiment təklif edirəm: növbəti çıxışlarını yaşadıqları ölkənin rəsmi dövlət dilində paylaşsınlar.
Avropa ölkələrindəki soydaşlarıma isə sualım var - bəs siz niyə susursunuz?!
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
ÇL: “Real” PSV-ni darmadağın etdi - Nəticələr
-
Bankomatlardakı "Sil" və "İmtina" düymələri arasındakı fərq açıqlandı
-
İzmir küftəsini qurutmadan bişirməyin sirləri
-
Dörd bürcü maliyyə uğuru gözləyir
-
Limonların ömrünü uzadan saxlama üsulları
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi





