Siyasət

Uçurumdakı HAYasızlıq: yardımlarla yara sağalar?

3 Avqust 2011 08:00
Baxış: 420

"Cənab MakKinzi, onlara yardım etməyin heç bir mənası yoxdur. Çünki onları kimsə tanımır və buna görə də lütfən, pullarımızı boş yerə sərf etməyək" ("Dəmir daban", Cek London)

Bu gün ABŞ Senatının xarici maliyyə ayırmaları komitəsində Türkiyə və Qafqazla bağlı dinləmələr davam etdiriləcək. Dünən başlanmış dinləmələrin əsas müzakirə mövzusu Birləşmiş Ştatların Türkiyəyə yeni səfiri Frensis Rikkardonenin namizədliyinin götür-qoy olunmasıdır.

Rikkardoneni həmin vəzifəyə ABŞ prezidenti Barak Obama təyin edib. Lakin ermənipərəst konqresmenlər və senator bu təyinata qarşı çıxıb, Birləşmiş Ştatlardakı ermənilərin ən nüfuzlu lobbi təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) isə senatorları təyinata yol verməməyə çağırıb.

Bu gün senatorlar gələn il üçün hesablanmış xarici maliyyə yardımlarını müzakirə edəcəklər. Bir qədər əvvəl Senatın alt komitəsi Ermənistana ayrılması nəzərdə tutulmuş 60 milyon dollarlıq məbləği 40 milyon dollara qədər azaldıb.

Üstəlik, ABŞ Dövlət Departamentinin maliyyə yardımları ayıracağı məkanlar arasında bu dəfə Dağlıq Qarabağ yoxdur.

Ermənipərəst konqresmenlər və senatorlar indi rəsmi Yerevana ünvanlanmış yardımların məbləğini artırmaq, bu minvalla Dağlıq Qarabağa pulların verilməsinə nail olmaq və ən başlıcası, Azərbaycana hər hansı formada maliyyə yardımlarının ünvanlanmasına mane olmağa çalışırlar.

Birləşmiş Ştatlardakı ermənilərin təşvişi əbəs deyil. Prezident Serj Sarkisyanın yarıtmaz siyasəti, hakimiyyətin istisnasız olaraq bütün sahələrdəki qərarlarının və davranışının ölkəni kollapsa sürükləməsi, sosial-iqtisadi vəziyyət və maliyyə durumunun bərbad halda olması, işsizlik və mühacirətin sürətlə artımı Ermənistanın bugünkü reallıqlarıdır.

Ölkə müxalifəti Sarkisyan rejiminin oliqopoliyaya və banditlərin hakimiyyətinə çevrildiyini Qərbdən Yerevana getmiş rəsmi şəxslər, diplomatlar, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri və təmsilçiləri ilə görüşlərində dəfələrlə desələr də, hələlik heç bir nəticə hasil olmayıb. Deyəsən, ABŞ və Avropa Birliyinin rəsmiləri rəqəmlərə belə, inanmaq istəmir, Ermənistandakı situasiyanın qismən normal olduğunu düşünürlər...

Halbuki Ermənistanın özündəki dövlət qurumları iqtisadiyyatın vəziyyətinin qeyri-qənaətbəxşlik səviyyəsindən çoxdan çıxdığını etiraf edirlər.

Ermənistan Milli Statistika Xidmətinin qiymətlərin statistikası və beynəlxalq müqayisə şöbəsinin rəhbəri Qurgen Martirosyan dünən Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin yanvar-iyul aylarında ölkədəki inflyasiya 9,4 faiz təşkil edib. Qiymət artımı və bahalaşma isə ümumilikdə 15,4 faizə bərabər olub. Həmin dövrdə, yəni ilin əvvəlindən bəri maaşların artımı isə 4,9 faiz təşkil edib.

Bu, rəsmi qurumun, daha doğrusu, statistika ilə bağlı rəsmən istinad ediləcək yeganə strukturun nümayəndəsinin etiraflarıdır.

Lakin hələ İlf və Petrovun statistikanın hər şeyi hesabladığını, amma "istəniləndə yalan danışdığını" yazdıqlarını xatırlasaq, habelə Ermənistanın mövcud iqtidarının patoloji yalançılığı adətə çevirdiyini nəzərə alsaq, həmin rəqəmlərə etibar xeyli azalır. Üstəlik, Yerevan İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertlərinin son hesabatında bildirilir ki, ötən illə müqayisədə indi Ermənistandakı istehlak qiymətlərinin tam əksəriyyətində az qala ikiqat artım müşahidə olunur.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində erməni ailələri ilə qondarma "strukturlar"ın Yerevandan ayrılan ianələr hesabına yaşadıqlarını, fəaliyyət göstərdiklərini də xatırlasaq, ermənilərin halına acımamaq olmur.

Onlar üçün indi istənilən yardım, istənilən məbləğdə maliyyə vəsaiti qənimət olduğundan ABŞ Dövlət Departamentinin illik maliyyə ayırmaları uğrunda belə dava düşüb.

Eyni zamanda, amerikalıların yardımları sırf siyasi jest sayıldığından Ermənistan bütün rıçaqları, o cümlədən, xarici ölkələrdəki erməni icmalarının diaspor təşkilatlarının lobbinq imkanlarını işə salaraq gələn il də pulsuz qalmamağa çalışırlar.

Amerikalı senator və konqresmenlərin dilətutma əməliyyatının belə qətiyyət, inad və hirslə davam etdirilməsinin digər səbəbi isə Ermənistan prezidenti Serj Sarkisyanın düşdüyü vəziyyətdir.

Onun de-yure idarə etdiyi ölkə 2012-ci ildə keçiriləcək parlament seçkilərinə qədər konstitusion çevriliş vəziyyətində qalasıdır.

Bir şərtlə ki, Sarkisyan həmin çevrilişi volüntarist diktatura formatında həll etməyə çalışaraq növbədənkənar parlament seçkiləri vasitəsilə ali qanunverici orqanın heyətini özünə uyğun şəkildə formalaşdırmağa çalışmasın.

Sarkisyan isə mütləq şəkildə belə addım atasıdır, çünki onun başqa çıxış yolu qalmayıb.

Hakimiyyətdəki Respublika, "Çiçəklənən Ermənistan" və "Orinas Yerkir" partiyalarından ibarət koalisiya ilə Ermənistan Milli Konqresinin təmsil etdiyi radikal müxalifət arasındakı danışıqların mövcud formatı da bunu təsdiqləyir.

Ermənistan Konstitusiyası ilə nəzərdə tutulmuş bütün ictimai təşkilatlardan və institutlardan, o cümlədən, parlamentdən yan keçməklə, iqtidarla müxalifətin qarşılıqlı razılığı ilə - qeyri-rəsmi olsa belə - danışıqlar aparılır və xüsusi qrup yaradılır.

Həmin qrup isə praktiki olaraq siyasi qərarlar qəbul etmək səlahiyyətlərinə malikdir. İşin biabırçılığına bax ki, hakimiyyət koalisiyası istənilən məsələlərlə bağlı dialoqa hazırlığını bəyan edir, amma bunu parlamentdə söyləmir.

Halbuki normal ölkələrdə belə məsələlərin həlli zamanı müxalifətin aparıcı qüvvələri parlamentə dəvət olunur, orada bütün məsələlərə cavab tapmaq üçün müzakirələr aparılır.

Ermənistan prezidenti Serj Sarkisyanın komandası ilə iqtidarın indi müxalifətlə guya danışıqlar aparmasının formatı isə Konstitusiyada yoxdur. Amma nə olsun - Sarkisyan dedisə, Konstitusiya unudula bilər.

Məhz bu səbəbdən Ermənistan hələlik mülayim konstitusion çevriliş vəziyyətindədir.

ABŞ Dövlət Departamentinin ayırdığı yardımların həcmi lap fantastik həddə çatsa belə, Ermənistanın indiki problemlərini həll edəsi deyil.

Çünki rəsmi Yerevan bir neçə ağanın nökərinə çevrildiyindən, bir tərəfin yardımları mütləq şəkildə qarşı tərəfi qıcıqlandırasıdır.

Sarkisyan komandasının az sonra qarşılaşacağı problemləri həll etmək üçün hansı addımlar atacağını təxminləməyin özü belə, maraqlıdır.

Novruz Sultanov

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.